Skip to main content

Rachel Swirsky - əgər dinozavr olsaydın, sevgilim


Dinozavr olsaydın, sevgilim, T-Rex olardın. Balacalarından, bir metr yetmiş beş santimetr boylu, insan halınla eyni. Qırılğan sümüklərin olardı, iri pəncələrinlə bacardığın qədər zərif və kübar yeriyərdin. Gözlərin iri alnının altından ətrafı izlərdi.


T-Rex olsaydın, mən də bütün günümü səninlə keçirə bilməkçün heyvan baxıcısı olardım. Sənə çiy toyuq, canlı keçi gətirərdim. Dişlərini batırdığın qanı izləyərdim. Yatağım qəfəsinin içində, yerdə olardı, nəm torpaq üstündə, yarpaqlar arasında. Yata bilməyəndə sənə layla deyərdim. Sənə Layla oxuyanda da mahnıları necə belə sürətlə öyrəndiyini düşünərdim. Mənə qoşulardın, kobud, titrək səsin mənimkiylə qəribə ziddiyyət yaradardı. Yatdığımı düşünəndə də gecəyə qarşılıqsız məhəbbət haqqında mahnılar oxuyardın.


Qarşılıqsız məhəbbət haqqında mahnılar oxusaydın, səni səyahətə çıxarardım. Broadway‘ə aparardım. Pəncələrini gödəkcənin cibinə soxub səhnədə dayanardın. Səsinin elə kədərli gözəlliyi olardı ki, tamaşaçılar ağlaşardı.

Tamaşaçılar əgər ki səsinin gözəlliyinə görə ağlaşsaydılar, nəsli tükənmiş heyvanların canlandırılma araşdırmaları üçün pul yığardılar. Araşdırma qurumlarına sel kimi pul axardı. Bioloqlar toyuqları necə itidişli edəcəklərini tapana qədər genləriylə oynayardılar. Paleontoloqlar kollagen qalıqları tapmaq üçün fasiləsiz fosil axtarardılar. Genetiklər sıfırdan başlayıb bir dinozavr düzəltmək üçün hansı DNT sıralanmasının canlı varlıq üçün əhəmiyyətli olduğunu kəşf edərdilər, göz bəbəyinin ölçüsündən tutmuş beyninin gün batışını anlayan qisminə qədər. Sənə bir tay düzəldənə qədər dayanmazlardı.

Sənə bir tay düzəlsəydilər, toyunuzda sağdışınız olardım. Dərimi solğun göstərən şifon paltarımın içində narahat durub andlarınızı dinləyərdim. Qısqanardım, əlbəttə, pis olardım, çünki səninlə mən evlənmək istəyirəm. Yenə də özünə bənzəyən bir varlıqla evlənməyinin sənin üçün ən yaxşısı olduğunu bilərdim. Bədənini, sümüyünü və genetik parçalarını sənlə paylaşan biriylə. İkinizi yan-yana izləyərdim və səni indikindən daha çox sevərdim. Könlüm yüngülləşərdi, çünki bilərdim ki, sən və mən bu dünyada həm yepyeni bir şey etmişik, həm də qədim bir şeyi canlandırmışıq. Mən də borca düşərdim, çünki sizin xoşbəxtliyinizi borca götürürdüm. Tək ehtiyacım olan nəsə mavi rəngli bir şey olardı. 

Tək ehtiyacım olan nəsə mavi bir şey olsaydı, kilsədə dikdaban ayaqqabılarımı taqqıldaraq qaçar, ön sıranın yanındakı güldanı tapar, içindən səma rəngində bir hortenziya çiçəyi götürər və onu bağrıma basardım və qəlbim çiçəktəki atmağa başlayardı. Çiçək açardım. Xoşbəxtliyim çiçək yarpaqlarına çevrilərdi. Yaşıl şifon paltarım da yarpaq olardı. Ayaqlarım solğun çiçək sapı, saçlarım da tozlanma orqanı olardı. Arılar boğazımdan ekzotik nektar çəkərdilər. Ətrafdakı hamı mənə heyran qalardı, bioloqlar, paleontoloqlar, genetiklər, jurnalistlər, eləcə marağa gələn insanlar və musiqi sevdalıları.. Bu klonlanmış dinozavr, genetika və fosil mövzusuna görə elmi-fantastik dünyada yaşadığını zənn edən, əslində hər şeyin mümkün olduğu sehrli dünyada yaşayan bütün o insanlar..

Hər şeyin mümkün olduğu sehrli bir dünyada olsaydıq, sən bir dinozavr olardın, sevgilim. Cəsarət və qüvvət, amma bir tərəfdən də nəzakət sahibi olan varlıq. Pəncələrin və dişlərin düşmənlərini asanca qorxudardı. Halbuki sən – qırılğan, şirin, insan olan sən – zəkana və cazibənə etibar eləmək məcburiyyətindəsən.

T-Rex balaca da olsa, heç vaxt kin və alkoqol qoxulu beş adamın önündə tək qalmazdı. T-Rex dişlərini göstərərdi, onlar da qorxardılar. Masaları aşırtmazdılar, arxasında gizlənərdilər. Qorxudan bir-birini qucaqlayar və əllərində səni döymək üçün bilyard çubuqları olmazdı, sənə qızbibi, ibnə, dönük ya da sənlə əlaqədar olsun-olmasın, ağıllarına gələn hər şeyi deməzdilər bağıra-bağıra, sən öz qanının sürüşkənliyində yıxılanda..

Dinozavr olsaydın, sevgilim, sənə o adamların qorxusunu öyrədərdim. Səni səssizcə onların yanına aparardım. Həm də çox səssiz. Yenə də səni görərdilər. Qaçmağa başlayardılar. Sən gecə havasını ciyərlərinə dolduranda burun dəliklərin böyüyərdi və tam da o məqam ovçu sərrastlığıyla hücum edərdin. Hamsının canını almağını izləyərdim – qırmızı qan selini, bir-birinə qarışan parıltılı parçaların ətrafa dağılmasını – və gülər, gülər, gülərdim.

Gülüb, gülüb, gülsəydim, axırda özümü günahkar hiss edərdim. Bir də belə şey etməyəcəyimə and içərdim. Nə vaxt ki qəzetdə o adamların gözüyaşlı arvadlarının, yetim uşaqlarının şəkillərini görsəm, baxışımı yayındırardım, eynilə onlar məni göstərən şəkilləri görəndə etdiklərini düşündüyüm kimi.  Jurnalistlər məni çox sevirlər.. Paleontoloqla toyunun yarısını planlayan, hortenziyaları hələ təzə sifariş verən, yaşıl şifon sağdış paltarlarını təzəcə seçmiş nişanlısı.. Yəqin ki, heç vaxt oyanmayacaq bir adamın başucunda gözləyən nişanlısı.

Dinozavr olsaydın, sevgilim, heç bir şey səni yaralaya bilməzdi və əgər heç bir şey səni yaralamasaydı, məni də heç nə yaralaya bilməzdi. Dünyanın ən gözəl çiçəyinə çevrilərdim. Sevinclə Günəşə tərəf açılardım. Bilərdim ki, dişlərin və pəncələrin səni/məni/bizi, indi və hər zaman qoruyacaq, təbaşirin bilyard çubuğuna sürtünməsindən də, tibb bacılarının xəstəxana koridorundakı ayaq səslərindən də, qırıq qəlbimin atışlarından da..




Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...