Beləcə biz gənclərin - könüllülərin Azərbaycan daxilində qalmaqla bu yaşımıza qədər gördüyümüz ən möhtəşəm hadisənin sonuna gəldik. Avropa Oyunlarının bitməsi ilə istədim könüllü kimi 8 günlük işgünümdə olanlardan bir az danışım sizlərə. Hər halda işin içində olan bir könüllüdən yarışlar haqqında eşitmək daha dürüstcə olar.
Və oyunlar boyunca yanımdan əskik olmayan kitablar oldu. Bu müddətdə bir birindən gözəl 4 kitab sonlandırdım və boş vaxt tapan kimi səhifələrdə boğdum özümü. Həyat verən bir dalış idi səhifələr arasında gəzinmək. Həqiqətən də kitablarsız dünya ayaqsız marafonçu kimidi..
Öncəliklə, I Avropa Oyunlarında vəzifəm "First Aider", yəni "İlk tibbi yardım" idi. İşimiz tamaşaçı və ərazidəki işçilərin həkimə qədər olan bütün tibbi yardımını təmin etmək idi. Əgər vəziyyət qəlizləşsə, xəstəni həkimə, həkimin ərazi daxilindəki "Tamaşaçı üçün tibb otağı"nda edə biləcəyi yardım yoxdursa, Ambulance vasitəsilə yaxınlıqdakı xəstəxanaya aparılmalı idi. Çox şükür ki, o cür ağır hadisələrlə rastlaşmadıq.
8 gün ərzində 3 fərqli məkanda 4 fərqli yarışın izləyicisi oldum. "Bilgah Beace"də Triathlon və Zamana qarşı Velosiped yarışları, Bakı Atıçılıq Mərkəzində atıcılıq yarışları və Veloparkda isə BMX yarışları.
Hansı yarış favoritin idi deyə soruşsanız sözsüz ki, Atıcılıq.
Azərbaycandan Atıcılıq yarışında 50 metr məsafədə Rəsul Məmmədov bizi təmsil edirdi. Bilmirəm, nə vaxtsa canlı olaraq öz həmyerlinizi idman yarışlarında izləmisiniz ya yox, bəlkə də bəziləriniz Qarabağı Avroliga oyunlarında canlı dəstəkləmisiniz, ya da fərdi yarışlarda hansısa idmançımızı dəstəkləmisiniz. Əgər belə bir şey olubsa, bu an ifadə etməyə çalışdığım hissi yaxşı başa düşə bilərsiniz. Bu Chelsea, Real Madrid ya da Barcelona futbol klublarını dəstəkləmək, vurduqları qollara ya da qazandıqları çempionlulqlara sevinmək kimi deyil, bu özünüzdən öz içinizdən birinin uğurudu, hər şeydən ötə bir Vətən sevgisidi. Rəsul hər dəfə əlindəki silahı qaldırıb nişan alanda onunla bir yerdə nəfəs alıb bir yerdə nəfəsimi verirdim. İnanılmaz bir duyğu idi və düz hədəfin ortasından vurandasa içimdəki coşqunu ifadə etməyə heç bir söz yetməz. Xüsusən ondan üç oyunçu aralıda erməni təmsilçisi varsa.. Gözümüz daim ikisinin nəticələri arasında gedib gəldi, mərhələni adlaya bilməsə də, rəqibdən irəlidə olmacaq qədər xal toplaya bildi. Özünə yaxınlaşıb təbrik edəndə çox üzgün bir tonla "niyə ki" cavab verdi, amma yenə də "bizim qalibimizsən" kəlmələrini həm dilimizlə həm də gözümüzlə başa salmağa çalışdıq. Nə də olsa "gözlər qəlbin aynasıdır.."
8 gün byunca Cavid Fərəcli ilə birlikdə bir komanda olaraq çalışdıq. Yeni bir tanış, dost qazandım bu oyunlarda və Avropa Oyunlarının ən gözəl özəlliklərindən biri də bu oldu. Hər dəfə qolumuza "Medical" bandını bağlayıb əraziyə çıxanda gözümüz bir turist axtardı söhbət etməyə. :D Həqiqi bir alman ciddiyyəti ilə üzləşdiyim üçün almanca bildiklərimi ortalığa tökə bilməsəm də, Cavid türklər demiş həqiqətən "döktürdü ortalıkta" ingliscə və rusca.
Və təbii komandamızın həkimi və tibb bacısı isə yaddaşımda həmişə qalacaq. Çox gözəl yeni insanları tanıdım tibb sahəsində. Hər birinə gözəl günlərə görə təşəkkür edirəm.
Əgər ümumən oyunların ən yadda qalan hissəsi nə oldu? deyə soruşsanız bir saniyə belə düşünmədən mükafatlandırma hissəsi deyərəm. Çünki hər dəfə medallar meydana gətiriləndə səslənən o musiqi içimdə inanılmaz bir coşquya səbəb oldu. Azərbaycanımıza, ənənələrimizə, mədəniyyətimizə və xüsusən musiqimizə nə qədər tənqidə yönəlik bir xarakterim olsa da, çox düşkünəm. Bunlarla böyümüşəm və hara gedirəmsə gedim, bunlarla ölməyi istərəm. Ona görə hər dəfə o milli notlarımız çalınanda o musiqini daxilən yaşadım mən.
Əgər ümumən Oyunların ən pis anı nə oldu deyə soruşsanız İSTİ deyərəm. Atıcılıqda açıq havada olan yarışda mənki mənə gəldi ciddən. O necə bir küləksiz, zərrə tərpəniş olmayan isti öldürücü şüalı bir gün idi. Günün ortalarına doğru artıq bayılmaq üzrə olduğumu hiss edirdim. Atıcılıq mərkəzində seyircilər üçün tribunanın üzərində örtük olsa, o gözəl yerə bir az da gözəllik qatar. İçərisi inanılmaz komfort və sərin olsa da təbiət ana bayırda qovurucu isti ilə qarşılayırdı bizi.
Və məni sevindirən daha bir şey isə Oyunlardakı könüllülər oldu. Bu 17 günlük marafonda çox "martı Livingston"lar( Richard Bach - Martı Jonathan Livingston romanından personaj) gördüm mən. Öz sərhədlərini genişləndirməyi bacaran inkişafı bacaran Livingstonlar. Ümid vəd edən amma hələ formalaşması üçün bir neçə ilə də ehtiyacı olan gənclik. Bir parçası olduğum gənclik.
Oyunların bir hissəsində köhnə dostlarımla birgə işlədim və keçən o qədər gözəl saat, edilən söhbətlər, atılan qəhqəhələr həyatıma xüsusi hərflərlə yazıldı.
Triathlon yarışlarından sonra çoox çox uzun illərdən sonra yenə dənizin qırağında ola bildim. Uzun müddət idi ki, ayaqlarım dəniz suyu görmürdü və mənim kimi evə girdiyi anda corablarından qurtulmağa aşina, qışda belə corabsız gəzib qar üstündə ayaqyalın gəzən birisi üçün dəniz suyu mükəmməl bir hədiyyə idi. Barmaq aralarımda suyun qıdıqlamasını hiss etmək isə.. Nəfis idi..!
Və oyunlar boyunca yanımdan əskik olmayan kitablar oldu. Bu müddətdə bir birindən gözəl 4 kitab sonlandırdım və boş vaxt tapan kimi səhifələrdə boğdum özümü. Həyat verən bir dalış idi səhifələr arasında gəzinmək. Həqiqətən də kitablarsız dünya ayaqsız marafonçu kimidi..
Və gələk yeməyin ən dadlı hissəsinə..
Bağlanış Mərasimi! orda olanları canlı izləyənlər vardısa, ciddən o necə bir möhtəşəmlik idi?! Hər saniyəsində necə dərin bir əməyin olduğu göz önündəydi. həqiqətən gözqamaşdırıcı bir şou idi sona layiq bir mərasim idi. Xüsusən qruplarla olan rəqslərdəki nizam necə böyük bir əziyyətin nəticəsi olduğunu göstərirdi. Tək sözlə, Xariqüladə!
Musiqilər boyunca yerimizdə sakit oturmadıq, oynadıq, qışqırdıq, əl çaldıq. Əsl əyləncə və görülməli, iştirak edilməli bir mərasim idi. Əgər hələ xəbəriniz yoxdusa, mütləq açın təkrarına baxın!
Alnımızın ağıyla Avropa Oyunları sona çatdı. Oyunları kənardan izləyənlər neə düşünür bu haqda bilmirəm, amma mən işin içindən onu izləyən biri kimi deyim ki, hələ anlamını çözə bilmədiyimiz çox şey qatdı. Bəzi investisiyalar uzun müddətli olur. Qoyduğunuzun əvəzini bir neçə il sonra əldə edirsiniz və dəyərli nəticələr əldə edirsiniz. Bu Oyunlar o tipdən idi. Və məncə səbr etmək və nələri əldə etdiyimizi görüb sevinmək lazımdı.
Bütün könüllülərə gözəl tətillər arzu edirəm və çəkdiyimiz əziyyətin çox dəyərli olduğunu düşünürəm. Könüllülük mövzusu üzərinə çoxlu debat oyunları oynamışam və çox önəmli bir iş olduğunu düşünürəm. Hər birimizin əməyi bu oyunlarda hədsiz çox oldu və unutmayaq ki döyüşlər ağılla və ƏSGƏRlə qazanılır.











Comments
Post a Comment