Skip to main content

zövqlər, peşələr, sahillər

                 Əziz oxucu,

                Günlərdən şənbə, geri qalan həyatımızdan bir öncəki gündü. Önümdə yeni dəmlədiyim kofe, qarşı kreslonun küncündə "Kardiologiyaya giriş" kitabı, masam üstündəsə Michael Chabondan „Telegraf bulvarı“ məzarlığa baxan binanın balkonunda oturmuşam. Bir gotik ədəbiyyat nümunəsindən çıxmış qorxunc personajlara şəkildəyəm, saçlar qarışıq, fonda „The velvet underground“dan „Heroin“ .
"Mən bu kitab mağazasını bir kitab yazırammışcasına yaratdım. Hər otaq bir bölüm kimi. İstəyirəm ki, insanlar burdakı otaqları açanda sanki bir kitabı açdıqları hissinə qapılsınlar, elə bir kitab ki, onları öz xəyallarında sehrli bir dünyaya aparacaq." 
George Whitmann, Paris, Shakespeare and Company. 

       

        Ortama dair bunları sadalamaq səbəbim həm məni, həm də danışmaq istədiklərimi təkcə anlaman yox, həm də hiss etməndi. Amma başlamadan öncə, necəsən? Həyat necə gedir? Aşağıda yazmaqdan çəkinmə. Bunları oxuyursansa, bir az söhbətləşək. Bəlkə sənin də deyəcək bir şeylərin var, əziz oxucu.
                Dostlarından, sevdiklərindən, özünü evdə hiss etdiyin yerdən, özünü evdə hiss etdirən şeylərdən uzaq düşəndə ona dair şeyləri daha böyük maraqla izləyirsən. Dünən çətin iş günündən sonra evə gəlib yatağıma çökdüm. Bir xəstəni yaxşılaşdırıb evə yola saldım, miqrant idi, 4 uşağı və yoldaşı ilə keçirə biləcəyi 3 günü qalıb, şəhərdə icazəsi itmədən. Bir yaşlı xəstə isə nəfəs yolları xərçəngindən qaraciyərinə, mədəaltıvəzisinə metastazla ağrısını azalda biləcək hər cür dərmana razı olub həftəsonunu xəstəxana otağında keçirmək əvəzinə oğulları ilə evində keçirməyi seçdi. Birindən sevinclə sıxdığı əlimdə üzündəki gülümsəməsinin imzası qaldı mənə, digərindən vəziyyəti qəbullanmayan oğullarının üzgün üzlərindəki kədər. Özümü yapon duşundan fərahlanmış yox da, döyülüb çıxmış kimi hiss edib yatağa atdım. Əlimə bütün gün toxuna bilmədiyim telefonu aldım, vətəndə hər kəs son zəngini qeyd edirmiş. Yeniyetmələr peşə seçiminə gedir, həyatlarının bir dönəmini bağlayırlar.
                Yadıma öz son zəngimiz düşdü, daha bir dəfə o günkü qədər əylənmə şansı əldə etməyi arzulayıram, həqiqətən. Bilmirəm sən də mənlə o son zəngi yaşayanlardansan mı, əziz oxucu, amma çox əylənmişdik. Kiçik, önəmsiz, istinin şahə qalxdığı bir yerdəki „Babilin Asma bağları“ idi məktəbimiz. Uçmaq üçün bircə qanadlarımızın əskik olduğu yeri tərk edəcəkdik, yeni sahillər, limanlar ümidiylə öz „Duncan“ gəmimizin lövbərini itiləyirdik. Hansı peşəylə, necə bir motivasiyayla məşğul olacağımızı çox da yada salmırdıq, əsas olan yeniliklər idi. Sənin peşən nədi, əziz oxucu? Özünü o işin içində necə hiss edirsən?
                Arada düşünürəm ki, biz yeniyetmələrdən həddən çox şey istəyirdilər, verdiklərinə qarşılıq. Kiçik, özünü dəniz sanan çirkli bir gölün sahilindəki, qadağalar, qınaqlar, öhdəliklərlə dolu bir ölkədə böyüyən 16 – 17 yaşlı yeniyetmələr olaraq böyük insanlar kimi qərarlar almamızı gözləyib, o qərarları özləri verirdilər. Həyatımın hansı mərhələsində həkim olmaq qərarını aldım, məsələn? Ya da ümumən qərar aldım mı?
                Keçən günlərin birində aşağıdakı status çıxdı qabağıma, 


öz kitabxanamı qurmaq üçün çabaladığım, aylıq „xərcliyim“dən xırda – xırda hissələr ayırıb Stephen King kitabları almağa çalışdığım vaxtlardandı bu yazı. Problemin qoxusunu almışam, amma içimdə qaynayan şeyin qapısını aça biləcək sualı verməmişəm.
                Bir motivasiya seminarına qoşulsan, sənə işinə gedib, ondan zövq almanın gözəlliyindən danışarlar. Zövq alacağın işi seçməni təbliğ edərlər. Evə qayıdıb valideynlərinlə bu barədə danışsan, işini görüb zövqünü evə saxlamanı deyərlər. Bəs zövqlərin, necə? Zövqlərin sənin işin olsa?
                Tələbəykən reanimasiya şöbəsində işə düzəlmişdim(adının romantik pafosuna aldanmayın, həyata dönüşün olduğu yox, həyatdan kontrol altında gedişə şahidlik edən şöbədir daha çox). Yuxusuzluqla, ürəyi dayanan insanların döş sümüyü qırılana kimi elədiyin ürək masajının izi ilə səhər universitetə gedib boş zarafat, lağlağılarla dolu tələbə yoldaşlarınla, dərs vaxtının bitməsini gözləyən müəllimlərlə  günün bitməsini gözləyirdim. Evə gələndə üzümü güldürən tək şey kitablarım idi. Hər yerdəydilər. Ayaqqabı şkafının üstündə, mətbəxin pəncərəsində, yataq otağı komodunun çəkməcəsində, hətta hamamda. Evin hansı küncünə getsəm, biri ilə rastlaşırdım. Bax, həmin günlərdə, hətta daha – daha əvvəlində, məktəb illərində özümə rol – model olaraq “Mayor”u seçdiyim “Kapitan Qrant”lı günlərimdə bu vəhşicinə aclıq duyduğum zövqümün mənim işim ola biləcəyini pıçıldasaydım qulağıma? Bu gün harda olardım? İndiki kimi təkcə gicgahlarımda yox, çənəmdə də ağ tüklər olardı mı?
                Məsələn, ingilis ədəbiyyatı üzrə filologiya seçsəydim? Mükəmməl ingiliscəyə sahiblənib bu gün Qlasqoda ya da Londonda bu mövzunu akademik səviyyədə öyrənsəydim? “China Mielville: ənənəvi ingilis ədəbiyyatı yox, ənəvi Elmi – fantastika da yox, urban fantastika”, “Neil Gaiman – rock səmasında   mifik bir ulduz: Məhşərin Dörd Atlısı, yoxsa fast food və plastik tullantılar?”, “Connie Willis: Rahib ölməliydi?”, “Michael Moorcock: zamanda geri gedə bilən bir moronun sahib ola biləcəyi ən yaxşı peşə – Məsih!”, “Terry Pratchett: mənim Tanrım bu qırmızı zəhrimardı” kimi bir az məzəli, bir az  uçuq işlər yazsaydım? Portuqaliyada özünü okean hesab edən okean sahillində, kiçik bir şəhərdə ingilis dili və ədəbiyyatı müəllimi işləsəydim? iki masanın üstündə durub şagirdlərim dəlicəsinə bir şövqlə Poe şeirləri təkrarlatdırıb, hər kəsin plagiat Jean Claude Van Damme hesab edəcəyi tərzdə, əslidəsə daha qədim bir plagiat olsaydım?
            Axşam klinikada növbəm var yenə. Qalxım bir şeylər hazırlayım gecə üçün yeməyə. “Telegraf bulvarı”nı da çantamın gizli cibinə qoyum, işdi, boşluq olar birdən. 

"Uşağın arxasını silmək, döş ucundan süd sıxmaq, süd qusuntusunu qab-qacaq əsgisiylə silmək, bütün bu önəmsiz vəzifələr və prosedurlar aşılması lazımlı bir neçə pillədi. Yerinə yetirilməsi gərəkən öhdəliklər, öhdəsindən gəlinilməli olan səssiz gərginliklər, dözülməsi lazımlı növbələr.. On the Corner(Columbia, 1972) albomunun üstündəki aldadıcı buraxılış möhürünü, ya da Marcus Aureliusun Düşüncələr'indəki əsas hissələrin anlamını aydınlaşdırmaq üçün fikrini toplayarsan, maraqlı plaklarla dolu bir qutunu tək əllə çeşidləyərsən və sən hələ fərqinə belə varmadan mürgüləmək vaxtı gəlib çatar, anacan evə çoxdan çatıb və sən yenidən işinin başına qayıtmaqda azadsan. Ordudakı kimi: diqqətli ol, ağlını qorumaq üçün quru, sərin bir yer tap və hər şey bitənə qədər səbrini sıx. Təbii ki bir fərqlə: bu heç bir zaman bitməyəcəkdi. Ağlını harda gizlədirsən gizlət, ya da hansı qaydalara istəsən riayət et, atalıq vəzifəsindən qurtuluş yoxdu. Ölsən belə xeyri yoxdu. Canlı ya da ölü, ya da minlərcə kilometr uzaqda olsan belə nə prosedur, nə də bir sürü qaydalar olan, əksinə illah da bir şey eləmən, gerçəkləşdirmən, hətta nəsə demən istənmədən, davamlı olaraq diqqətini yönəltməli olduğun bir vəzifən olacaq. "
"Atalıq pulundan, bədənindən və ya zamanından artığını tələb edir, nə saatla ölçüləsi, nə də fiziki olan bir "orada"lıqdı bu. Ucu açıq, sonsuz və gözlə görülməyən bir şeydi, eynilə yerçəkiminin ulduzlara həsr edilməsi kimi.



Comments

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...