“..Əslində etməli olduğum şey çox bəsit idi. Oyunun mahiyyəti bu idi. Topla başlayardı, topla bitərdi. Üzərimə doğru gələn topu sinəmlə ya da ən azından çiynimlə saxlaya bilmək
üçün barmaqlarım ucuna
qalxmalı, ya da yuxarıya doğru atılmalı idim. Amma uğursuzluğa qarşı olan
qorxum məni dayandırdı. Yox. Məsələ uğursuz oyun oynamaq deyildi. Məsələ
məni izləyən nənəm idi. Meydan kənarındakı azarkeşlər üçün skamyalardan birində oturmuşdu. Tək deyildi, yanında
meydanda oynayan uşaqların yaxınları vardı. O gün hava isti idi və Günəşin
buludlar olmayan bir gündə necə sırtıqlaşa bildiyini təsvir etməyə gərək görmürəm. Həyatıma ağır məqamları yazan mürəkkəbi daha
sürətlə qurutmağa, heç silinməməsinə çalışırdı sanki. Eh, o günün hər saniyəsini
bir saat kimi yaşadığım üçün ona az kömək etdiyimi deyə bilməyəcəm.
Stadionun auditoriya bölməsi elə
də böyük deyildi, hardasa 300 nəfər tutumu vardı və kiçik bir hissə meydandakı azyaşlı
oyunçuların yaxınlarının hər birinin səsi
beynimdə rahatca tam aydınlığı ilə iz qoyurdu. İnsanlar meydandakı övladlarının
adını qışqırır, onları həvəsləndirir, başlarına qoyduqları papaqları arabir
çıxarıb yarada bildikləri qədər hava axını yaradıb sərinləməyə çalışırdılar. Bəziləri
aralarında şən söhbət edir, əllərindəki seven-up ları udumlayırdılar. Sıraların
arası ilə üzü sızanaqlarla dolu oğlan insanlara seven-up təklif edir, evdə
hazırlanmış ucuz hot-doqları hər nə olsa yeməyə etiraz etməyəcək kişilərə doğru
aparırdı. Üzündəki rişxənd dolu gülüşlə arabir oyuna baxır və yəqin ki, özünün
daha bacarıqlı oynadığını düşünürdü. Düzü, o yaşımda belə niyə yaşlıların yaşı
ilə öyündüyünü anlamamışdım. Daha yaşlıların daha üstün olduğunu göstərən göstərici
nə idi ki? Yaş göstəricisi? ədəd üstünlüyü? Nə də olsa, böyük olmaları üçün
xüsusi bir şey etməmişdilər, zaman sadəcə ötmüşdü və ölüm onlardan yan
keçmişdi. Əgər bu uğurdusa, vay halımıza.
Satıcının hər dəfə önündən keçmək
yerinə yönünü dəyişdirib başqa səmtə yönəldiyi tək insan var idi: Nənəm. Bütün
bunları görürdüm, çünki oyundan çox nənəmi izləyirdim, və həmişə həyatın mərkəzində
olan bir insan var idi: nənəm. Ədalət tərəzisini əlində tutan fövqəladə bir
qadın var idi: nənəm. 8 ilik həyatımın valideynlərimin ölümündən sonra tək
biçimləndiricisi var idi: nənəm. Həyatım boyu bütün qadınlara qarşı çəkingən
olmamın, heç bir dostumun olmamağının, gecələr yorğan altında fənər yandırmadan
“Narniya salnamələri”ni Ay işığında oxumağa çalışmağımın və seriyanın ikinci
kitabının cırılmağının bir səbəbi var idi: nənəm.
Sərt baxışlarını oyuna ziləmiş nənəm
oyunu çox ciddi izləyirdi, əslində bu yoldaşlıq oyunu idi və qarşı tərəf şəhərin
digər məktəbi idi. Komandamızın yaş ortalaması 7 idi və mən ən yaşlılardan biri
idim. Bəlkə də səhər evdən çıxmamışdan qabaq nənəm “SƏndən qol gözləyirəm!” deməsəydi,
oyuna daha çox diqqət verə bilərdim. Amma o cümləsi oyun boyu qulaqlarımda idi
və istəmədən də olsa, baxışlarım ona yönəlirdi. Bir azdan yenə bacarıqsızlıq
etsəm, necə reaksiya verəcəkdi? Elə buna görə də üzərimə doğru gələn hava
topunu görməmişdim. Görəndəsə çiynimlə ya sinəmlə qarşılamaq üçün çox
gecikmişdim. Ən azından bir neçə addım geriyə çəkilib topu ayağımla qarşılaya
bilərdim, ya da bir az cəsarətli
davranıb başımla ötürmə verə bilərdim(sonuncu dəfə bunu edəndə bir neçə dəqiqə meydanda iki qat daha çox
oyunçu görmüşdüm), amma etmədim. Əslində bir şeylər etdim, daha doğrusu əllərimi
üzümə sipər edib topdan qorunmağa çalışdım və təbii ki, oyun dayandırıldı, məşqçi
məni oyundan çıxardı. Meydanın kənarında ehtiyat oyunçular skamyasına keçdim,
insanlar alqışlayır, gülüşür və diqqətlərini mənə qarşı itirib cərimə zərbəsini
izləyirdilər. Baxışlarımı yerə dikib skamyada oturdum, nə məşqçiyə nə də
komanda yoldaşlarıma baxdım. Tək bir şey hiss edirdim: Boynumun ardını qılınc
kimi kəsən nənəmin baxışları. Mənə baxdığına əmin idim, çünki artıq oyuna qarşı
marağını itirmişdi, mən orda yox idim.
Oyunu biz qazanmışdıq, mən
çıxdıqdan sonra qapımıza penalti təyin olunmuşdu və Qol! Ikinci, üçüncü və
dördüncü qoldan sonra arxamdakı azərkeşlər oyunun taleyinin həll olduğunu
deyirdilər amma bir şeyi unudurdular. Meydandakılar yetişkinlər yox, uşaqlar
idi və bir uşaq istəyindən nadirən vaz keçirdi, yoldaşlarım qapılarına girən topları diqqətlərinə almadan
oynadılar və ordan ard-arda qollarla qələbə ilə ayrıldıq. Daha doğrusu
ayrıldılar. Çünki komandanın üzvü olsam da bir parçası deyildim, parçası ola
biləcəyim tək bir şey var idi, o da nənəm idi. Deyəsən, evə doğru yolumuz elə də
asan olmayacaqdı.
Paltarlarımızı dəyişdikdən sonra
hər kəs valideynlərinin yanına getdi. Kimisinin həm atası, həm anası
yanındaydı. Onları sevinclə qarşılayır, uşaqlarsa oyunda olan maraqlı məqamları
danışırdılar, yaxın iki gün ərzində dəfələrlə və dəfələrlə bunları danışmaqdan
bezməyəcəkdilər. Stadionun çıxış qapısında sakitcə və ifadəsiz üzü ilə məni
gözləyən nənəmə tərəf getdim. Əlini ombasından çox da aralamadan xəfifcə yana
doğru araladı və əlindən tutdum, nə də olsa, bu həyatda tutuna biləcəyim tək
budağım o idi.
Evimizə qədər 10 dəqiqəlik yol
var idi. Əlimi nə sərt, nə də yumşaq
tutmuşdu. Əlləri hemişə sadə ilıqlığını qoruyar tərləməz və əlinizi tutanda öz
sahiblənici diktaturasını hiss etdirərdi. Onun sahiblənişi sizi həbs etdirəcək
türdə deyildi, sadəcə əlinizi tutar və insanda(onunla əl görüşən insanların
üzündəki ifadənin bu mənaya gəldiyini illər sonra o günləri xatırlayanda
anlamışdım) onu buraxsanız, ona inanmasanız, heç bir şansınızın olmayacağı
hissi buraxardı. Tez-tez tərləyən əllərim əlindən sürüşüb çıxsa və geridə
qalsa, bunun öz seçimim olduğuna qərar verib məni çarəsizcə yol ortasında
buraxıb gedəcəyindən qorxardım. Ona görə əllərinə möhkəm möhkəm tutunardım. Hər
anlamda.
Baxışlarını yola zilləmişdi. Tam
irəli. Gözlərinin kənarında qırışlar yox idi, bu da gülümsəməyə elə də aşina
olmadığı demək idi.
-
3 ildi ki futbola gedirsən?, - deyə səsində zərrə hiddət hiss etdirmədən
duyğusuzca dilləndi. Bunun sual mı, yoxsa gəldiyi bir nəticə mi olduğunu
anlamamışdım. Ona görə susmağı seçdim.
-
Sarı saçlı oğlanın neçə yaşı var?
-
7.
-
7? Səndən balacaymış.
Sarı
saçlı oğlan bir sinif aşağıda oxuyurdu. Atası məktəbin idman müəllimi idi və
oğlan hər gün idman dərslərinə gedirdi.
-
Meydanın ortasından çox qəşəng ötürmələr verir. Sonuncu qolda qapının
önündə hava topunu necə qarşıladığını gördün?, - deyib üzünü mənə tərəf
çevirdi.
Gözlərindəki hiddəti onda gördüm. Başımı bir dəfə də arxaya çevirmədən sadəcə
oyunu izləmişdim və həqiqətən oğlan gözəl ötürmələr verir , sanki topun hansı
yöndən gələcəyinə dair dərin hissiyyata malik idi. Bu günlərdə məşhur
klublardan birində əsas heyətdən heç çıxmayan furbolçulardan biridi.
Hər
məşqimizə nənəm də gəlirdi və futbol haqqında bu qədər çox şey bilməsi təəccüblü
deyildi. Son cümləsinin anlamını başa düşmək çətin deyildi. Son uğursuzluğumla
oğlanın uğurunu müqayisə edirdi. Düşünə bilirsiniz, dostlar, yoldaşlar? 7 və 8
yaşlı iki insanı bir-biri ilə müqayisə etmək.
Baxışlarına daha çox tab gətirmədim. Və başımı aşağıya saldım.
Susqunluğum ondakı hidəti daha da böydürdü. Evin önünə çatmışdıq. Qapını açmaq üçün əlimi buraxdı. Və açıb içəri
girdi. Məni gözləmədi. Sakitcə içər keçib çiynimdən çantamı endirdim. Yuxarı
çıxıb otağıma girdim. Boğazımdan bir daş asılmışdı sanki. Yatağıma oturmağa
hazırlaşırdım ki, pilləkəndən addım səslərini eşitdim, bura gəlirdi.
İçəri girib qapıda dikildi. Bir qədər mənə
baxıb sonra gəlib çantamı açdı və içindən tərli paltarlarımı çıxardı. Yumaq
üçün aparmağı düşünürdü, amma ağlında başqa fikirlərin dolaşdığını bilirdim. Qapıya
tərəf yönəldi və birdən geriyə çevrilib səssizliyimdən daha da böyüyən hiddətini
səsində açıq aydın bəlirtən tonda dedi:
-
Başa düşə bilmirəm. Səndən bir yaş balacadı, eyni dərsə gedirsiniz,
eyni adam sizi məşq etdirir və hətta səndən boyda daha balacadı. Niyə? Niyə
kimsə səndən üstün olmalıdı? Necə bunu qəbullana bilirsən? Səndən daha az
ağıllı, balaca və sarı bir vələt(nənəmin almanlara qarşı xüsusi nifrəti vardı,
onun üçün sarı olan hər kəs alman idi) səndən
daha yaxşı oynayır. Buna necə razı ola
bilirsən?
Birgə yaşadığım qadının nənəm olduğunu
bildiyim gündən bəri bu tipdə anladığım və anlamadığım minlərcə monoloq
eşitmişdim. Bacarıqsızlığım, önəmsizliyim və həmişə uduzmağım geri qalmağım barədə.
Niyə bunu qəbullandığım barədə. Niyə ən
üstün olmadığım barədə. Dodaqlarımın necə hərəkətə gəldiyini, ciyərlərimdən
havanın necə xaric olduğunu və səs tellərimin necə titrədiyini bilmirdim, amma
sözcüklər bir anda dodaqlarımdan saçıldı:
-
Bilmirəm, Nənə. Niyə belə olduğunu mən də bilmirəm. Bəlkə də məni bu
qədər sıxışdırmasan, daim oyun əvəzinə məni izləməsən, nə edəcəyimə, kimlə dost
olacağıma sən qərar verməsən, kitablarımı cırmasan, daha yaxşı olaram. Niyə belə
edirsən başa düşmürəm. Mən..
Gözləri o qədər bərəlmişdi ki, yerindən
çıxacaqlarından qorxdum. Əlləri boşaldı, paltarlar yerə düşdü. Mənə doğru gəlməyə
başladı. Əvvəlcə qırıq bir addım atdı, sonra ikincisini. Və yaxınlaşdıqca yaxınlaşdı.
Hərəkətə gəlməsi məni daha da qorxutdu və bir nəfəsə içimdəki cümlələri bayıra
qusdum.
-
Mən sənin məni başqalarıyla müqayisələrindən bezmişəm, daha heç kimlə
müqayisə olunmaq istəmirəm, onlarla dost ola bilərdim bəlkə də, amma sən imkan
ver...
Gözlərimin önündə bir işıq partlaması oldu. Başım
sağdan sola doğru silkələndi və deyəsən silkələnən təkcə başım olmamışdı. Bütün
bədənim lərzəyə gəlmişdi. Buna hazırlıqsız olduğuma görə bir anda yatağıma
yıxılmışdım. Əlimlə üzümü tutub gözlərimdən boşalan yaşları silmək üçün belə hərəkətə
gəlmədim. Normal görməyə başlayanda qısaca ona baxdım. Gözləri hiddət dolu idi.
Üzü qıpqırmızı idi, daha əvvəl onu belə görməmişdim, çünki daha əvvəl ona belə
qarşı çıxan olmamışdı.
-
Bir də.. Heç vaxt!, - dedi və çıxdı. Mənə doğru yönəltdiyi barmağı
bıçaqdan fərqsiz idi, və bıçaq olsaydı, “heç vaxt” kəlməsini sinəmdə cızmaqdan
çəkinəcəyini düşünmürdüm..”
Yenidən
iş otağıma qayıtmağım çox çəkdi. Hər səhər klinikaya gəldikdən sonra xəstələrimə
bir-bir baş çəkər, müayinəyə gələn xəstələrlə söhbət edər, onlar üçün edə biləcəyim
hər şeyi edərəm. Bu yalnızca isti bir gülümsəmədən ibarət olsa belə. Otağımda
qaldığım boş vaxtlarda isə kompyuterimi açıb yazılarıma göz ataram. Tapa
bildiyim ən qısa vaxtda belə, hekayələr yazmağı sevirəm. Dünən yazdığım hekayəni
təkrar-təkrar oxudum. Bu cür hüznlü şeylər yazmaq xoşuma gəlmir, amma içimdən gələn
belədi.. Həkim olmaq xaricində bacardığım tək iş budu. Evdə daim məni gözləyən
yarım qalmış kitabım və dünya şirini gülümsəməsi olan qızım var. Həyat
yoldaşımı itirəndən bəri həyatımdakı ən güvənli limanım olan qızım. Bayaq
qapımı tibb bacısı döydü. Və “stasionarda olan xəstələrdən biri yenə yeməkdən
imtina edir” dedi. Kompyuteri bağlayıb ora getdim. Xəstələrlə yola getməkdə həmişə
bacarıqlı olmuşam.
Palataya girdim. İçəridə iki yaşlı adam yatırdı. Qonşu
çarpaıylarda uzanıb TV-dəki şoulardan birinin səsi altında mürgüləyən 80 yaşlı
kişi və üzündə dünyanı niyə belə yaratdıldığından narazı olacaq qədər hiddətə boğulmuş yaşlı qadın. Kişinin üzündəki nur dolu gülümsəmə
yeməkdən imtina edənin kim olduğunu bəlli edirdi. Gözlərini yavaşca açıb mənə
baxdı. Üzündə gülümsəmə yarandı.
-
Doktor! Nə yaxşı gəldin, mən də kimlə şahmat oynayacağımı düşünməkdən
sıxıntı içində mürgüləyirdim.
-
Bu gün daha yaxşı görünürsən. Səhər gəlmişdim, amma yatmışdın, mən də
özümə başqa rəqib tapdım. Düzdü daha cavan idi, amma inan mənə, səndə daha çox
iş var!
-
Pəh! Kişi eşitdiklərindən məmnun olmuşdu. Yenidən gözlərini yumdu. Yuxuya
doğru addım atıb ardına da baxmadı. Xərçəng belə şey idi, əgər yatmaq imkanınız
varsa, yatmalı idiniz.
Baxışlarımı qadına çevirdim. Soyuq
baxışlarla məni süzürdü. Yaxınlıqdakı yemək masasını önə doğru çəkib yatağın
baş ucundakı stula oturdum.
-
Bir nəfərin yenə yeməkdən imtina etdiyini eşitdim. Dinmədi. Susqun baxışalrla
məni süzməyə davam etdi.
-
Niyə yemirsən? Susqunluğunu qorudu. Tibb bacısı qapının kandarından
durub məni izləyirdi. İşləməyə yeni başlamışdı. Gənc və gözəl idi. Yetərincə
çox gözəl.. əlimlə digər çarpayını göstərib qapıda durduğunun fərqinə
vardığımdan həyəcanlanan tibb bacısından:
-
Bu gün yeməyini yeyib?, - soruşdum.
-
Hə. Tam vaxtında. Hamsını, - heç gecikdirmədən sürətlə cavab verdi. Yemək
masasını qadına doğru çəkib şorba olan qabı əlimə götürdüm. Soyumuşdu, amma
yeyilməyəcək qədər yox. Qaşıqla bir az qarışdırıb gözlərinə baxmadan aramla
danışmağa başladım:
-
Başa düşə bilmirəm. Səndən daha yaşlıdı, səndən daha çox xəstədi,
cüssəsi də səndan daha kiçikdi, hər gün digər tərəfin qapısını açmağa bir az da
yaxınlaşır, eyni xəstəxanada qalırsınız, eyni həkimdən müalicə alırsınız, eyni
münasibət görüb, eyni yeməklərlə təhciz olunursunuz. Amma səndən daha iştahlıdı
və səndən daha çox gülümsəyir. Niyə?
Buz kimi baxışlarında hiddət parıltılarının
getdikcə yüksəldiyini görə bilirdim. Gözlərimi gözlərinə dikdim və içimdə
toplanan hiddətimlə yaşlılığın spesifik qoxusu içində qalan bu qırışmış dərili əllrəi
olan qadının sükut içindəki bədənin tək yaşlanmamış tərəfi olan gözlərinə
meydan oxudum. Şorbadan bir qaşıq götürüb ağzına yaxınlaşdırdım. Dodaqlarını bir
birinə sıxmışdı. Gözlərindəki hiddət yaşlanmasa da bədəni yaşlanmışdı və cavan
olsaydı, üzündə necə bir qızarıqlığın toplana biləcəyini təsəvvür edə bilirdim.
Nəhayət, məğlubiyyətini qəbullandı. Dodaqları boşaldı və ağzını cəfifcə açdı.
Üzümə yayılmış gülümsəmə ilə qaşığı dodaqlrına toxundurdum. Bilmirəm. Bəlkə də ilahi
ədalət bu idi.
Comments
Post a Comment