Dostların, - pivə ilə şərabı
qarışdırmamalısan, -deyəndə dinləməliydin.
Gecə yarısını keçmişdi, evə qədər yolu düz xətt
üzrə yeriyə bilməyəcək qədər içkiliydin, Pivə və şəraba dözmək olardı, bəlkə.
Amma o sonuncu palıd vodkasını sifariş verməsən də, olardı, - deyə düşünürdün. Qanda
o qədər alkoqolla nə qədər düşünmək mümkün idisə.
Evə qədər düz yolu getmək 10 – 15 dəqiqəni
alardı.
Amma getmədin. Daha uzun yolu seçdin. Ayıq olsaydın, yəqin ki, -
başımıza gələnlər getməli olduğumuz yollara sadiq qala bilməməyimizdəndi çox
vaxt, - sitatını yada salardın sevdiyin yazıçıdan. Ancaq indi ofsiant qızın
arxası ilə sevdiyin yazıçının sifətini fərqləndirə bilməyəcək qədər içkiliydin.
İlk yarım litrlik pivə qədəhini sürətlə
boşaldandan sonra dostların, - nə haydı? Təzə başlamışıq ki, - demişdi. –
İsinirəm, - deyib ikincini sifariş verdin.
Niyə bu qədər çox içdiyini xatırlamamaq üçün
çox içirdin, amma indi xatırladığın tək şey içmək səbəbin idi. O ağacın dibində
çöməlib mədəndəkiləri ilk boşaldandan sonra gözün önünə gələn mənzərə yad
deyildi, bu səhər növbəni təhvil verməmişdən 2 saat qabaq yaşadın hamsını.
Neçənci xəstəydi bu? Neçənci xəstəydi ki, gecə
növbəndə ruhu uçub getmişdi? Bu ifadəni dəfn mərasimlərində eşidəndə çox hirslənirdin.
Uçub gedən ruh görmürdün, gördüyün çırpınan, çarəsizcə baxan gözlər idi.
Ağrıkəsici üçün tibb bacısını çağırmaq üçün
bayıra çıxmaq istədin, qadın qolunu tutub sıxdı, buraxmadı. Yanından ayrılmağını
istəmirdi. Tək ölməkdən qorxurdu.
Sonra da qolunun üstünə qusdu.
Ölülər məsumdular, - düşünmüşdün tələbəykən ilk meyidi yaranda. –
Məsumdular, dinmirlər, gözləntiləri yoxdu, xilaskar Məsihə baxarmış kimi
baxmırlar adama, gözlərini aralamadıqca bəbəklərini görmürsən, görəndə də diri
adamın gözünün dibindəki o parıltı olmur, kablosunu elektrikdən ayırıblar
sanki.
Bu fəlsəfənin ağırlığını praktikada gördün
sonralar, keçinən xəstəyə ürək masajı eləməkçün yorulan həkim sənlə yer dəyişdi.
Məsumluğa gedən yol əzabdan keçir, - keçirtdin ağlından kişinin gözləri yavaş – yavaş çevriləndə.
İndisə xəstə əlinə qusmuşdu.
O ağacın dibinə mədəndəkiləri boşaltdığın gecə
yarım qaldı. Necə yarım qaldığını xatırlamırsan. Qusuntunun üstündə sürüşüb
yıxıldın? Yolu keçmək istəyəndə maşını görmədin? Soyuq arxa yıxılıb boğuldun? Ya
evə birtəhər çatıb içməyə davam etdin?
İçini gəmirən o sualı unutmaq üçün çox
çalışırsan, amma ağlına yayılıb. Nə qədəri sənin günahın idi? problemin nədə
olduğunu nə qədər əvvəl tapsaydın, o qadın hələ də sağ olardı? Nə qədər?
Ürəyi qanı pompalaya bilmirdi, Qaraciyərinə
metastaz çoxdan yayılmışdı. Amma problem bu idi?
Yox, özün də bilirdin.
Bəs o laxtalanma azaldan dərman? Neçə gün idi
verilmirdi? Bəlkə ağciyər damarları tutulmuşdu? Ona görə nəfəs ala bilmirdi?
Özünü necə çarəsiz hiss etdiyini bilməyə nifrət
edirdin. O ağacın dibində öz qusuntunun yanında oturub qalmaqdan, evsiz əyyaş
kimi ağzının suyunun çənəndən axmasından, qəhərlənib danışa bilməməkdən, sözlərin
tıxanıb sinəndən çıxa bilməməsindən, havanın qatılaşıb yuxarıya, səs tellərinə
üfürülmək yerinə, sanki yapışqan mazot kimi aşağıya axmasından daha da çox nifrət
edirdin bundan.
Gecə yarsı həkim otağındaydın, yuxu tutmurdu,
iş kompüterinə yüklədiyin pirat elektron kitabı oxuyurdun. Maykl Şeybon idi. Kəlimələr
ekranda axıb gedirdi, amma bütün fikrin qadının yanındaydı. Tibb bacısı qadının
nəcisində təmiz qan gördüyünü demişdi. Dərman siyahısına baxanda o dərmanı görmədin,
rahatlamışdın, laxtalanmaya qarşı dərman atmırdısa, bağırsaq qanaxması da bu dərmana
görə ola bilməzdi. Çox da deyildi qan, onsuz. Sabaha qədər gözləyə bilərdi. Otağa
gedəndə beyninə o balaca siçovul balası soxuldu, dişinə keçirdi kiçik
parçalarını. Bəs o dərmanı neçə gündü atmırdısa, hansı fəsadı olacaqdı bunun? Qadın
günlər idi yataqdan çıxmırdı, birdən hansısa damarını tromb tutsaydı? Birdən
ağciyər arteriyasını..
3 saat sonra da zəng edib ayıltdılar yuxudan,
qadın nəfəs ala bilmirdi. İnhaliyasiya, yüngül nəfəs borusu genəldici dərmanlar
kömək etmədi. Yadına o dərman düşəndə gec idi, üşüyüb geyindiyin ağ həkim
xalatın artıq qusuntuyla bulanmışdı. Xəyallarındakı kimi deyildi, qana bulanmış
əməliyyatdan çıxan qəhrəman cərrah deyildin, xəstə qocaların yatdığı şöbənin
gecə növbəsindəki aciz həkim idin.
İlk morfin dozasını qadının göbəyinə vuranda təmiz
əlinlə qadının çiynini oxşadın, - indi yaxşı olacaq, keçəcək bir azdan, -
dedin.
Bura necə gəldiyini xatırlamadın hələ də.
Ruhun uçdu mu, bilmədin. Uçmaq qədər xəfif bir şey idi mi bədəndən ayrılış, maddi
dünyadan ayrılış, bilmədin.
Bunun öz qusuntun içində, bir ağacın dibində
büzüşüb soyuqdan titrəyə - titrəyə gördüyün bir yuxu olub olmadığını düşündün.
Ağlına, - ölüm əbədi yuxudu, - fikri də gəldi. Elə idisə, burda, getdikcə
qatılaşan döşəməli zalda əbədi yuxunun içində həbs olmaq qorxunc göründü sənə.
İkinci morfin iynəsini göbəyinə batıranda
qadının gözlərinə baxmamağa çalışırdın. Ağlında növbəti gün çox içməli
olacağını düşünürdün, dilin, - hər şey yaxşı olacaq indi, - demək istəyirdi,
amma səs tellərin kömək etmirdi, mazot aşağıya doğru axırdı yenə.
Bu dünyadan köçüb köçmədiyini soruşdun özündən.
İkisi arasında bir yerdə ilişib qalmaqdan qorxurdun. Maddi dünyada qalıb
Valjanvari vicdanının qamçısıyla başqa xəstələrçün ən yaxşını ortaya qoymaq
olardı. O biri tərəfə keçib ölümdən sonrakı mütləq heçlikdə silinə bilərdin, ya
da ölümdən sonrakı dünyanın qaranlıq dindirilmə otağında yellənən alçaq lampa
işığında masa arxasına keçməyə razı idin, qadının sönüb elektrikdən ayrılmış
gözlərindənsə hikkəylə baxan gözlərini, səni günhlandırışını, və ya morfin
uyuşuqluğu ilə dolu əzabsız “bu dünyadan ruhunun qanadlanıb ayrılışına” görə təşəkkürünü
qəbul etməyə hazır idin.
Amma ən pisindən qorxurdun, ikisi arasındakı
naməlumluqdan. Mazot yağı dolu çarəsiz bəlirsizlikdən. Bu kimsəsiz, ədəbiymiş
kimi görünən zaldan.
Dostların, - pivəylə şərabı qarışdırmamalısan,
- deyəndə dinləməliydin.
Comments
Post a Comment