Skip to main content

Sonsuz Sevdalar..

-  Baba, mənə bir nağıl danış.
-  Yaxşı. amma diqqətli qulaq as və sonra gözlərini yum, yat.

Çox - Çox illər öncə havası ilə dillər dastanı olan, yaşıllığı ilə insanın qəlbini oxşayan, səsində saf gözəlliyi yansıdıb cəhcəh vuran quşları olan bir çəmənlik vardı. Heyvanlar bu çəmənliyin xoş ətrini duymaq, yaxınlıqdakı göldən su içmək üçün bu çəmənliyə üz tutardılar. İnsanlar çəmənliyin otlağı üstündə uzanıb havasını çiyərlərinə hopdurmaq üçün yollarını bu çəmənlikdən salardılar. Bura pisliyin, nifrətin və qorxunun olmadığı yer idi. Nə insanlar heyvanlara toxunar, nə də heyvanlar insanlardan çəkinərdi. 


Amma Bu çəmənliyin daha bir özəlliyi mərkəzində olan böyük bir ağac idi. Ağac çəmənliyin ortasında ucalıb ona başqa bir əzəmət bəxş edirdi. Gecə düşəndə qürub edən Günəş sanki ağacın budaqları arasından daha möhtəşəm görünürdü. 


Çəmənlik insan, heyvan, bitki və təbiətin dörd ünsürü ilə birlikdə xüsusi bir sehrli harmoniya daşıyırdı, amma bu çəmənliyi fərqli edən daha bir şey mərkəzdəki ağac idi. Ağacın digər meşə ağaclarından fərqi onun üzərində yalnız bir yarpağın olması idi. İnsanlar ağacla yarpaq arasında olan bağlantıya heyran qalmış, onlarınkını ilahi məhəbbət adlandırmışdı. Heyvanlar bir - birinə bu qədər bağlı aşiq olan ikilini heç bir -birindən ayırmaz, heç bir heyvan o yarpağı yeməyə cəhd etməzdı. 


Ağac köküylə torpaqdan su sorub yarpağı özü içirər, budaqlarını həmişə Günə hansı tərəfdədisə o tərəfə yönləndirib onu Günəşləndirərdi. Yarpaqdakı rəng digər ağaclarkından fəqlənirdi, çünki sevgiylə bəslənilib, sevgiylə saxlanılırdı. Onu görən insanlar yarpaqdakı yaşıllığı sevginin təcəssümü adlandırırdılar. 


Amma hər payız yarpaq, ağacdan qopub düşər, saralar v torpağa qarışardı. Hər yaz öncəsi ağac üzgün keçirdiyi qış ardından yeni tumurcuq cücərdər, yeni sevgili yarpağına qovuşardı. Çox insan Ağacın hər qış yeni sevgili edindiyini düşünürdü. Amma həqiqəti çox az insan bilir, çox az varlıq başa düşür və yalnızca Ağac yaşayırdı.


Bir gün yolunu bu çəmənlikdən salan yaşlı bir kişi və nəvəsi ağacı görmək üçün çəmənliyin ortasına qədər gəldilər. Nəvə çəmənlik, Ağac və Yarpaq haqqındakı rəvayətlərlə böyümüşdü. Həyatı yeni yeni öyrənən və qığılcımlar parlayan gözlərlə Ağacın əzəmətini izləyirdi. Babasına çevrilib "Babacan, əgər ağac və yarpaq arasındakı sevda bu qədər möhkəm və ilahidisə, necə olurki, Ağac hər yaz yeni yarpağa sevdalana bilir. Axı qəlb yalnızca bir sevdanın vurğunudu."



Baba Ağaca baxdıqca gənc yaşlarını, kənddən çıxıb Min möhtəşəm Günəş qədər gözəl olan Sevdalısı ilə görüşmək üçün bu çəmənliyə gəldiyi günləri xatırlayırdı. Bir vaxtlar bu ağacın altında Sevdalısı ilə oturmuş, Sevdalısına baxıb qəlbində ən az Ağac və Yarpağın sevdası qədər ilahi sevginin dadına baxmışdı. Sevgisi ilə 45 illik bir həyat yaşamışdı baba və bir neçə il öncə Həyat Yoldaşı onu bu fani dünyada qəlbində böyük bir sevgi ilə tək qoyub getmişdi. Tez tez bu çəmənliyə gələr, burda qəlbində yaşatdığı xatirələrinə dalardı. Gözlərindən axıb yanaqlarını sığıallayan göz yaşını silmədi. Çünki Yoldaşına söz verişdi, o yaşları Ondan başqa heç kim silməyəcək deyə.. Nəvəsinin başını sığallayıb "Dinlə, Ağacla Yarpağın sevdası dəyişilmir heç vaxt. Onların sevdası daim davam edir."

Nəvə Təəccüblü gözlərlə bir Babaya, Bir Ağaca baxırdı.  "Axı, Baba hər yaz yeni yarpaq tumurcuqlanır Ağacda."


"Bax övlad, Nənə bizim kənddən köçüb daha gözəl bir yerə(Bu cümlələri deyəndə səsinin titrədiyini nəvəsinə hiss etdirmək istəmirdi)  gedəndən sonra bu ağacın altında çox oturub yarpağı onun üzərindən necə düşdüyünü izləmişəm. Yarpaq hər il eyni yerə düşür. Və qış boyu torpağa qarışır. Səncə bütöv bir mövsümü, yarpağın bütöv bir ömrü boyu Sevib onu qidalandıran, Günəşə çevirən bir Sevdalı Ağac Onun eləcə torpağa qarışıb məhv olmasını izləyər mi? Yox. onu qəlbində yaşadar, Onun xatirəsini, Ondan qalan hər şeyi özüylə gələcəyinə aparar. Xəzan etmiş Yarpaq məhv olmur, zərrələrə ayrılıb torpağa qarışır. Qış boyu torpaqdan onu sorub, öz içində isidir Ağac. Yaz gələndə həmin zərrələrdən yaradır yenə Sevgili Yarpağını.. Sevgi itmir, Sevdalı dəyişmir. Hər münasibətin enişi də, yoxuşu da olur. Qəlbində böyük sevda daşıyanlar istər qış olsun, istər xəzan. Öz Sevgisini qoruyar, Öz Sevdalısını qoruyar qəlbində. O sevdadan yenidən inşa edə bilər zədələniş yerləri. Qəlb fincan kimidi, Su doldurub içdiyimiz kimi Qəlbə sevgi doldurub qidalanar Ruhumuz. Amma fincan qırıldı deyə Su içməkdən vaz keçdikmi? Qəlb zədə aldı deyə Sevdamızdan vaz keçərik mi? Yarpaq hər Yaz Möhkəm, yıxılmaz sevgisi ilə yenidən dirilir Ağacın. Ağacı mühakimə etmə, Heç bir Sevdalı qəlbində incidən daha saf sevgi daşıyırsa, günahkar və batilkar ola bilməz, Övlad.. Ola bilməz. Həmişə Sev. Sev ki, yaşadığını hiss edə biləsən.."





Günəşin ən gözəl parladığı yerdə, Ayın ən gözəl bədirləndiyi yerdə, qısqanc kinin, nifrətin və pisliyin olmadığı, sevgidən anlayışdan və inamdan yoğrulmuş bir Çəmənlik var. O çəmənliyin müqəddəs Sevdası, Müqəddəs Ağacı və Müqəddəs Yarpağı var. Bir birini böyük bir müqəddəsliklə Sevən Ağac və Yarpaq. Hər qəlbin sahib olmaq istədiyi müqədəsliyə sahib olan tək Sevən....









Comments

  1. Sonsuz sevdanın müthiş ifadəsi! Dərin düşüncən, sevgi dolu qəlbin, yazan əllərin var olsun əziz dostum!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...