Skip to main content

Adsız hekayə

   Məqsədi heç də yemək masasını xəstənin stoluna çırpmaq deyildi, yox, yox. Həmişə işi nə qədər önəmsiz bir iş olsa da, məsuliyyət onun göbək adı idi. Xəstə baxıcısı olmaq, həm də qocaların son ümid məkanı olan bir yerdə baxıcı olmaq onun kimi gənc biri üçün perspektivsiz iş kimi görünə bilər, amma gördüyümüz işlər ona duyulan sevgi qədər önəmlidi. O qırıq qəlbli qocalara göstərdiyi nəzakətin onları necə rahatlatdığının fərqinə varanda daha kiçik uşaq idi. Qonşularında tək yaşayan yaşlı qaradərili Abagail ananın daim qapıya dikilmiş gözləri oun gələcək həyatını formalaşdırmışdı. Hər dəfə o qapını döymədən onun evinə girəndə ümid dolu parıltı ilə yanan gözlərini üzərinə dikən Abagail ananən gözlədiyi insan olmaması onu üzürdü və hər gələndə onu güldürəcək bir şeylər tapmaq istəyi ilə alışıb yanırdı. Vaxt keçdikcə o gözlərin gözlədiyi insan elə o olmağa başlamışdı. Balaca, bir yerdə durmayan Clara.
    Amma bu gün diqqətini toplaya bilmirdi, paylaşmaqdan zövq aldığı sevgi dolu nəzakəti ilə bu ürkək və əzilmiş qəlbli qocaları rahatlatmadığının, tam əksinə bir qədər qəhərləndirdiyinin fərqindəydi.
- Nəsə olub, quzum?
Qoca Hinzelmann qarşısındakı yemək masasına tərəf ötəri bir baxış atdı.
- Nəsə olub, quzum?
- Yox, üzr istəyirəm, bir anlıq dalmışam, belə səs-küy salmaq istəməmişdim, amma məndən asılı
deyil, arada belə işəyaramaz oluram. Hə, çempion. Bu gün sənin üçün xüsusi menu sifariş
etdirmişəm, sevgi yumağı olmuş spagetti, dostsuz qalmış mozerella, norveç meşələri qədər yaşıl
bibər, italyan sousunda əsl yol yoldaşı tapmış peperroni ilə vetçina. Hə dadlı görünür?
- Mmm. Çox dadlı səslənir, amma bu qoca bu gün mədəsinə zövq verməkdənsə, qulaqlarına zövq
verməyi seçir. Bəlkə oturasan?
- Yaxşı, qoca. Mənalı baxışlarınla məni yoldan çıxaracağını düşünürsən, amma mən qaşlarına
vurulmuşam.
- Yaxşı, məni yaxaladın. əslində səni rəqsə aparıb meydanda yoldan çıxarmağı düşünmüşdüm,
amma bu yaşlı ayaqlar daha sözümə baxmır.
- Nəə? Hey. Pis artist. Maykl deyir ki, keçən gecə madam Karounun otağına elə səssiz addımlarla
getmisən ki, özündən daha həvəsli olan kölgəni görməsəymiş, fərqinə varmayacaqmış. Siz iki
dəcəl nə oyun çıxarırsınız?
- Hahaha. Bu yaxşı idi. Həqiqətən yaxşı idi, mən təslim. Danış görüm, nə olub? Bayaq az qala qaşığı
Bill Denbrounun burnuna salacaqdın. Niyə belə fikirlisən, quzum?
      Hinzelmannın diqqətinin üzərinizə çəkilməsi üçün tor tutmuş gözlərinə eynək taxması gərəkli deyildi. Standarddan kənarda olan hər şey onun üçün baxılacaq, maraq göstəriləcək şey idi.
- Xüsusi bir şey yoxdu, Mann. Hər şey yaxşıdı.
- Okay, bəlkə kim daha şatafatlı yalan danışa bilər deyə yarışaq? Əslində Mayklla Missis Madunun
otağında rastlaşdığımı deyim, məsələn.
- Mann! Bu çox iyrəncdi. Yaxşı, yaxşı, hər şey yaxşı olmaya bilər, bəlkə də bir az şey yaxşı deyil,
amma dərd deyil. Hər şey bizli ya da bizsiz yaxşı olur.
- O alovlu gözləri yaxşı tanıyıram, əzizim. Adı nədi?
- Ha? Kimin?
- Yeməyi az qala başıma tökəcək qədər fikirlərini qarışdıran bacarıqsızın.
- Elə demə, Mann. Sadəcə diqqətsiz oldum, yoxsa belə şey ed...
Qoca haqında bilməniz gərəkən bir şey vardısa, o da adamı susqunluğu ilə necə gözəl cavablandıra
biləcəyinin, necə effektli suallar verib, sizi danışmağa sövq edə biləcəyinin hüdudsuz olması idi. Bir
anda yaşlılara məxsus çarəsizlik dolu uşaq baxışından fərqlənməyən gözləri bir anda ciddiləşib sizdən
daha üstün qüvvələrin, ilahi varlıqların məxsus ola biləcəyi bütün əzəməti ilə tam da bəbəklərimin
içindəki öz əksinə dikilmişdi. Və bəlli ki, orda gördüyü, görməyə çalışdığı öz əksi yox, onun arxasında
gizlənməyə çalışan qızın “öz”ü idi.
- Adı Stanlidi.
Adını çəkəndə belə içində bir şeylərin ilkin refleks olaraq, müsbətə doğru dəyişdiyini hiss etdi. Amma sonrasında gələn digər düşüncələr bütün o müsbətləri söndürməyə bəs etdi. Qocanın susqun halı danışan halından daha həyasız çıxmışdı. Bəzən insana özünü bu qədər çılpaq hiss etdirməsi gənc
Beverlini narahat edirdi. Çünki o baxışlar insanı bir şeylər gizlətməməyə sövq edirdi. Beverli qocanın
içində bir an dəyişən o müsbət axımı hiss etdiyini görürdü, çünki artıq ona sanki”madam elədi, niyə
xoşbəxt deyilsən? Niyə buralarda atıla düşə gənc aşiq rolunu oynayıb hər önünə gələni öpüb
qucaqlamırsan?” deyirdi. Həyasız qoca. Bunun başqa adı ola bilməz.
- Ah, Mann. Bilmirəm. Sadəcə.. bilmirəm. Təsadüfən tanış olduq, amma daim yanımda olmalı olan
insanmış kimi hiss etdirdi. Bir neçə görüşdən sonra bütünlüklə qəlbimi əlinə keçirib. Oyaq , ya da
yuxulu olmağımın fərqi yoxdu. Daim bir şeylərlə bağlı ağlımı ələ keçirməyi bacarır. Qısa
müddətdə xatirələrimə bu qədər çox imza çəkib, xəyallarıma sahiblənə bilməsi inanılmazdı,
amma..
- Danış, quzum. Mənə problemdən danış. Bu dərəcə gözəl bir sevgiyə yaxalanmış şəxslərin önündə
dura biləcək qədər böyük maneə nədir?
- Keçən həftə parkda ən çox sevdiyi kitabı oxuyanda yuxuya gedib üstündə yatdığıma görə məni
danlayırdı. Bir kitaba görə bu qədər danlaq eşidəndən sonra hansımızın onun sevgilisi olduğunu
tam anlamıram, amma problem bunda deyil. Birdən ağrısı tutdu və güclə taksiyə mindirib həkimə
apardım. Müayinələr olundu və nəticə: onda nadir rast gəlinən xərçəngin bir növü var.
Danışa –danışa gözlərindən axan yaşdan xəbərsiz idi. Fərqinə vaxanda özünü axmaq kimi hiss elədi və ortamdakı üzgünlük dolu səssizliyi poza bilmək üçün gülümsədi. Cibindən dəsmalını çıxarıb
gülümsəyən üzünə ləçək gülə yaraşar kimi üzünə yaraşan qəmzəsində ilişib qalan isti damlanı sildi.
- Həkimlər şansının olduğunu deyirlər, əgər mübarizə aparsa, xərçəngə qalib gələ bilər, bəlkə də
gəlməyə bilər. Dəqiq bir şey demirlər, amma qalib gəlsə belə aparacaqları müalicənin, həm də
irəliləmiş xərçəngin onun övlad sahibi olmasının qarşısını alacaını deyirlər. Təbii, əgər qalib gələ
bilsə.. 
   Qocanın sinəsindən kədər dolu bir ah yüksəldi. bu danışılanların heç də gözlədiyi qədər yüngül
olmaması onu ani yaxalamışdı. Əlini uzadıb Beverlinin isti ovcuna qoydu və üzünü özünə tərəf çevirdi.
Beverli bu dəfə daha səmimi gülümsədi və gözlərində yaşları sərbəst buraxdı.
- Qocaları nə qədər çox sevdiyimi bilirsən, bildiyinə əminəm. Bir gün özümün də qocalacağım fikri
uşaqlıqdan bəri məni maraqlandırır. Həmişə özüm kimi, qocaların könlündəki yaraları sağaltmağı
sevə bilən bir övlad yetişdirməyi istəmişəm. Bir gün özüm də qocalanda yanımda olmaqdan həzz
duyan bir uşaq. Ona qarşı olan sevgim inanılmazdı, bir insana bu qədər çox bağlana biləcəyimi
düşünməzdim, amma təsvir edə biləcəyimdən daha artığını yaşatdı mənə. Ondan başqa birisini
istəmirəm həyatda. Daha yaxşılarının olacağını bilirəm, amma bu mənim üçün mükəmməldi. Və
yanında qocalmağı istədiyim adamla heç vaxt övladımızın ola bilməyəciyi həqiqəti ilə yaşamaq
məni əzir, Mann. Çox əzir.
Qoca iki əli ilə səsi artıq titrəməyə başlayan gənc qızın çənəsinə toxunub başını qaldırıb ona baxmağa
məcbur etdi.
- Məni otağıma apar. Sənə göstərmək istədiyim bir şey var.
Otağına titrək addımları ilə girən Mann yatağına gedib bütün ağırlığı ilə kənarına oturdu. Artıq
əzələləri sözünə baxmayacaq qədər tabeliyində deyildilər. Çətinliklə də olsa əyilib yatağın altından
balaca bir qutu çəkdi. Gənc Beverli əlindəki dəsmalı sıxışdırıb stresdən gizlənməyə çalışırdı. Qutunu
görmək marağına səbəb olmuşdu. 3 il idi ki, burda işləyirdi və gəldiyi gündən ondan daha öncə
buranın sakini olan Hinzelmanla dəfələrlə bu otaqda şahmat oynamış, birlikdə deyib gülmüşdülər.
Amma heç vaxt bu qutunu görməmişdi.
- Əslində bu qutudakıları tək izləməyə vərdiş etmişəm. Sənə peşəm barədə danışmışam, amma
musiqi seçimləri barədə alıcıların başını aparan satıcıdan başqa da məşğuliyyətim vardı. Həftə
sonları sahilə gedib əlimə aldığım fotoaparatımla sadə insanları kadrlara həkk edərdim. Bizim
vaxtımızda indiki kimi mükəmməl obyektivləri olan aparatlar yox idi, hər şey daha çox ağ-qara,
daha çox səmimi idi. Əsl gözəlliyi olan hər şey ağ-qara darıxdırıcılığı içində saflığını qoruya bilirdi.
Əlindəki qutunu açmaqda olan Qoca məşğuliyyətinə dalıb Beverli morda deyilmiş kimi alçaq səslə
danışırdı. Başını qaldırıb yaşlı bədəninə uymayan oynaq baxışlarla Beverliyə baxdı:
- Ah, bunu bir yerə yazsam yaxşı olar, əntiqə cümlədi. Qutunu açıb içindən kənarları dəfələrlə
baxılıb oxşanmaqdan əzilmiş kphnə fotolar çıxardı. Beverli bir qədər də yaxına gəlib şəkillərə
nəzər yetirdi. Sahildə gəzişən önəmsiz, adi insanların olduğu şəkillər idi. Sahil boyu qaçan kiçik
uşaqların, bir birinə qısılmış sevgililərin, tənha oturan qocaların olduğu şəkillər. Və hər biri
ustalıqla rəsm edilmişdi. Bu qoca hər yaşda göründüyündən daha artığı olan birisi idi.
- Bu qocanın qəlbi həmişə indiki kimi yaşlı deyildi. Bir vaxtlar gözlərim görülə biləcək gözlliklərin
istəyi ilə alışıb yanırdı, ona görə o gözəllikləri gördüyüm anda o anı tutub saxlamağın yolunu
fotolarda tapmışdım.
Qutunun dibində köhnə kitab səhifələrinin qoxusuna boğulmuş bir zərfi çıxardı. Zərfin qoxusu onu
uzun illər içində gizlətdikləri ilə birlikdə ən diqqətdən uzaq kitabların arasında illər boyunca səyahət
etdiyi ni car çəkirdi, amma son dayanacağı bu qutunun dibi olmuşdu. Zərfi cərrah ehtiyatı ilə açan
qocanın əllərindəki xəfif əsmə Beverlinin diqqətindən qaçmadı.
Qoca Zərfi açıb içindən digərlərindən elə də fərqli görünməyən bir foto çıxardı. Foto
digərlərindən daha az əzilmiş, daha az saralmış görünürdü. İlkin olaraq buna səbəb ona uzun müddət
baxılmaması olduğunu düşünə bilərdiniz. Amma duyarlı insanlar üçün qoca Hinzelmanın sürətlənmiş
nəfəsi və əsən əlləri buna səbəbin şəkilin illər boyu digərlərindən daha ehtiyat və zəriflik ümmanına
boğulmuş şəkildə seyr edilməsi olduğunu anlamaq çətin olmazdı. Beverli şəkilə daha diqqətli
baxmağa başladı. Bu şəkil sahildə çəkilməmişdi. Kiçik bir çayın iki tayını birləşdirən körpünün
kənarları görünürdü. ətrafdakı yaşıllıq öz gözəlliyini ağ-qara şəkildə belə gizlədə bilməmişdi. Bu qoca bu işi həqiqətən yaxşı bacarırdı. Şəkilin mərkəzində körüpünün sürahisinə əllərini dayayıb duran bir qız vardı. Qıvrım olduğu hiss olunan saçları yığılıb çiyinlərindən irəli atılmışdı. Əynindəki sadə,
dizlərinə qədər uzanan donu və duruşundakı zərafət insanın diqqətini tez çəkirdi. Başını arxaya doğru
çevirib gözlərini obyektivə dikmişdi. Üzündəki gülüşə diqqət edən Beverli fotonu incələməyə sərf
etdiyi vaxtda qocanı tamamən unutduğunu xatırladı.
- Əminəm, bu anın xoşbəxtliyini fotoya həkk etməkçün düyməni basmağı sənə unutdurub bu
gülüş.
- Yox, əslində mənə düyməi unutduran başqa şey idi. Barmağını fotodakı xanıma yaxınlaşdıran
qoca fotoya toxunmadan qızın boynu və kürəyini göstərdi. Önə atılan saçlarının ortaya çıxardığı
boynu və göstərişsiz gözəlliyə sahib donunun gizlədə bilmədiyi kürəyi ilkin baxışda diqqətə
çarpmırdı, amma diqqətli gözlərə sahib qocanın cavankən də bacarıqlı olduğu bəlli olurdu.
Beverli gözlərini şəkildən ayırıbbir qədər əvvəl gözlərində işıq yanan qocanın indi daha körək və
yaşlı göründüyünü hiss etdi. Aradan keçən bir neçə susqun dəqiqədən sonra qoca baxışlarını
şkəildən ayırdı və Beverlinin gözlərində bir qədər əvvəl özünün ona yönəltdiyi suallar dolu
baxşşları gördü və gülümsündü.
- Yəqin bu gənc ledinin kim olduğunu bilmək istəyirsən. Qısa desək, gəncliyimin şansı. əlimdən
qaçan şansı. Fərqli fərqli həyatların bizdən alıb apardığı şans. Gənckən duyula biləcək ən gözəl
sevgilərdən birini yaşamışdım. İstəklərimin, zövqlərimin, xatirələrimin, xəyallarımın yenidən
yazıldığı sevgilərdən biri idi. Amma bizdən alınanlar bəzən bizə bəxş olunanlardan daha
böyükmüş kimi gəlir. İnsan itirdiklərinin əlində olanlardan daha böyük olduğunu düşünmək kimi
bir yanlış yol seçir. Bu cür yanlışlara düşmə, quzum. O gözəl cavanlıqdan mənə qalan bax bu şəkil
və ələ də səsimi titrədə bilən xatirələrdi. Bir neçə il çəkən və gənc axmaqlıqlarının qurbanı olan
qışın soyuğunda içini isidə biləcək buğ çıxan şokolad kimi idi duyduqlarım. amma əlimizdə
saxlaya bilmədik.
Bir anlıq gələn susqunluq o şokoladın dadını yenə hiss etdiyini göstərirdi, çünki yaşlı və hüznlü simasına br rahatlama çökməyə başlamışdı. Beverli yanlış nəsə deyib anı dağıtmaq istəmədi. Qoca xatirələrindən geri qayıdıb qaldığı yerdən davam elədi:
- Mənə uşaqlığının arzusu olan özün kimi övlad barədə danışdın. Səni başa düşürəm, gələcək
barədə narahat olursan, iki sevənin arasındakını çox çox illər sonra daha da isidən onların izi olan
övladdı. Amma imkan vermə ki, bu sənə mane olsun. Bir neçə qışı birlikdə yaşadığım qısa sevgi
hekayəsi ömrüm boyu ayaqda durma səbəbi oldu. Əyilməmə səbəbim oldu. Daim uğursuzluğa
düçar olanda dikəldim. Çünki o cür mphtəşəm bir sevgini bu qədər il sonra içimdə hələ də yaşada
bilən insan çox şeyin öhdəsindən gələ bilərdi. Öləndə insanların ən xoşbəxt olduğu anların, ən
çox arzusuyla yaşadıqları şeylərin gözləri önündə sabitlənib qaldığına dair inanışlar var. Bu şəkili
heç vaxt yanımdan və xatirələrimdən ayırmadım. Daim oxuduğum kitabların arasında gizlədib çox
yaşasam, heç zərər görmədən sağlam qalsın deyə çalışdım. Amma yaşlılıq çiyinlərimə çökəndə
anladım ki, məsələ şəkildə deyil, məsələ xatirələrimdədi. Hər anıma sahib olmağı bacaran bircə
qışın sevgisini bu yaşlı qəlbimdə daşımağı bacarmışamsa, maddi varlıqların köməyi olmadan da
gözlərim önündə bu anı dondura bilərəm. Bəlkə də övlada sahib olmadan keçən bir ömrünüz
olacaq, amma daim sürə biləcək bir sevgiyə sahib olacaqsan. Bax buna, bu sevgiyə möhkəm
möhkəm tutun.
Sözləri, səsindəki titrəklik Beverlini kövrəltmişdi. Qocanın dedikləri və demək istədikləri onun üçün
aydın idi. Dərhal ayağa qalxıb sevdiyinin yanına qaçmaq istəyi ilə alışıb yanırdı, amma şəkildəki
gözəllik abidəsinin indi harda olduğu, necə ayrıldıqları, həyatında nələr olub bitdiyini bilmək arzusu
da onu narahat edirdi. Suallar vermək istəyirdi, amma şkəili incəliklə zərfə qoyub digərləri ilə birlikdə qutusuna qoymağa başlayan qocanın dalıb getməsi əlavə söhbət üçün bu günün uyğun olmadığını deyirdi. Qocanı xatirələri ilə baş-başa qoyub ehmallıca otağı tərk etdi.
Iş növbəsi bitmək üzrəydi, əşyalarını yığıb çıxmağa hazırlaşdı. Yaşlılar evində hər kəs kimsəsiz və
yalnız deyildi, bəzilərinin övladları, yaxınları hələ də onlarla görüşməyə gəlirdi. Tək qalmayacaq qədər şanslı olanları vardı. Bu anın nostalgiyası Beverlini həmişə kövrəldərdi, ona görə həmin anda işdə olmağı sevmirdi. Tələsik xəstə yaxınlarının yanından ötüb yola çıxmağa çalışdı. Amma insanlar
arasındakı biri diqqətini çəkdi. Bir xanım. Orta yaşlarında olan, hələ gənclik illərinin gözəlliyini tam
itirməmiş bir xanım. Diqqətlə baxdıqca bu üz cizgilərini hardan xatırladığını anladı. Şəkildəki incə
boynu , kürəyi və qəlb isidən gülüşü olan gənc qızın 20 il yaşlanmış halı idi. Bu daim qış barədə
danışan qocanın yayda çəkilmiş bir şəkili niyə özündə saxladığının izahı idi. Beverli qocanın ona
anlatmadığı daha hüznlü bir hekayəsinin olduğunu başa düşdü. Hər həftə sonu Hinzelmannı ziyarətə
gələb bu qadının zərif gülüş və baxışlarındakı ağır Hinzelmann əzəməti bir neçə qış ərzində çox şeyin
baş verdiyini anladırdı. Beverli üzündə qeyri ixtiyari yaranan gülümsəməsinə bürünüb oranı sürətli
addımlarla tərk etdi. Ağır anında yanında olmalı olduğu böyük bir sevdası vardı və birisi üçün üzünü
güldürəcək gözəl bir kitab seçmək lazım olacaqdı. Bəlkə də əvvəl əzsə, işləri daha əyləncəli hala
gətirə bilərdi.. 

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...