Skip to main content

Mübaliğəsiz


Əziz oxucu,

Bu bir gecikmiş yazıdı. Niyə gecikdiyi barədə özümün də dəqiq bir fikrim yoxdu. 2012-ci ildən bəri bu bloqda hər yaşımın yaşatdıqlarına, düşündürdüklərinə, xəyal etdirdiklərinə uyğun nəsə yazmışam. 

Bir redaktə marafonu başlatsam, yüksək ehtimalla yazıların 90 faizi silinəcək, çünki cəfəngiyyatdan ibarətdi. Amma silmirəm, pqylaşmağa mümkün qədər davam edirəm. 
Bəzi səbəbləri də var, çünki bura rahatlıqla sözlər verib, sonrasa yerinə yetirmədiyim, məsuliyyətini də özümün daşıdığı, özümçün əylənib, özümçün vaxt keçirdiyim tək yerdi. 

Az - çox buralarda gəzişmisənsə, bilirsən ki, bundan öncəki illərdə il sonu 3 standard yazı ilə keçib. 
  •  21 dekabr yazısı, hansı ki bloqun yaradılış  gününə həsr olunurdu(və 2018'dən etibarən həm də aşiq olduğum xanımın doğum gününə təsadüf edirdi, ya da etmirdi, kim bilir? 😉)
  • Yeni il yazısı, il ərzində oxuduqlarımdan, öyrəndiklərimdən, irəliləyişlərdən danışardım
  • Və doğum günü yazım. 
Bu il sonu və yeni il öncəsi üçü də yazılmadı. Xüsusi bir fəlsəfi, ya da duyğusal səbəbi yoxdu, sadəcə yazılmadı. Vaxt tapmadım, çox tənbəl oldum və ən əsası, iş rutinim məni tükədir. İş həyatını bu cür bitirici düşünəməmişdim. 

Bir az söhbətləşək? 


Evin tam yanındakı Milad üçün
bayram standından kiçik bir mənzərə
Artıq 10 aydı ki, peşəmlə məşğulam. Həkiməm Almaniyada. Çox məmnun olduğum balaca bir şəhərdə kiçik 2 otaqlı ev kirayələmişəm, şəhərin Tarqovısı kimi bir yerdədi, pəncərəsi dağlara açılır, sağ tərəfdə bayram festivalı üçün qurulan şənliyi görə bilirəm, sol tərəfdəki meydandasa qəzet oxuyan bir yaşlı adam heykəli var, arada pəncərəni açıb seyrə dalıram. Uzun sözün qısası, evdə olduğum müddətcə həyatdan çox razıyam. 



O məşhur şəkillər sərlövhəsi və kitab rəfim 
Evi getdikcə muzeyə çevirirəm, bu gün ölsəm, əlavə bir şey etməyinə ehtiyac yoxdu, qapını açıb bir başa muzey kimi istifadə edə bilərsən. Divarlar sevdiyim filmlərdən rəsmlərlə doludu, nəhayət ki, böyük bir kitab rəfim var(hətta o qədər çox kitab almışam ki, ikinci rəfi sifariş verməyin vaxtı gəlib artıq. Dünən yazı masası və yumşaq bir kreslo da qoydum pəncərə kənarına. Yazmaq üçün yeni köşəm var. 

Doğum günümdə bir dost ən çox istədiyim şeylərdən birini hədiyyə etdi, grammafonum var. ♥️ müthiş görünür, bir neçə val da ala bilmişəm, sürətimi elə almışam ki, hər gün val sifariş verirəm, görünür, yaxın müddətdə bunun üçün də rəf alası olacam ayrıca. 

Ekrandakı Witcher-dən səhnə deyil,
Tottenham-in qətliamıdı  
Və ən əsası, uşaqlığımın ən böyük istəklərindən biri, Playstation qurdumu da öldürürəm. uşaq olanda xalamoğlunun Playstation 1 varı idi, mənim üçün uzaq bir həyat lüksü idi, ona görə ilk əlimə imkan düşən kimi gecikdirmədən aldım özüm üçün. Divana yayılıb bir şeylər düşünmədən, işi, yuxuda da rahat buraxmayan xəstələri, problemləribir kənara qoyub, beynimi söndürüb instinktləri işə salmaq, başqa bir rəngli dünyaya girmək, Geralt of Rivia ilə canavar öldürmək inanılmaz həzz verir.


səyahətlərim boyunca kəşf etdim ki,
mənim körpülərə xüsusi bir marağım var,
Speyer şəhərində Neckar çayı sahili.
Keçən il əməliyyat oldum. Bir az nasaz idim, yeriyə bilmirdim. Onu bəhanə edib velosiped aldım, özənti adamam axı, gedib gümüşü rənglisini alıb adını da "Silver" qoydum( Stephen King'in "IT" kitabına göndərmə olaraq). Sonra da gaşlı bir xala üstümə dırmaşdı elektrovelosipediylə. Təkərləri yüngülcə əyilib, amma hələ də daşıya bilir məni. Qəzadan sonra əsl "Silver" olub, tez yaşlanmış, amma hələ hərəkət edir.
21 Yanvar, 2019-cu il. Simmern qəsəbəsi.
2019'da 23 yaşım tamam olanda Allahın da unutduğu şəhərdəydim, adını belə xatırlamaq istəmirəm, praktika keçirdim. Bakı küləyindən nifrət edən biri olaraq dörd bir tərəfi yüzlərlə külək dəyirmanı ilə doluydu, "Jung Cafe" adında kafesində ancaq 60 yaş üstü nənə-babalar və mən var idim.  bu soldakı statusu ordaykən yazmışam. tək-tənha milad və doğum günü keçirmişdim, canım ağrıyırdı. O an yazanda mənimçün sadəcə bir status idi, gerçəkləşməsini növbəti illər üçün təxmin edirdim. Amma dövranın başqa planları var imiş mənim üçün. 

möhtəşəm, unudulmaz Roma. 
Bəzilərini gerçəkləşdirdim.
Roma küçələrini dolaşmaq xüsusi bir duyğu idi, insan özünü kiçik, fani və unudulub gedəcək gərəksiz varlıq kimi hiss edir. Binaların təxəyyülə sığmayan iriliyi, abidələrin hər bir xırdalığına qədər düşünülmüş incəliyi.. və, əlbəttə, Roma kolizeyi. Orda olmağı çox uzun illər xəyal etmişəm, amma yaxınındaykən bu binanın içində axan qanlar ağlıma gəldi, bir az günahkar hiss etdim. Amma, buna rəğmən, Kolizey insanlığın vəhşi şanına tikilmiş ən müthiş bina olmağa davam edir və edəcək. 










Eyfel qülləsi şəkillərdəki, filmlərdəki qədər
gözəl deyil, əksinə ən az Mopassanın
dediyi qədər çirkindi, biləsiniz. 
Parisin özünü sevməsəm də, 'Shakspeare and company' mağazasına girə bilməsəm də, ən vacib şeyə nail oldum, o Paris gecəsini yaşaya bildim, Sena sahili boyunca gecə qaranlığında yürüyüşə çıxdım. Eyfelə dair onu deyim ki, özünüzü o filmlərdəki kimi hiss edə bilmirsiniz, çünki Bakı ilə çox ortaq yanları var. Hər tərəf çəpərlənmiş vəziyyətdədi, səyyar qanunsuz satıcılar ətrafı doldururub və təhlükə duyğusu adamı sakit buraxmır. 

          

Bura Vyana xalq kitabxanasıdı. Xəyal kimi məkandı,
ölsəm, icazə alın, burda basdırın məni.
Vyana şəhərinin nağılvariliyi barədə danışmağıma dəyməz, gənclik xəyalı kimi şirin idi, amma Vyana teatrında ayaqüstə də olsa, maraqlı bir tamaşa izlədim, unutmayacağım nadir bir xatirə idi. Vyana xəyallar şəhəridi, özünün yetişdirmədiyi, amma Avropanın ən önəmli tarixi dəyərlərini özündə birləşdirib, küçələrində yorulmazsınız, enerjiniz heç tükənməz. Tək üzüldüyüm şey lunaparkda unutduğum Joe Hill kitabımdı. Kitabı yenidən almaq olar, amma arasında Parisdən və Brüsseldən aldığım kiçik şəkillərdi. 

tək səyahət etməyin mənfi tərəfi
yadların bərbad çəkdiyi şəkilləri
yenidən çəkdirə bilməməkdi
Praqanı, təəssüf ki, qarlı bir gündə görə bilmədim, amma qarsız da Praqa dəfələrlə qayıdacağım, dünya içində dünyadan uzaqlaşmaq üçün ən vacib şəhərim olacaq. İçimdə o qəti düşüncəni hiss edə bilirəm. Hələ ora çox gedəcəm və, bilmək olmaz, bir gün qarını da görəcəm.
Şəhərin nağılvariliyini, ruh sakitləşdirən təmizliyini qoyuram bir kənara, Trdelnikin dadını unutmaq olmur. getsəniz, mütləq dadın.







Bunlarla bəlkə anlamış olarsan, əziz oxucu, niyə yuxarıda dediyim 3 yazını yaza bilməmişəm. O qədər dolu və o qədər qarışıq il idi ki. 

Bir klinikada həkim kimi işləyirəm indi. İşimdən razıyam mı? 
Yeni şeylər öyrəndikcə, insanlara kömək etdikcə canlanıram, sevinirəm. 
Amma işimdən razıyam mı? Bu peşəylə bir ömür yaşaya biləcəm mi? Bax, onu bilmirəm. O qeyri-müəyyənlikdən birazca narahatam. Çünki məmnun deyiləm, çox yoruluram, sinir sistemim çox yüklənir. Əmin deyiləm, amma mən yazmaqdan, sən də oxumaqdan vaz keçməsən, birlikdə öyrənəcəyik bu kiçik kəndin filosofunun axrı nə olacaq, hekayəsi necə davam edəcək. 

Amma bir şeyi indidən dəqiq deyə bilərik: yenə tutacağım barədə ikimizin də şübhə içində olduğumuz sözlər verə bilərəm. 😌 gözləməyə davam elə o ulduzların səmadan yerə çaxıldığından qorxan uşağın hekayəsini oxumaq üçün. 

Birazca da gözlə, ya sənə çox gözəl hekayələr danışacam, ya da danışa bilməməyim barədə çox gözəl hekayə danışacam. 
Elə də belə də, dinləniləsi hekayəm var. 




Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...