7-ci ya 8-cu sinifdə oxuyanda(o zamanlar hələ kənd məktəbində təhsil alırdım) o illərin tək yaxın dostu ilə kənd kitabxanasını altını üstünə gətirərdik. Tez-tez bizdən başqa heç kimin əlinin dəyməyəcəyi tozlu rəflərdən kitablar tapıb oxuyurduq. O illərdə bizdən iki ya üç sinif yuxarı bir oğlan vardı. Bizə bir kitab vermişdi bizdən əvvəl o rəflərdən tapıb. Boris Polevoy. Əsl İnsan Dastanı.
Kitab haqqında uzun uzun danışmayacam, çünki bu blogu yazma səbəbi heç də həmin kitab deyil. Yazını bununla başlamaq istədim. Kitabda şərəfli bir SSRİ əsgərinin həyatından danışılırdı. Hər iki ayağını itirməsinə baxmayaraq, öz işinə sevgisindən protez ayaqlarla belə təyyarə pilotu olmağa davam edir. Müharibədə hələ sağlam vaxtı zədələnmiş ayaqlarla düşmənin arxa cəbhəsindən öz cəbhələrinə sürünərək gəlib çıxa bilir. Təsirləndiyim və indiki yaşlarımda əsərdə SOvet əsgərinin əzmini göstərməkdən ötəri yazılan bu kitab uzun müddət ağlımdan silinməyəcək bir kitab idi.
Bu gün baxmaq üçün açdığım filmlərdən birini qoşanda heç düşünməmişdim 7-8 il öncəki vaxtlarıma döndüm sanki. Men of Honor. Şərəfli bir Adam.
Məqsədim kinematoqrafiya haqqında danışmaq deyil. Əsas filmin ifadə etdirdikləri, hiss etdirdikləridir. Çox sevdiyim kitablardan birində anlamadıqları dildə bir musiqi dinləyəndə gənc qız "bağışlayın, amma mən isveçcə bilmirəm" demişdi. Cavabında "Əsas nə dediyi deyil, nə hiss etdirdikləridir" eşitmişdi.
Bir insan şərəfiylə yaşama atılarsa, nə qədər çətinliklər görürsə görsün özünə və gücünə olan güvəni, qabında nəyin olduğunu bilməsi onu hər çətinlikdən çıxarar. Bu filmi sevdim, çünki bütün gününü bir kreslodan qalxmadan, əlində telefon, bütün sosial şəbəkələrin "anasını ağladan" yırtıq şalvarlı bir gəncin öz rahatlığı içində hər şeydən narazı və dəyişimi tələb edən davranışlarında bezmişəm! Düşünün, 1940ların əvvəli. Onurlu bir atanın oğlu. Amma dövrün ən böyük damğasını yemiş bir gənc oğlan. Nə qədər düzgün bir tərbiyənin övladı olsa da zənci bir ailənin övladı. keçən əsrin ortaları qaradərililər üçün heç də uğurlu bir dövr deyildi. Amma bu şərəfli gənc "Qaradərililərə azadlıq ver!" deyə şüarlarla öz ömrünü yeyib bitirən radikallardan biri olmadı. O ağ dərililərdən biri olmağın, onlarla eyni gücdə ola biləcəyini sübut etməyi də yoxlamadı. Sadəcə ən yaxşı oldu. Brasher dəniz piyadası olmaq üçün orduya qoşulanda nə qədər yüksək ideallarla getsə də, aşbazdan başqa bir şey olmadı. Amma içindəki o şərəf dolu güc durmadan onu irəliyə apardı. Baxın, ətrafımızda olan ortam yanlış bir şəkildə ola bilər, ayağımızdan bizi geri çəkən bir sürü hadisə ola bilər. Amma insan əgər "mən bu ortamı dağıdıb yenisini quracam" şəklində ortalığa düşsə uduzar. Hər şeyə özümüzü tanımaqdan, özümüzün nələrə qadir ola biləcəyindən xəbərdar olmaqdan başlayır. Daha sonra öz naliyyətlərimizə qəlbinizdəki şərəfi, dürüstlüyü yansıtsanız, hər yerdə sizi hörmətli baxışlar qarşılayacaq. Bəlkə də qalxıb yerlərini öz daxililərindəki eqo səbəbindən verməyəcəklər, amma o gözlərdəki təəccüb, utanc və yenilgini daim görə biləcəksiniz. Daxilinizə kini, eqonu buraxdığınız an uduzmusunuz, atam balaları! Təvazö deyilən şeyi heç vaxt qəbullanmamışam. Əslində suda 5 dəqiqə nəfəssiz qala bildiyiniz halda qalxıb 3 dəqiqə deməniz axmaqlıq olardı. 5 dəqiqə olması ilə böbürlənməksə eqoistlikdi. Ona görə nəyə qadir olduğunu və bir gün bunların olmayacağını, amma geridə etdiklərinizin qazandırdığı hörmətin, şərəfli bir həyat hekayəsinin olacağını unutmamalısnız.
Amma bu filmin mükəmməlliyi xoş sonluğa ilk imkanda çatmaq kimi bir niyətinin olmamasıdır. Qaradərili olmasına baxmayaraq, dalğıc olma arzusuna çatan Brasher ən önəmli tapşırığını yerinə yetirəndən sonra bədbəxt hadisəyə məruz qalır. Ayağı qopacaqmış kimi zədələnir. Vəziyyəti sabitləşir, amma bir daha suya dala bilməz. Keçmiş dostu ona son bir çarəni xatırladır. "Əsl İnsan dastanı"dakı sovet əsgəri Maresyevin şərəfi qədər şərəfli bir həyat yaşamaq istəyi ilə son çarəni yoxlayır. ayağı salamat çıxsa da olanlardan, öz şərəfli dalğıc həyatı üçün ayağını qurban verməyə belə razıdı. Dediyim kimi xoşbəxt bir sonluq deyil bu həyatın məqsədi. Ədalətli və dürüst bir həyatdır. Məncə, film haqqında bu qədər bəsdir. Gerisindəki möhtəşəmliyi bilmək üçün filmi izləməyinizi şiddətlə məsləhət bilirəm.
Rejissorluğunu George Tillman Jr. edən filmin baş rollarında çox sevdiyim aktyor Cuba Gooding Jr.(Carl Brashear) , təcrübəli ekran kralı Robert De Niro(Leslie Sunday) iştirak edir. 2000-ci iləd ekranlara çıxan filmin musiqilərini Mark Isham ərsəyə gətirib.
Və qeyd edim ki, film real həyatdan götürülmüş motivlər əsasında çəkilib.
Ümid edirəm ki, izlərkən bu filmə sərf etdiyiniz zamana qətiyyən peşman olmayacaqsınız. Xoş seyirlər!
Maraqlananlar üçün filmin traileri də aşağı da. :)




Comments
Post a Comment