Skip to main content

Son Çarə..

     Qızım, Ağıllı ol. Bax, Anan deyənə qulaq as.
-    - Ay qız, Ayağına qədər gəlmiş bəxti niyə ayağınla itəliyirsən ha?! Bundan yaxşısı mı olacaq? Bəlkə bir istədiyin zadın var? Varsa de ha bilək indidən.
-    - Gözəl balam, inadı burax. Yaşın keçir. Bu gün sabah 22 yaşın olacaq. Nə istiyirsən? Evdə üstümə qalasan?! Dədənin ürəyi zəifdi bir də Sənin dərdini çəkməsin. Bacıların 17 yaşda getmişdiye, Sən Şükür elə o məktəbdə oxumağa imkan verdik Sənə! Dədən vermək istiyir, Sən biveclik eliyəcəksən? Geyimini alır, yeməyini verir, Şükür Allaha bu günə kimi başımızı soxacaq damımız var, hələ məktəbi d oxutdu Sənə, Nə qudurmusan, Gedəcəksən! Qələt edirsən, nəkarəsən ki..

Az işıqlanmış otaqda qapının arxasında qürurunun əsarətində olan Ata təmkinlə içəridən gələn səsləri danışırdı. İki gün əvvəl iş yoldaşı 10 illik dulluqdan sonra evlənmək qərarı vermışdı. Ata yox deyə bilmirdi. Işlətdikləri çörək zavodunun əsl sahibi Abdulla bəy idi. Atası nə qədər Abdullanı xoşlamasa da, işinə görə Abdullanın bir dediyini iki edə bilmirdi. Abdulla bədənində balkon varmış kimi qarnı olan, bığıburma, kvadrat başı olan, gicgahından çənəsinə kimi gedən çapıqlı biriydi. Deyirdi ki, müharibə vaxtı üzüzə döyüşdüyü Alman əsgərinin süngüsü vurmuşdu bu çapığı. Amma bəzi kəndçilər deyirdi ki, Abdulla bu yekəqarnını əslində orda Aşbaz işlədiyi vaxtlar ancaq oturub kartof soymaqdan qazanmışdı. Çapığısa yaxşı bişirmədiyi üçün bir Çeçen zabit ona hədiyyə etmişdi.

 Nadir Kişi Qızını belə birinə vermək istəməzdi əlbəttə. Qızını oxutmuşdu, heç olmasa nəsllərindən bir qızı oxumuş olsun istədi. Amma qismət. Bütün pul məsələsi Abdullaya olan borcuna bağlıydı. Qızını versə,borc silinəcəkdi.
-        -  Ay qız, nə gözünün suyunu tökürsən axı?! ərin olacaq, Abdullanın evi də, Maşallah İmarət kimidi.
-   Mən İmarət istəmirəm! Bəs niyə oxudum mən?! Həkimliyi bununçün oxuyurdum?
-            -  Səsini sal aşağı görüm! Dədən eşidər. Az nə oxumaq?! Bu kənddə hansı qız oxuyub bir gün görüb ki? Onsuz da axırda ərə gedib uşaq döğub evdə qaxılıb qalacaqsan.
-           -  Ana.. Axı mən onu sevmirəm..
-          -   Sevmirəm, sevmirəm.. Başın xarab olub e. Mən dədəni sevmişdim ki? Evlən sora sevərsən, başın havalıdı hələ də. Evin, eşiyin, uşağın, ərin yanında olsun, sevərsən. Ağlamağı kəs, Abdullanın göndərdiyi hədiyyələri görmüsən? Gəl grüm mənim ağıllı qızım..

Fatimə Ana bu cür insan idi. Fikrini yeritmək üçün hər üsula əl atırdı. Gah birdən çımxırır, günahlandırır, minnət qoyur, ani sakitləşib həlim danışırdı qızıyla. 3 qızı bu cür 17-18 yaşda ərə vermişdi. Axrıncı qızı Mahrux O birilərindən daha çılğın idi. İstədiyinin ardınca gedən istədiyini qazanan idi. Atası onu daha çox sevirdi. Ola bilməyən oğlu kimiydi Mahrux. Tibbi oxumuşdu qızı. Arzuları böyük idi. Kənddə  həkimlik oxumuş ilk qadın  olacaqdı. Amma Abdulla.. bu donqar burunlu kişiylə özünü bir təsəvvür edə bilmirdi. Hardasa atasıyla yaşıd idi. Kişinin gözlərinin içində rişxəndlə parıldayan parıltı vardı. Kül kimi açıq rəngli gözləri əsl canavar kimi baxırdı. Insanı bir zərbəylə parçalaya biləcəkmiş kimi.. Mahrux qorxurdu o gözlərdən.

Qonaq otağında anasıyla atası əmisigillə oturub söhbət edirdilər. Mahrux qapıya yaxın dizlərini qarnına sıxıb dizlərini qucaqlamışdı.
-         -  Hə, Fikrət qardaş, Bu qızı da verək inşAllah. Bütün uşaqları yerbəyer edib ikimiz qalacıyıq evdə. Başqa dərdimiz olmaz ki ta. Uşaqlar evlərində, ərləri yanında , bundan o yana xoşbəxtlik olmaz ki.
-             - Hə hə, Fatimə bacı. Biz də inşAllah oğlanı evləndirək canımız rahatliyacaq.

Mahrux anlamırdı. Həqiqətən Anasının xoşbəxtlik anlayışı buydu? Bütün uşaqlar evləndikdən sonra oturub bir birinə baxıb “Hə, Bəy Çox xoşbəxtik hə? 3 qızımız adam üzü görməmiş ərə gedib, yaşıdları məktəb oxuyanda Ana oldular, axrıncını da Sənlə yaşıd kişinin evinə girov kimi vermişik, çox xoşbəxtik” deyəcəkdi?! Bəs onun istəklərini bir dinləyib qulaq asan olacaqdı mı? O öz istdiyi kimi yaşamaq, hər gün Səhər tezdən oyanıb işə vaxtından tez yollanmaq, yol üstü dəniz qırağından keçib Günəşin yüksəlməsiylə yayılan işılı Şəfəq parıltısının dəniz mavisiyla necə qovuşmasını izləmək istəyirdi. Bu kənddən uzaq Şəhərin gözəlliyinə qovuşmaq istəyirdi. Amma bunlar onun xəyallarıydı sadəcə. Özünə aid olan, özünün bildiyi. Onu dinləyən kim ki?!

Qonşu otaqdan Anasıyla atası pıçıldaşırdı. Deyəsən Əmi artıq getmişdi.
-          Qızının başına ağıl qoy. Abdulla gözləmək istəmir.
-        -   A kişi, mən qarabəxt neyniyim axı? Özün ərköyünləşdirmisən də. Vaxtında qoymadın o birilər kimi bir – iki kötək yeyərdi, indi mum kimi olardı.
-           -    Kəs səsini. Barmağını da toxundurma qıza. Yekə qızdı.
-       -   Get onda özün danış. Məni dinləmir. Oturub bütün gün ağlıyır, bir söz də deməli deyil. O dəqiqə “sevmirəm, sevmirəm”. Get qızına sahib çıx , ağıl ver.
-          -       Estafurullah.. Səbr, ya Rəb..

  Nadir kişi yavaş addımlarla qızının otağına girdi. Mahrux bu addımların ağırlığında deyəcəklərinin hiss edirdi. Atası sakit gedişli sözlər deyər, birdən coşar kükrəyərdi həmişə.
-    - Mahrux, nolub nə gözünün suyu tökürsən, -  deyə üzünü dodaqlarını büzüşdürdü.
-          -     Gözünü sil, Səni Abdullaya verəcəm. Etirazın var.

Deyişindən anlamaq olmurdu sual mı verir, mühakimə mi edir. Mahrux günahkar baxışlarını atasının üzünə dikə bilmədi. Baxışlarını atasının boynuna kimi qaldırdı. Nəsə demək istədi, amma hıçqırtı içində sinəsindən ah qopdu sadəcə.
-         -  Səndən də soruşaq düşündük. Sonra demə ki, məni məcbur etdiz. Atan anan sənin pisliyini istəməz ki. Bəsdi ağlama day. Nəsə sözün var?
-          -  Ata.. Mən istəmirəm.. Mən.. Mən.. Oxumağımı bitirmək, işləmək istəy..
-    -  Oxudun bəsindi! Sən nə karəsən mən verəndən sonra artıq əskik nəsə deyəsən.oxudun 3 il bəsindi, həvəsin ürəyində qalmasın dedik, göndərdik. Səni Abdullaya verəcəm!
-          -  ....
-          - Ağıllı qızım. Dur, dur, üz gözünü yu, bir çay dəmlə, içək.

Nadir bu cür idi. əsər kükrəyər, sonda heçnə olmamış kimi çaya göndərəcək qədər laqeyd olardı. Otaqdan çıxanda sanki “çaya limon at” deyən kimi:
-          - Sabah üzüklər taxılacaq, - dedi..
Səhər açılanda ev bir-birinə dəydi. Fatimə həyət-bacanı təmizləyir, qonşu kənddəki gəlin qızlarını gözləyirdi. Mahruxu otağından çıxara bilmədi. Üstünə qışqırıb, sonra şirin şirin hazırlaşması üçün dilə tutdu. Sonra Nadiri qızın üstünə yolladı, Nadir hirslənib ilk dəfə qıza sillə vurdu. Mahrux heyrətdən böyümüş gözlərlə Atasına baxdı. Qərarını verdi nəhayət..


Abdulla qohumlarıyla birlikdə bəzənib cavan oğlan kimi kostyum geyinib Qapının ağzında Nadirlə görüşürdü. Hamı bir yerdə evə girdi. Nişan üzükləri taxılsın deyə Mahruxun qapısını aşıb Abdullanı ilk öncə otağa girməsi üçün yol verdi. Fatimə arxada dil boğaza qoymurdu. Sanki bu izdivacda evlənən özüymüş kimi sevinir, özünü şux göstərib Abdullayla zarafatlar edirdi. Nadir və Abdulla otağa girən kimi yerlərindəcə quruyub qaldılar. Içəri girən qadınların qışqırığı, Fatimənin sinəsindən qopan hayqırtı evin damındakı gğyərçinləri qanadlandırdı. Günəş tutqunlaşdı, buludun arxasında olanların və olacaqların günahkarıymış kimi gizləndi. Səbəblər ədalətsiz, nəticəysə qorxunc idi. Tavandan asılmış ipdən simasına azadlığa çıxmış məhbusun azad nəfəs alarkən aldığı ifadə çökmüş bir bədən asılıydı. Son ayaq biləyinə bir ip bağlıydı ucundasa bir vərəq. Üzərində kəlmələr vardı, göz yaşıyla yuyulmuş..


                                 Azad yaşamaq üçün Ölümü seçdim..!

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...