Əziz Oxucu,
Keçən gün kitab oxumağa başlama yaşı və səbəbiylə bağlı bir sorğu
gördüm. Yadıma düşən hekayələrdən sonra bir sevimli gülümsəmə gəldi üzümə. Endirimdən aldığım iri cildli kitabın çantamdakı
ağırlığının xoş duyğusu da vardı üstümdə, çay qırağında oturub beləcə axdım getdim o illərə.
![]() |
| "Uşaqların təhlükəli olmadığını düşünənlər ya heç uşaq olmamışlar, ya da uşaq olmağı unutmuşlar". #patrickrothfuss #thekingkillerchronicle |
Hekayədən hekayə doğar. İlk kitab macəramı yadıma saldıqca ondan sonra olanlar, ta universitetə qəbul olana kimi keçən günlər yadıma düşdü. Paylaşmaq istədim, heç yazmayan, uydurduğu hekayələri danışmayan bir kəndin filosofundansa, heç olmasa uşaqlığından danışan bir kəndin filosofunu üstün tutarsan düşündümş
V sinifdə oxuyanda
bacım evə mavi rəngli üz qapağı olan bir kitab gətirdi. Üstündə dalğalarla
mübarizə aparan bir gəmi şəkli vardı. Hamımızın uşaqlığının bir parçası olub, yəqin
ki, Kapitan Qrantın uşaqları. Bacım kitabı xısın-xısın oxuyurdu. Mavi rəng o qədər
cazib gəldi ki, götürdüm, oxudum. O çəkic balığının qarnının yarıldığı, 3 fərqli
dildəki məktubun parçalarını yenicə birləşdirməyə başlamışdılar ki,
Bacım içəri girdi.
Kitabı əlimdə gördü, hamınıza tanış olan o bacı-qardaş dava-dalaşından biri başladı. Kitabı alıb şifonerin ən üst köşəsinə qoydu.
Kitabı əlimdə gördü, hamınıza tanış olan o bacı-qardaş dava-dalaşından biri başladı. Kitabı alıb şifonerin ən üst köşəsinə qoydu.
Nəysə, saatlar ötdü,
bütün bacılar televizor qabağında sırayla yerdə oturub TRTdə “Ay savaşçı”sının
seyrinə duranda çəlimsiz ayaqlarımı sürüyə -sürüyə otağına süzüldümş Boyum 1 metri keçməzdi. Əldə etməyim mümkünsüz görünürdü. Stulun
üstünə çıxıb kitabı götürdüm. Arxalarında divanda oturub ayaqlarımı qarnıma
yığdım kitabı dizlərimlə sinəm arasına sığışdırıb oxudum. Bacım fərqinə vardı
cizgi film bitəndə. Yenə aldı. Beləcə ilk dəfə kitabxananın yolunu tutdum. Başqa
bir yazıda bəhs etdiyim Əlzahir əmi ilə tanış oldum. O kitab da daxil olmaqla
onlarca kitab oxudum bitirdim. Tək başlamaq səbəbimsə bacımın məzmunsuz, uşaqcasına qoyduğu qadağa oldu.
VIII
sinifdə oxuyanda Əlzahir əmi sirr verərmişcəsinə qucağıma “Ovod”u qoydu. Evə gəlib
oxumağa başladım, qanımı qaynadırdı kitab. Anam güclü ədəbiyyatçı, ixtisasının
bilicisidi, amma analıq sindromu tutdu, kitabı görən kimi aldı. Sənə uyğun
deyil deyib kitabxanaya geri qaytardı, Əlzahirə də acıqlandı belə kitablar verməsin deyə. O
kitabı oxudum. Gec oldu, universitetin III kursunda oldu. Amma oldu.
Əlizahir əminin mənə təklif edə biləcəyi latın əlifbasıyla kitabı
qalmamışdı. Həm də bir lüğət kitabı it-bat olmuşdu deyə kitabxanadan kitab
götürməyimə icazə vermirdi. Beləcə kənd kitabxanasını kəşf elədim. Tanrıverdi
dayı xəzinə kimi adam idi. Dəqiq xatırlamıram, deyəsən, dünyasını dəyişib.
“Əsl İnsan dastanı”
ilə orda tanış oldum. Bir SSRİ propaqandası idi, amma Maresyev ilə qanqrena
olmuş ayaqlarla o kolluqlarda sürünürdüm, sanki. O duyğunu yəqin ki, sən də
bilirsən, əziz oxucu. Xırdalığa gərək yoxdu.
Bir gün o tozlu kənd
kitabxanasında “Spartak” keçdi əlimə. Evə gətirib gizli – gizli oxudum. Amma anamın
radarına düşdüm yenə. Geri qaytartdırdı. Amma onu iki il gözləməli oldum. X
sinifdə rayonumuzda bir lisey açıldı, qəbul oldum, kitabxanasına girən kimi ilk
götürüb ordaca oxuduğum “Spartak” oldu.
Rus dili və ədəbiyyatçısı
olan xalam bir gün yanımda “Dekameron”dan danışdı. Gözümün önündə canlandırdım, vəbadan
qaçıb bir binaya sığışan 10 nəfərin bir – birinə qəribə hekayələr danışmasını. Çox
təkid etdim kitabı versin deyə.
Vermədi. Üstünə bir də
kitabın uzun müddət SSRİ-də qadağa edildiyini öyrənəndə təkidlərim daha şiddətli oldu. Universitetə qəbul olandan sonra verəcəyini dedi. Bəlkə də unudaram düşünmüşdü.
Amma universitet nəticəm çıxan kimi qapısında bitdim. Etiraza yer qoymadan
kitabı aldım, oxudum.
Sual bu idi: sizi
oxumağa itələyən nə olub?
Qadağa. Qadağalar bu
gün məni olduğum yerə gətirib. Bəzən düşünürəm, qarşılaşdığım o qadağalar
olmasaydı, nələr olardı? Jan Valjanı tanıyarmıydım? Tanısam belə, buna önəm verərdim
mi? Hər vicdanımla hesablaşmalı olduğum hadisəylə üzləşəndə yerinə həbs olunan
adamın ölümünə maneə olmaq qərarını aldığı gecədə özüylə dəlicəsinə etdiyi söhbəti
xatırlayardım mı?
Çox fəlsəfə yürütməyəcəm,
sadəcə demək istədiyim odur ki, nəticəsini dəqiq hesablaya bilməyəcəyin
qadağalar qoyma, əziz oxucu. Çünki hər ailənin dərdi yaşına uyğun olmayan
kitablar oxuyan uşaq olmur. Bəzən o qadağaların təsiriylə bir Kəndin Filosofu
yaranır.
Bəzənsə diblərə enən yolun qapısı.

Comments
Post a Comment