Axı o bunları necə edə bilərdi? Yox ağılsız deyil. Bəlkə də, tanıdığım
ən parlaq zəkalı adamdır. Ola bilər ki dəli olub, amma ağlını itirməyib. Yenə
də heç bir şey onun əməllərinə bəraət qazandıra bilməz. Sevdiyim şəxs qarşımda
durur, insan haqlarını, ətraf aləmi həmişə müdafiə etmiş insan əlində tapança,
içi al-qırmızıya bürünmüş gözlərlə mənə baxır. Mənsə orada ancaq boşluq
görürəm.
Dünən ilk dəfə ana oldum. Təbii doğuşda çoxlu qan
itirdim, övladımın üzünü də görə bilmədən huşumu itirdim. Lazım olan hər şeyi
həkimlər ediblər, hər şey qaydasına düşüb, sadəcə on saata yaxın yatmışam.
Gözlərimi açanda yüngülvari ürəkbulantım, azca da qarınaltı nahiyədə ağrılarım
vardı. Özümü elə də zəif hiss etmirdim, sadəcə yorğun. Palatamda tək uzanmışdım,
başımın yanında meyvə şirəsi qoyulmuşdu, dadına baxmadım, yəqin ki, portağal
idi. Bir küncdə səssiz rejimdəki televizorda körpünün üstündə baş vermiş
avto-qəza xəbəri yayımlanırdı. Yanğın söndürənlər maşınların külləri ilə
əlləşirdilər, ekranı rahat görə bilmirdim, amma 5-6 ölü olduğu yazılmışdı xəbər
başlığında. İndiki dövrdə belə şeylər həmişə olur, artıq facəviliyini itirib
buna bənzər hadisələr, keçdi ağlımdan. Tibb bacısını çağırmaq üçün düyməni
sıxdım. Bir neçə saniyə sonra qapımın ağzında göründü, hər şeyin qaydasında
olduğunu tələm-tələsik yoxlayıb palatını tərk etdi. Belə bir məşhur özəl
klinikada heç bir işçi müştərisiylə belə davranmaz, çünki belə klinikalarda
adama pasient kimi yox, elə sözün əsl mənasında müştəri kimi davranılırdı. Deyəsən,
nəsə baş verirdi.
Qapı tam bağlanmamışdı, fərqli ayaqqabıların
tappıltılarını, ətrafdakı həyəcanlı gəzişmələri eşidirdim, haqlıydım, nəsə
qaydasında deyildi. İçəri bir neçə həkim, tibb bacıları ilə birlikdə iki qara
geyimli şəxs də daxil oldu. Eyni vaxtda bu qədər həkim? Mən özümdən gedəndən
sonra məni xilas etməkçün ayaqlarımı kəsiblər, toplu üzr istəməyə gəliblər?
Dirsəklərimi döşəyə sıxıb ayaqlarıma boylandım, yox. Barmaqlarımı görürəm və
tərpədirəm. ağlımda birdən həyəcan təbili ildırım kimi çaldı, övladım!!!!! Yerimdən
qalxmağa çalışdım, dikələndə qolumdakı sistemlərdən biri qopdu, tibb bacıları
qollarımdan yapışdılar. Sanki dəliymişəm kimi məni tutdular.
- Nə baş verir? Uşağım
hanı? Ona nə olub???
- Sakitləşin, xanım..
– qara geyimlilərdən biri nişanını çıxarıb mənə yaxınlaşdı. Polis, özüdə ki
federal. Sakitləşdim. Özümü nə qədər tez ələ olsam, federal mətləbə o qədər tez
keçəcəkdi.
- Xanım, sizin oğlunuz
qaçırılıb..
Inanılası şey deyildi,
oğlumu məni tənha analığa məhkum edən, 6 ay əvvəl uşağı görə atan sevgilim,
körpənin bioloji atası qaçırmışdı. Gecə xəstəxanaya daxil olub balacanı
götürüb. Axı niyə? Halım pisləşirdi, tibbi heyət üzərimə atıldı, insanların üzünə
baxmaq istəmirdim, məni yenidən çarpayıya uzatdılar, sakitləşdirici maddənin
damarıma yaydığı soyuqluğu hiss edəndə gözlərimin son gördüyü televizorun
ekranı idi, hələ də yanğın söndürürlər, ancaq onların heç biri daxilimdəki
alovun öhdəsindən gələ bilməzdi.
10-15 dəqiqə sonra özümə gəldim, sakitləşmişdim, məni
vəziyyətdən bixəbər saxlamırdılar. Oğlumla atasının axtarışı davam edirdi. Məni
kamera yazıları göstərildi, inanılmayası yer qalmamışdı, o idi, portağal suyunu
başıma çəkib mental olaraq dondum. 4 il əvvəl evsiz heyvanlara qarşı törədilmiş
vəhşiliklərlə bağlı cinayət işində əsas vəkil mən idim, heyvanların hüquqlarını
müdafiə edirdim. O isə aktivist cərəyanın aparıcı üzvlərindəydi. Məhkəmə
prosesində qalib olduq, təzminatı heyvanların lehinə yararlı xərcləməkdə də
onlara kömək etdim. O müddətdə bir-birimizi daha yaxından tanıdıq, mən ixtisasca
mühəndis olan bu qatı envaynrimentalist(təbiət mühafizəkarı) kəşf etməyə
başladım. Görüşlər, xoş münasibət və sevgi. 2 ildən artıq bir yerdə yaşadıq,
evlilik barəsində planlar qurduq. Ev, iki it və biz. Geriyə uşaq qalırdı. Yaşım
keçirdi, ana ola bilməyəcəyimdən qorxurdum, o isə uşağın qəti əleyhinə idi. Çox
yaxşı biri olduğundan hamiləliyi ilk əvvəl ona deməsəm, sonradan öyrənsə, hər
şeyin yaxşı sonlanacağına çox ümid edirdim. 3-cü ayımda ona həqiqəti açdım və
tərk edildim. Artıq iş işdən keçmişdi, nə o, nə də mən geriyə addım atmadıq.
Maddi və mənəvi cəhətdən övladımı tək, rahat böyütmək iqtidarındaydım. Hər
şeyin proyektini, övladımın gələcəyini cızma qara etmişdim, ancaq bir istisnanı
öncədən görə bilməmişdim: Onun mənim uşağı qaçırmaq kimi bir dəlilik edəcəyi.
Bu fikirlər beynimdə uçuşan vaxt federallardan biri içəri daxil oldu. Reallığa
qayıtdım. Onu tapmışdılar. Bələyə bürünmüş körpə qucağında, dəfələrlə istirahət
vaxtı göl kənarında kirayələdiyimiz evdə oturub, məni gözləyirmiş. Əlində silah
olan dünya mühafizəkarı məni gözləyirmiş...
Dərmanların köməyi ilə birtəhər özümə gəlib ora
yollandım. Evin qarşısına çatanda federallar aralarında məsləhətləşdirlər, mənə
tapança verib ən pis ehtimalda nə etməli olduğumu dedilər, Glock-u gödəkçəmin
altına saldım. İçəri keçdim. İkinci mərtəbədəki yataq otağına qalxdım. Bu ev
gölə yaxın olduğundan ətrafda hündür, snayperlərin rahat nişan ala biləcəyi yer
asan tapılmazdı, üstəlik olsa belə, o özünə çox uğurlu yer seçmişdi. Ora
qalxanda bələyə bürünmüş körpəylə oynayır, onu yedizdirməyə çalışırdı, taxta
pillkənlərdən yüksələn məni gördü, gülümsündü. Əmziyi kənara qoyub tapançanı
götürdü, dodağının üstünə gətirib „şşş“ dedi. Yatağın kənarında oturduğundan və
bələk başını örtdüyündən oğlumu görə bilmirdim. Ağzımı açmaq istəyirdim ki,
pıçıldadı.
- Sənə neçə dəfə dedim, hə? Mən bu alçaq dünyaya başqa
qurban bağışlamaq istəmirəm? neçə dəfə dedim? – titrədi, sonra yenidən „şşş“ edib
körpəyə toxundu, – sən axı ağılsız deyildin. Bunu necə edə bilərdin? Özdə
məndən xəbərsiz! Axı məndən xəbərsiz belə şey etmək olar? Başa düşmürsən ki,
bizim kimi gözəl insanların övladı olmamalıdır? Dünya hər gün bir addım
geriləyir, düşür. Dibdəki bataqlıq isə artıq görünür, əzizim. Biz ölüb bu
cəhənnəmdən getməyə imkan tapa bilsək də, o bu bataqlıqda boğulmağa davam
edəcək. Bilirsən niyə belə tez? Biz aşağı düşdükçə dünyada suyun səviyyəsi
qalxır, aramızdakı məsafə azalır. Bəs bizi idarə edən qüvvələr hanı axı? Yoxdu,
boşluqdu ancaq! Bizdən ancaq qurban alır, öz rituallarında istifadə edirlər.
Əvəzində nə alırıq, hə? Çəkisi eyni olan boşluq!!! Necə tanış olmuşduq,
xatırlıyırsan da. 3 milyon təzminat. De görək, nəsli bitmiş həmin tülküləri
geri qaytara bildik? Yox! Onu başqa heyvanlara xərclədik, amma onların da kökü
kəsilir. Hə, de, hüquqşünas! Hanı e, sizin ədalət tərəziniz? Bir gözündə beş
kilo mis olan tərəzinin digər tərəfinə 5 kilo platin qoyanda tərəzi nə
göstərir? – nəfəs almaqda çətinlik çəkirdim, üstümə çığırdı, ayağa qalxdı, –
cavab ver mənə! – , yenidən körpəni sakitləşdirməyə çalışdı, uşağın səsi gəlmirdi,
o isə tapançanın lüləsi ilə onun xırda bədəninə toxunurdu.
- Bərabər olduqlarını, – səsimi özüm də zorla eşidirdim,
ancaq cavabım onu qane etmişdi.
- Görürsən, elə belədən bir yerdə olmamışıq. Cavabı
bilirsən əzizim! Tərəzinin gözlərində nə olduğu önəmli deyil. Əsas odur,
çəkiləri bərabər olsun. Sənin lənətə gəlmiş həmsakinlərin, səndən aşağı kasta,
yuxarı palatadakı həmdünyalıların da belə edir. Ancaq 5 ver, 5 al. Heç birimiz
sabahı düşünmürük. Xəstəliklər yaranır, hamımız dərd çəkirik, amma çözüm
axtarmırıq, axtaranlara kömək etmirik. Hər ay adama 10 sent xərçəngin
müalicəsinə, QİÇS-lə mübarizəyə yatırsaq, bilirsən neçə pilləkən yüksələrdik?
Yox o 10 senti qəpik yığmaq üçün xəzinəyə ataq, ya da banka qoyaq, ya da qızıl
alaq, amma xeyriyyəyə olmaz, xeyriyyə sənə gəlir vermir. Ya da yox e! Gözəl
işlər görək! Və bir dəqiqəlik işi 30 „selfie“ ilə ölümsüzləşdirək, bir
dəqiqəlik yerdən qalxan plastik tullantının 30 dəfə şəklini sən neçə dəqiqəyə
çəkə bilərsən əzizim?
- Bilmirəm, – dedim.
- Əlbəttə, bilməzsən,
çünki sən belə boş işlərlə məşğul olmursan öz aləmində, amma məndən başından
bir vedrə su tökərkən səni çəkməyi istəmişdin. Olmazdı ki, normal şəkildə ora
pul köçürək, hə? Yox, olmazdı, axı
trendləri, lənətə gəlmiş həştəgləri izləmək lazımdır. Aşağı qonşumuzun yoldaşı veqandır və mənə imza
topladığım kampaniyada dəstək olmaq istəmədi, hədiyyə etdiyimiz gülü də zibilə
atdı, gündə bir dəfə sulamadı. Təsəvvür edirsən, dəri kürklə sənin partində
iştirak edən o alçaq ət yeməmək üçün nə zülmlər çəkir? Amma qorxma, bir azdan
hamı ya məcburi vegetaryan olacaq, ya da hannibal. Çünki yeməyə lənətə gəlmiş
ət qalmayacaq! Qlobal krizlər də çökəcək üstümüzə, dünya bizi öz tostuna
çevirəcək, sobanı da nüvə silahlarının odu ilə yandıracaq! Hər kəs bunu görür,
amma tərəzinin gözləri bərabər olduğu müddətdə heç kəs orada nə olduğuna fikir
vermir. Biz su yerinə zəhər içir, ağ yerinə qara rəngi seçirik. Sənsə bu
dünyadakı tərəzilərə xammal verirsən, mənim müəllif hüququm olan xammal!
Oğlumuz bilirsən neçə kilodur?
- ..nə olar? –hönkürərək onlara tərəf addım atdım,
başını sağa-sola yellədi.
- Dayan, dayan. Deməli, balaca 2 kilo 833 qramdır.
Elektron tərəzi əla işləyir. Xammalın dəqiq çəkisində indidən deyir ki, xəta
olmasın, – başını aşağı salıb körpəyə baxdı, uşağın üstünü elə örtmüşdü ki,
boğulacağından qorxurdum. Qızdırmam da qalxırdı, sanki od tutub yanırdım.
Yenidən başını qaldırdı, – balaca ayıya oxşayır lap. Aaaaa. Doğurdan ha.
Yadında mən sənə burada ayı bağışlamışdım. Elə bu boyda olardı. Çəkisi azdır
da. Amma içindəki pambığ çıxarsaq, bir az 10 sentlik doldursaq, 2 kilo 824. . .
– tətiyi sıxdı, qışqırdım. Döşəməyə atəş açmışdı. Aşağıdan səslər gəldi,
polislər içəri şığıdılar, pilləkənin aşağısından məni gördülər, qalxmamaqlarını
işarə etdim. Çöməlib balacanı düz qarşısına qoydu, ətrafına baxdı. Yerdən
güllənin gilizlərini götürdü. Onu izləyəndə dizlərim boşaldı, mən də yerə
çökdüm. Gilizi açıq mavi bələyin üstünə qoydu, – 9mm-lik, çəkisi 8 qram. Bir
qram nisbi xətanı gözlü tərəzi tutan deyil. Götür balacanı və get buradan,
əzizim.
Süründüm, balacamın başına toxundum, onu əlimə aldım,
– yox! Hanı o? – bələkdəki mənə hədiyyə etdiyi həmin ayı idi, içi deşilmiş, on
sentliklər, xidmətlərinə görə ona verilmiş mükafatlarla doldurulmuşdu.
- Əzizim, qarşındadır da, ədalət tərəzindir də. Başqa
nə istəyirsən? Siz insanlar niyə hər şeydən narazısınız həmişə?
- Oğlum hanı? – çığırdım, səs tellərim sanki çat
verdi.
- Kim? Tərəzinin o biri gözü? Gələcəkdə bir az daha
artıq ət yeyəsən deyə Xuçla Spayka ziyafət çəkdirmişəm, əsas tərəzidir, qorxma
əvəzi burda olmasa da, alacaqsan, dünya onu sənə verəcək, axı sizin tərəzi
bərabər hüquqludur, – tapançanı başına dayadı, yenə nəsə dedi, ancaq mən artıq
yerimdə döyünürdüm, özümü sağa sola çırpırdım, onu görmürdüm. Güllənin səsinə
keyidim, ona baxdım, mənə bağışladığı ayının üzərinə çökdü, ancaq məndən
uzaqlaşırdı. Yox. Məni dartırdılar. Huşumu itirirdim, gözlərim qaraldı, son
dəfə qırmızıya boyanan ayıya və ona baxdım. Sonra isə boşluq…
Oyandım. Eyni palata, televizor işləmir. Sakitlik.
Dərhal düymənı sıxdım. İçəri həkimlə tibb bacısı girdi. Yuxu görürdüm? Axı
onlar gülümsünürlər. Oğlumu soruşdum. Hər şeyin qaydasında olduğunu dedilər.
Tibb bacısı onu gətirməyə yollandı. Bir az sonra o, uşaq qucağında, federal
yanında içəri daxil oldu. Oğlumu almaqçün dikəldim, sarışın körpəmin, axır ki,
üzünü gördüm. Başımı qaldırdım, federal mənim nə soruşacağımı təxmin etmişdi.
- Balacanı yataq otağındakı hamamda, vannanın içindən
tapdıq. Ona heç bir xələl gəlməyib. Həkimlər yoxlayıblar, tam sağlamdır, – bəs
atasının dediklərinin necə olduğunu soruşdum, – biz onun evinə getdik, itləri
doğrayıb. Ağlını itirmişdi, çox təəssüf edirəm. Siz narahat olmayın artıq. Hər
şey geridə qaldı. Sizin də balacanın da..
- Skeyl, – sözünü yarım sağlayıb dedim, – onun adı
Skeyldir.
- Sizin də, – federal gülümsündü, – Skeylin də
istirahətə ehtiyacı var.
Oğlumu götürdülər, son dəfə ona baxanda atasına və
mənə necə bənzədiyini gördüm. Federala təşəkkür etdim. Hamı otağı tərk etdi,
yerimi rahatlayıb televizoru işə saldım. Məzənnələr və Avropa-Amerika
münasibətləri müzakirə olunurdu, kanalı çevirdim, kommersiya, reklamlar, yenə
çevirdim, heyvanlarla bağlı sənədli film gedirdi, həvəslə izləməyə başladım.
Tədricən gözlərim yumuldu.
Klinikanın parkinqində qara Buick-də ab-hava sərt idi.
Tünd-qəhvəyi geyimli federal qara kostyumlu həmkarına dedi:
- Bu üzə çıxsa necə olacaq bəs?
- Üzə necə çıxacaq ki? Sən və məndən başqa heçkəs bunu
bilmir.
-
İşimizdən ola bilərik e! Mən sənə niyə inandım axı. Bəs indi biri çıxıb desə
ki, hanı o?
- Səni görən olub dəqiq? – qara kostyumlu çox rahat
idi, – sən ki yanğın söndürənlərlə çiyin-çiyinə mübarizə aparırdın, özün də
dedin ki, şahid yoxdur. Bəs indi niyə belə qorxursan?
- Yol bərbad vəziyyətdəydi, təcili yardım ora keçə
bilmirdi, yanğınsöndürənlərdən onu alıb alovun ortasından çıxdım. Maşın havaya
uçdu sonra da ən yaxın birliklərə kömək üçün zəng elədim, sən də birinci
gəldin. Sonra da bir ipi o birisinə bağladın.
- Bax, mən 30 ildir, hər həftə kilsədə dua edirəm və
bunu Tanrıdan göndərilmiş bir lütf, günahlarımızı yumaq üçün bir fürsət kimi
görürəm. Onun o məqamda alovlar arasında ortaya çıxması və tüstüdə boğulmamağı
möcüzə deyil? Sonra isə bütün şahidlər aradan götürüldü. Sən mənə zəng etdin,
mən isə o axmağın evinə gedib ikinci dəfə yoxlayacaqdım. Tanrı bizi görüşdürdü.
Sən də orada mənlə razılaşdın. Mən gələnə qədər məni maşında gözlədin, etiraz
etmədin, etdiyimizin düz əməl olduğunu sən də bilirsən.
- Yaxşı, bəs köynəyinin üstündə niyə qan vardı
çıxanda? – qəhvəyi geyimli soruşdu.
- Mən, – qara geyimli içini çəkdi, – itləri
parçaladım, o alçaq yalan demirdi. Hələ də inana bilmirəm.
- Amma bizim etdiyimiz də düz deyil axı. Ondan
nə fərqimiz var?
- Biz iki ümidsizi
birləşdirdik, mən maşının nömrəsi və ölənlərin ətrafını araşdırmışam, onların
elə bir yaxını yoxdu. Bu etdiymiz şey isə həm onu, həm də hüquqşünas qadını həyata
yenidən bağlayacaq, çünki Tanrı belə istədi, sənlə mən vasitəçiyik.
- Yox, – qəhvəyi geyimli üzünü tutdu, – birdən öyrənsə
necə olacaq? Onda hamımızın sonu çatar.
- Yaxşı bəsdir, özünə gəl, – qara geyimli əlini onun
çiyninə qoydu, – elə ağladın ki, uşaqlığımı xatırladım. O vaxt bir oyuncaq
xoşuma gələndə valideynlərim onu almırdılar, mən də üzümü tutub bax belə
ağlayırdım. Sonra könlümü almaqçun başqa, oxşar oyuncaqla yanıma gəlirdilər və
mən qabaqkindən də xoşbəxt olurdum.
- Niyə ki? – qəhvəyi geyimli burnunu çəkdi.
- Çünki çəkisi və forması oxşar olanda istədiyin şey
əvəzinə sənə başqasını versələr belə, onu gözəl hesab edirsən.

Comments
Post a Comment