Skip to main content

köhnə adamla yeni ilə

Əziz Oxucu,

2017 bitir.

Uyğun ifadələr tapmaq istəyirəm bu il üçün, amma doğrusu, çətinlik çəkirəm. Çünki 2017 bir az qəribə oldu.

Ən gözəl hissəsi, sözsüz ki, Almaniyada keçən 1 ay idi. İlk dəfə cəmiyyətdən uzaqlaşma şansı əldə elədim. Stressiz, sakit və peşəmə həsr olunmuş bir ay. Bu barədə çox danışmaq istəmirəm. Qoy xatirələri məndə qalsın. 

2017 ilk günləri ilə çətinliklə başladı. Ölümdən böyük çətinliklə döndürdüyümüz bir xanımla daha reanimasiyada işləyə bilməyəcəyim qərarını aldım. Yaşatdığı stres, ağartdığı saçlarla böyük bir ağırlıq kimi içimə çökməyə başlamışdı. Daha nə əvvəlki kimi oxuya bilirdim, nə də yaza. Daim künc-bucaqda xəyalpərəst fikirlərlə dolaşan Həmid getmiş, daim yuxulu, üzündə qayğı olan Həmid gəlmişdi. Bir tərəfdən də müəllimliyə davam edirdim. 2017 bütün bu çətinliklərlə başladı. Bunları bakının küləyindən kiçik bir kafedə çayımı udumlaya-udumlaya yazıram. Bütün o çətinliklərin məndə açdığı çatlaqları necəsə bağlamağa çalışmışam bu 1 ili. Alınacağını sanmıram, çünki son illərin çətinlikləri məni yazmaqdan uzaqlaşdırıb. Bütün bunlara görə səndən üzr istəməyim doğrudur mu, bilmirəm, əziz oxucu. Çünki heç biri məndən qaynaqlanan səbəblər deyil. 


Qısa müddətdə 4 fərqli şəxsi içimdə daşıdığımın fərqinə vardım. Gecələri ölümün astanasında olan şəxslərin qayğısını çəkən biri. Səhərləri universitetdə özünü adi tələbə kimi aparmağa çalışan, qrup yoldaşlarının iyrənc zarafatlarına, ucuz söhbətlərinə dözməyə çalışan biri. günortaları öz tələbələri qarşısında müəllim olan, məsləhət verən, öyrədən və öyrənməkdə ətinlik çəkənlərə səbr göstərməyə çalışıb yanağını içəridən gəmirən biri. Və axşamları öz evində tək oturub divarları izləyib komputerində dinləməsə də, hansısa serial, film izləyib evdə səs çıxmasına çalışan biri. 

Ona görə də xəstəxanadakı işimdən imtina etdim. Məncə ilin əsas dəyişikliyi bu idi. Son 3 ildə sərt qərarlar almaq mövzusunda daha da bacırıqlı olmağa başlayıram. 😌

İlin ortasına çatanda artıq Almaniya yolunu ölçməkdə səbrsizlənirdim. Bir göz qırpımında artıq Memmingen Hava Limanından çıxıb Ştutqarta doğru boş, qaranlıq və kimsəsiz yolda addımlamağa başlamışdım. Söz verməyim, amma bəlkə yeni ildə bu barədə gecikmiş də olsam, bir xatirə yazısı yazaram. 

İlin əsas dəyişiklikləri bilmədiyim, dadmadığım duyğularla tanışlığımdı bəlkə də. İnsanın necə iyrənc və aşağı ola biləcəyi, küncə qısılanda necə ucuzlaşa biləcəyini ya da? İçimdə hiddətlənəndə necə idarə olunmaz birinin yatdığını , bütün o iyrənc insanların bu hiddəti ortaya çıxarması barədəsə danışmağa dəyməz. Amma ən əsası o hiddətə qalib gələ biləndə, bunlara belə empati göstərə biləcəyimi də deyim. Hələki itirilmiş fərd deyiləm. 

2017 bitir. Bu il kitablar mövzusunda necə bacarıqsız oldum, danışmağıma dəyməz, zatən blogdakı susqunluqdan bunu başa düşə bilirsən, əziz oxucu. Sadəcə özümə verdiyim əsas təskinlik budu ki, saya az olsa da səhifəcə bol olan kitablar oxumuşam. Bu il də ötən ilki kimi ilin adamı sözsüz, söhbətsiz Brandon Sandersondur. 

Mənə epik fantastika dolu səhifələr arasında insanlığa dair böyük, çətin suallar verib, onlara dair öz cavablarını ortaya qoyan böyük bir yazardı özü. Bəlkə ona da bir vaxt ayırdım irəlidə. Ki buna da inanmıram. Açıqcası, bir fərd kimi özümə inanmıram daha əziz oxucu. Karyera qurmaqda, öyrətməkdə, yol göstərməkdə çox uğurlu, az müddətdə böyük işlər yerinə yetirməkdə bacarıqlı, amma özü barədə bərbad biri olmuşam təəssüf ki. 

Bu il şəxsimdəki çatlaqları müalicə eləməyə var gücümlə çalışacam. Belə sınıxmış, daim sıxıntılarla dolu biri olmaq gözümı xoş dəymir. İçimdən bir səs başqa illərə nəzərən bu ilin, 2018in digərlərindən daha fərqli olacağını deyir. 

Bunu vurğulamadan keçə bilmərəm, çünki Bakıya gələndən bəri belə bir şeyi etmək həvəsində olmuşam, nəhayət ki, edə bildim. Daim gedib oturub musiqilərini həvəslə dinləyə biləcəyim, kitablarıma dala biləcəyim, təkbaşına qalıb sakitləşə biləcəyim məkan axtarışında olmuşam. Coffee Moffie adlı məkanı il sonunda kəşf elədim. son həftənin demək olar ki, hər günü burdayam. Bir gün mənlə üz-üzə oturmaq istəsən, buralarda olacam, əziz oxucu. Bəlkə də elə bir blogun yazılma anına tuş gələcəksən. Birlikdə şəklimizi baş köşəyə qoymaq sözü verirəm sənə. 🌝


Səni bilmirəm, əziz oxucu, amma mənim 2018 barədə planlarım var. İstəsən, onu sənlə paylaşım:

1. Əslində bu planı 2017 sonunda  gerçəkləşdirmiş olmam gərəkliydi, amma xarab olmuş əsəblərim, dağılmış diqqətim buna imkan yaratmadı. Növbəti ilin ilk planı budu: Mütləq şəkildə Alman dili biliklərimin rəsmi olaraq təsdiqlənilməsi! C1 sertifikatının ilk bu blogda da paylaşacam. Marta qədər vaxt verin mənə. 

2. 2018-də bütün bu çatlaqları ruhumdan süpürüb atmaq fikrindəyəm ! ilk hədəfimə çatan kimi pianoda ifa etməyi öyrənməyə başlayacam. Bəlkə də burda ifalarımdan birini paylaşmağa ürək edəcək qədər bacarıqlı olduğum ortaya çıxar. 

3. iki il öncə çox sevdiyim birisi insafsızlıq edib mənə 1500 parçalıq bir puzzle hədiyyə etmişdi. İki ildi də verildiyi kimi kitab şkafımın üstündədi. Evdəki səssizliyi pozmaq istəyəndə Joe Cocker müşaəyəti ilə diqqətimi puzzle-a yönəldəcəm. Ən azı, yarılamaq diləyi ilə!

4. Kitablar mövzusunda necə böyük sözlər verə bilərəm, açığı şübhəliyəm, çünki artıq tibb təhsilimin sonuncu dönəmindəyəm və həyat yeni bir axına girəcək, amma ən azı bu qədərini deyim: 2013cü ilin sonları idi, Fəridlə ilk dəfə söhbətləşdiyimiz gün Gregory David Robertsdən Shantaram kitabını almışdım. (İndiki qiymətlərə aşina olanlara o vaxt aldğığım qiyməti desəm, yüngülcə bir kriz keçirərlər). artıq 4 il olur ki, oxumuram kitabı. hardasa 120 səhifə oxuyub kənara qoymuşam. Bu il o kitaba bir sonluq verəcəm, Fəridlə dostluğumuzun 5 illiyinə saxlamaq kimi bir nostaljik addım atmayacam, o qədəri bəhanə olar. 😉

5. Mən, deyəsən, çox danışqan olmuşam. Ən çox çatlaqlarla dolu olduğumu burda hiss edirəm. Ətrafımdakı insanlara həddən çox nələrsə danışıram. Bunu ilk dəfədi boynuma alıram. Enerjimi, içimdəki burulğanları həddən çox real, dəqiq və konkret şəkildə ifadə edirəm. Bu səbəbdən də getdikcə daha çox sadələşirəm. Bəlkə də ucuzlaşıram. İçimdəkiləri bur hekayə, bir fantaziya olaraq kodlaşdırmaq ehtiyacı duymuram. İçdən olan hekayələr yazarın içindəki burulğanın ifadəsidi, məncə. Bunu etmədiyimə görə də bu qədər kasad, hətta cibində siçanlar oynaşan kasıb yazara çevrilmişəm. bəlkə də, daha çox yazmağa çalışmamalıyam. Özümə çəki düzən verməliyəm. Belə olanda olduğum kimliyimə qayıdaram, onda əgər yazmaq qabiliyyətim həqiqətən varsa, yazacam.

6. Hələ də burdasan? Hələ də oxuyursan, əziz oxucum? Əgər burdasansa, varlığını hiss etdir mənə lütfən. Dəstəyinə həqiqətən ehtiyacım var. Sırf bu varlığına görə daha çox buralarda olma istəyi əldə edərəm bəlkə də. Hər dəfə bu kafedə oturub indi içdiyim kimi bir isti şokolad içəndə(bəli, yazdığım müddətdə artıq yeni sifariş vermişəm, yenidən sənlə olmağın sevincidi 💖) yeni bir yazı yazmaq həvəsinə düşərəm. Xülasə, Blogda özümü yenidən tapmağa cəhd edəcəm !

7. Cəlal, oxuduğunu bilirəm, Elfə dair nəsə düşünməyə çalışacam, söz verirəm.  Bütün o hirsin, əsəbin arasında doğum gününü unutmağımın acısını hələ də duyuram. Bu qədərini sənə borcluyam.

8. Əziz tələbələrim, oxuyanınız varsa, əl qaldırın ✋ Sizinla il ortasına qədər sağollaşacıyıq, çünki müəllimlik də daimi olmayacaq. Ən azından Alman dili mövzusunda. Geridə qalan vaxtımızı zövq alaq birlikdə ! Öyrənməyin, həvəsin ili olsun 2018 ! Mən sizə öyrədəcəklərim mövzusunda əminəm, siz də öyrənmək həvəsiniz və iradəniz barədə özünüzdən əmin olun.

9. Həyatıma gözəlliklər qatmağa çalışacam. Özümə neçə müddətdi ki sərhədlər qoymaqla məşğulam, sərhədlərin səni daha konkret biri edəcəyinə inanıram. Amma Əgər bir şeyin olacağı varsa, olacaq. Bizim müdaxilələrimiz hər şeyi daha da çətinləşdirir. Bəzən təbiiliyindən çıxarır. Ona görə də bir qədər axışına buraxmaq lazımdı hər şeyi. Xarakterini, şəxsiyyətini yansıtmaq şərti ilə(ən azı bu sərhədi çəkmək problem olmaz, hə? 👌)


10. Aranızda dediklərimi diqqətə alan varsa, gəlin birlikdə 2018-i daha sevgi dolu olaq. Böyük-böyük arzuları, qeyri real və abstraktlıq dolu istəkləri kənara qoyaq. Ruzi, sağlamlıq, uzun ömür və.s. Sevgi dolu olaq. Gözəl gülüşlü birinə qarşı, ya da kiçik bir körpəyə qarşı. Cazibə dolu bir kitaba qarşı. Ya da özümüzə qarşı. İcazə verək sevgi bütün çatlaqlarımızı sağaltsın. Əsas sirr bundadı bəlkə də.

Bu dəfə ömrümüzdən daha bir il getdi deməyəcəm. Ümid və nikbinlik dolu başlamaqda fayda var, məncə. Ömrümüzə daha bir il yazıldı. Növbətisinə ümid dolu baxışlarımızı dikək. 

Xoş sabahlar diləyi ilə,
Kiçik Kəndin Böyük Filosofu.



Comments

  1. Seni daha yaxindan tanidiqca kicik vucudun içindeki bele boyuk bir ureyin olmasina heyran olmamaq olmur.Hem sohbet esnasinda ,hem yazilarinda bu ureyin enerjisini hiss etmemek mumkun deyil.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...