İnsanların ekstrim həvəsini anlaya bilmirəm. Axı daxilimizdə olan həyəcan hissini üzə çıxarmaqda məqsəd nə ola bilər ki? Onsuz da o, həmişə bizimlə deyil ki? Onsuz da pis anlarda bizə ilk badalağö atan da o deyil? Amma yenə də bu həyəcan deyilən, adrenalin dolu duyğudan bərk-bərk yapışırıq. Sizi bilmirəm, amma mən həyəcanlanmağa o qədər də açıq deyiləm. Ancaq məcburam. Sevgilim əsl ekstrim manyakıdır. Onunla dəfələrlə paraşütlə tullanış etmişik, gecə vaxtı qışda məni Adriatik dənizinə də salıb. Soyuq idi, amma o, bu soyuğu hiss etmirdi. Hətta bir dəfə daimi müştərisi olduğumuz mağazadan zarafatyana oğurluq edib qaçmışıq da. Zarafatımızın sonu barmaqlıqlar arxasında nəticələnməsə də, artıq o mağazanın müştərisi deyilik. İndi isə mən ətrafa baxıram, mavi ilə bozun qucaqlaşdığı səmanın arxasında bəyaz çıraqtək Günəş parlayır. Günəşi tam görə bilmirəm, onun şirin çöhrəsinin, həmişə isti təbəssümünün bir hissəsi dünyanın hündür zirvələrin anası olan Himalay dağlarının arxasında gizlənib.
Bəli Coğrafiyadan az-maz anlayışınız varsa, bu dəfəki həyəcanın mənbəyinin nə olduğunu təxmin etdiniz. Etmədiniz? Bir az düşünün. Bir azca. Comon. . . Comon...
Yox? Bilərəkdən Comon deyirdim ki, “Come on” ifadəsi ilə qafiyələnsin. Nə də olsa bu zirvənin digər adı da Comolunqmadır. Zarafatı tutmadınız? Əşşhi. Nə isə. Demək, Everestdəyəm. Çox uzatdım. Xəyallarımın xanımı ilə buraya gəlmişik.
Daha doğrusu gəlmişdik.
Çünkü artıq mən tək qalmışam. 3 gün əvvəl güclü mübahisəmiz oldu, gecə ilə məni tərk edib ABŞ-a qayıtdı. Əvvəl onun arxasınca getmək istədim, ancaq qürurum izn vermədi. Ən qəribəsi isə Everestə səyahət mənim ideyam idi. Guya ki dünyanın zirvəsində məni görünməyən zirvələrə qaldırmış xanıma evlilik təklif edəcəkdim. Üzük belə almışam, indi də cibimdədir, hətta bir ara ona ən sevdiyi beyzbol oyunçusu Miki Mantlın şəxsən istifadə etdiyi bitanı almaq qərarına da gəlmişdim. Üzükdən mailiyyəti daha çox olsa, bunun çox fərqli olacağını düşünürdüm. Təsəvvür edin, evlilik təklifi, Mantlın adı olan orijinal bita, sənə “hə” demək əvəzinə ekstrim həvəskarı sevgilinin bitanı başında sındırması. Absurddur, sözsüz. Amma yenə də daxilimdən nəsə bita almalı olduğumu deyirdi. Bəlkə də, almalıydım.
Bita. Axxx, Mantlın bitası, bəlkə də, başıma çırpılmalıydı. İndi isə Everestin mümkün ən hündür yerindən bu zibilə qalmış üzüyü sonsuzluğa göndərəcəyəm. Məhz ona görə buradayam və ekskursiyanın digər üzvləri ilə bu axmaq həyəcanı yaşayıram.
Hazırda fasilədəyik. Təqribən 4 km dəniz səviyyəsindən yuxarıda. Artıq hava bizə elə münasibət göstərir ki, elə bil bıçağını itiləmək üçün bizə sürtünür. Eynəyimin şüşəsi buz bağlayıb, amma ətrafı görə bilirəm. Soyuqdur, amma isti şokoladımız var. Mən də öz şokoladımı dəstədən kənarda nuş edirəm. Dəstə üzvləri ilə qaynayıb qarışmaq fikrim yoxdur. Səssiz və ədəb-ərkanla bir qıraqda durur, deyilənlərə əməl edirəm. İndi onlar söhbət edir, mən isə bir az aralıda şokoladı başıma çəkir, qarşımdakı xırda, tülküyə bənzər heyvana tamaşa edirəm. Heyvan mənə baxır, qapqara gözlərində özümü və qarla örtülü ətrafımı görürəm. Anidən heyvanın gözləri sanki partlayır.
–Ay. Ay. Bağışlayın. Deyəsən, siz də şəkilə düşdünüz. Ay. Çox üzr istəyirəm. Bir saniyə dəqiqləşdirim.
– Narahat olmayın. Buna görə sizi məhkəməyə verən deyiləm, – zarafatyana topbuş üzlü, pota, fotokameralı oğlana cavab verirəm. Yanaqları o qədər irəli çıxıb ki, üzünü çox çətinliklə görürəm, yaşını da təyin edə bilmədim, amma 25-dən çox olmazdı hər halda.
– Yox, nə danışırsınız? Həyatınız təhlükədə ola bilər. Bir dəqiqə yoxlayıram, – kameranın displeyində çəkdiyi sonuncu şəkilə baxır, onu mənə tərəf döndərib gülümsünür, – rahat nəfəs ala bilərik, siz kadra düşməmisiniz. Narahatçılığa görə üzr istəyirəm.
– Qəti problem yoxdur,– o qədər ürəyim darıxır ki, bu oğlanı söhbəti tutmaq qərarına gəlirəm, – deyəsən, fotoqrafsınız,
– Hə... Xeyr, fotoqraf deyiləm. Sadəcə nəsli tükənmə təhlükəsi olan canlıların şəkilini çəkirəm.
– Hmmm, – şokoladdan bir qurtum vururam, – maraqlı hobbidir, – əlimi uzadıb özümü təqdim edirəm.
– Çarli. Hehe, – utancaq şəkildə cavab verir, – bilirsiniz, əslində bu hobbi də deyil. Nə isə, danışarıq. Sağ olun, – dönüb məndən uzaqlaşmaq istəyir.
– Dayanın, Çarli, – ayağını saxlayır, – mənə maraqlıdır. Onsuz söhbət etməyə adam yoxdur, istəsəniz yol boyu həm söhbət ola bilərik.
– Ciddisiniz?
– Hə əlbəttə, – soyuğa qarşı qalın kapyuşon və gözlüklər onu üzərində olsa da, mən sanki onun gözlərinin sevincdən parladığını hissinə qapılıram, – danışın görək bu hobbi olmayan məşğuliyyətdən.
– Yaxşı, amma bu böyük sirdir. Çox məhdud sayda adam bunu bilir.
– Olsun. Söz verirəm, mən bu sirri ikimizindən başqası yanında heç vaxt beynimə də gətirməyəcəm, – Deyəsən, oğlanın psixoloji problemləri var. Ya da mənə elə gəlir. Bəlkə, mənim də psixologiyam pozulur yavaş-yavaş.
– Bu, missiyadır. Bu fotoaparatı görürsünüz? – əlindəki çox da yeni olmayan modeli göstərir, – bu fotoaparatın obyektivinə hansı canlı tuş gəlsə, başqa dünyaya düşür, – heçnə demirəm, amma artıq bu adamla danışdığıma peşman olmuşam, əminəm, onun problemləri var. Söhbətinə həyəcanla davam edir, – Bunu heç mən də bilmirdim, onsuz da bu kamera ilə El adında hemsterimdən başqa heç kəsin şəklini çəkmirdim, selfi dəbə düşəndə qərar verdim ki, Ellə bir selfi vuraq. Şəkili çəkərkən gözlərimi yumdum. Açanda artıq başqa yerdeydim. Meşə. Bulaq, ətraf gözəl və təravətli. Ən qəribəsi isə bilirsiniz nədir?
– Nədir? – həvəsini qırmamaq üçün maraqla soruşuram, amma açığı artıq bu nağıldan sıxılmışam.
– Orada yüzlərlə El gəzişirdi. Bəli, mənim hemsterlərim. Hamısı El. Bəzilərinin əynində El üçün tikdiyim kostyumlar dururdu, düzdür bir qədər sıradan çıxmışdılar, amma mən o kostyumlarla tək dostum Elin şəklini çəkmişdim. Onda başa düşdüm ki, çəkdiyim hər şəkildən sonra Elin kopyası bura yollanır. Dəhşətə gəldim, elə bildim, ağlımı itirmişəm. Həmin yaşıl ərazini günlərlə gəzdim. Ellərin sayı isə hər gün daha da artırdı. Bir gün orada bilirsiniz nə tapdım?
Saxta təəccüb içində başımı yuxarı meyilləndirir, yox deyə işarə edirəm.
– Kameranın eynisini. Hər şeyi anlamışdım, kamera portal idi, biri bizim dünyadan ora, digəri isə oradan bizim dünyaya. Dərhal Ellərdən birini qucağıma alaraq ikinci selfimizi vurdum. Yenə gözüm qamaşdı. Otağımda idim, günorta vaxtı, qarşımda arxası mənə tərəf olan gombul oxşarım dururdu. Ona səsləndim, dönüb mənə baxan kimi çığırdı. Üstünə atıldım, çarpayımın, daha doğrusu çarpayımızın üzərinə düşdük. Ağzını tutdum. Qışqırma dedim, ancaq barmaqlarımı dişlədi, onu susdura bilmirdim. Atamın kollecdə oynayarkən işlətdiyi bitanı. . . – AAA Bita. Lənət! Deməli, bita haqqında içimdəki dərin hissin bu dəli ilə əlaqəsi var? Əməlli başlı beynim qarışdı. O danışır, dinləmirəm. Əcaib təsadüf əsəblərimlə oynadı yaman, - Ağladım. .
– Bir dəqiqə, bir dəqiqə. O qədər maraqldır ki, bita hissəsindən sonra söhbətin nəbzini həyəcandan itirdim. Zəhmət olmasa, o hissədən yenidən davam edə bilərsiniz mi?
– Hə əlbəttə. Demək atam kollecdə xırda beyzbol karyerası yaşayıb. On beş yaşımda isə sevimli bitasını mənə hədiyyə edib. Gecələr yatanda həmişə o, bir də El mənimlə olur, – axı mən bu detalları neyləyirəm??? Nə isə axmaq dəli! Danış, mətləbə gəl görək, – Demək oxşarımı susdura bilmirdim, ağzını zorla tutub “qışqırma” pıçıldayırdım, bu an qarnımda ağrı hiss etdim. Digər mən atamın bitasını götürüb, arxasıyla mənə bidənə ilişdirmişdi. Amma əsl mən artıq qabaqki tək zəif deyildim, günlərlə təbiətin qoynunda vaxt keçirmiş, bərkişmişdim. Əsəbimdən ona bir kəllə ilişdirdim. Burnu deyəsən qırıldı, mənimsə çönmüşdü, dəlicəsinə, yəni mən dəli deyirəm, amma digər mən az qala məni dəli edəcəkdi. Üzərindən qalxdım, bitanı əlindən alıb ondan üzr istəyəndə “Ana” deyə zırlamağa başladı. Bitanı başına keçirdim. Axmaq susmaq bilmirdi, amma zərbədən sonra səsi kəsildi. Mənsə qorxmuşdum. Dayanmadan vururdum. Ağladım, digər mənin üzü qırılmış kakosa oxşayırdı. Yanaqlardan içəri olan hissəsi ətrafa səpilmişdi. Qorxudan əsirdim. Geriyə bir neçə addım atdım. Birdən ayağıma nəsə toxundu, cəld bita ilə həmin yerə hücum çəkdim. Eli hamarlaşdıraraq döşəmə ilə bir etmişdim. Zırıldamağa başladım, yerə əyilib onu qucaqladım. Elin səsini eşitdim. Digər El. Axı mənimlə bir El daha bura gəlmişdi. Həmin El digər mənin üstünə, kakosa bənzər yeri yalayırdı.
Bu Çarli, həqiqətən, axmaqdır. Artıq ürəyim bulanır, dinləmək istəmirəm bu dəlini. Amma bu bu horror janrındakı fantastik uydurmanın sonu hara gedir bilmək də istəyirəm.
– Anam yuxarı qalxırdı, yəqin zırıltımı eşitmişdi. Tez güzgüyə baxıb qan olan hissələri təmizlədim. Üst başım da palçıq, çirk içindəydi. Paltarmı soyundum, yalın vəziyyətdə qapının önündə durdum. Anam qapıya toxunan kimi onu açdım. İdman edəndə həmişə soyunardım, bəhanə etdim ki, dizim əzilib yaxşıyam. Dərmanlarımı atdığımı soruşandan sonra yenidən aşağı endi. Yaxşı ki, üz gözümə çox fikir verməmişdi, çünki artıq üzümdə bir neçə tük də çıxmışdı. Böyüyürdüm. Nə isə otağımı yığışdırdım. Anamın rəfiqələri gələndə digər məni hissə-hissə anamın ət çəkəni ilə farş halına salıb zibil torbasına yığdım, növbəti gün səhərə yaxın zibil maşını biz tərəfdən keçərkən torbanı atdım. Digər Eli isə şərəfli şəkildə mənlə başqa dünyadan gəlmiş Ellə dəfn etdik. Ellərin sayı milyon olsa da, onların hər biri mənə əzizdir.
– Üzr istəyirəm, Çarli, amma bu qədər detallara, məncə girməsək, yaxşıdır, – bu cəfəngiyatdan bezirəm. Dərman atdığını da dedi. Dəlidir də. Harada dəli var, elə qoy mənə rast gəlsin.
– Əslində bunun missiyam olduğunu elə dəfn mərasimində anladım. Otağıma qayıtdım. Ellə birgə digər özüm üçün qeyd yazdım. Sonra isə aparatı əlimə alıb ətrafda bir neçə heyvan şəkli çəkdim, it, pişik, bəzi quşlar, böcəklər. Qonşumuzun qızı Elis, – burada Çarli hırtıldayır, görünür dəli olsa da, şəhvət hissi var. Axı mən hansı ağılla bu zibilə qalmış Everestə gəlmişəm. Bilsəydim, Mantılın bitasını gətirib bu sosial psixopatın başını əzərdim. Nə isə danışsın görək nə qədər Stiven Kinqlik edəcək, – Elisi çəkən kimi özüm də selfi etdim. Digər dünyaya yollandım. Qız dəhşət içində idi, artıq bura mini zoopark olmuşdu. Elisə vəziyyəti izah etməyə çalışdım, inanmadı mənə axmaq qız. Ona dedim ki, bura bizim cənnətimizdir. O isə mənə kakosbaş mən kimi rəftar etdi. Amma onu əzizlədim, – bu Çarlinin soyuqdan qızarmış yanaqları, al qırmızı rəng alır. O bir qədər fasilə verib yenidən hırıldayır. Əxlaqsız psixopat! Bəlkə bunu Everestdən aşağı vızıldadım deyə düşünürəm. Söhbətini bitirsin, sonra baxarıq, – bir neçə saat sonra Ellərlə yaşıl çəmənin üzərində oturub ordakı dadlı meyvələrdən yeyirəm. Anidən növbəti mən bura gəlir. Onu görən kimi qaçıb qucaqlaşırıq. Görünür, qeydimi oxuyub gəlib. Dolu çantasını belindən çıxarır. İçərisində bir neçə sevdiyim komiks, mp3 pleyerim, hətta terrabaytlıq filmlər olan notbukum da var, ancaq bundan sonra gözlədiyim qidalar gəlmir, bir neçə dəfə sevdiyim yemeklərin gündəlik göndərilməsini qeyd etmişdim, amma onlar gəlmirlər. Yalnız 2 mən varıq, çoxlu El və Elis. Hə digər çantalı mənlə birgə hərdən Elisi əzizləyirik, artıq onun Tarzanlarıyıq. Bir həftə sonra ordakı fotoaparatla dünyamıza qayıdıram. Bu dəfə məni qarşılayan hazır Mən.
– Bir dəqiqə, Çarli. Artıq neçə dənə sən var, onu bir də deyə bilərsən? – dəlinin hekayəsi məni yaman çaşbaş qoyub. Bəlkə qayıdanda bundan roman yazım? Əla olar ha. Babat ideyadır.
– An etibari ilə 4. Bizim dünyada olan əsl mən, digər dünyada çantalı mən. Burada məni gözləyən Hazır mən və aqibəti yaxşı olmayan kakosbaş mən. Sonra sayımız artacaq. Davam edim?
– Əlbəttə, – gülümsünürəm. Qoy görək, həqiqətən, roman çıxırmı.
– Və beləliklə anlaşılır ki, mən Tanrının ikinci Nuhuyam. Bu dəfə isə gəmi yox, park qurulacaq, bəlkə də, cənnətin özünü düzəltmək mənə həvalə olunub. Missiyam artıq mənə aydın olur. 6 ildir ki, bu Missiyanın üzərində işləyirəm. Fotoaparatdan açılan portalla yalnız canlılar səyahət edir, ona görə də hər iki dünyadan bir birimizə mesajlar yollayanda Ellərdən poçt quşu kimi istifadə edirik. Möcüzəlidir, elə deyil?
– Həqiqətən də, – təsdiqləyirəm. Adamın xəyal gücünə vurulmuşam, dəli olsa da.
– Deyəsən, siz də seçilmişsiniz, – o mənə yaxınlaşıb qolumdan yapışır, – normalda heç kəs məni bura qədər dinləmir. İnsanlar mənim dəli olduğumu düşünür. Siz də elə düşünürsünüz?
– Yox, əlbəttə, Çarli, – goplayıram, – Keçirdiyim həyəcanın hədd-hüdudunu sənə izah edə bilmərəm. Xahiş edirəm, davam et, – həyəcanmış. Bu gedişlə Nyu York Tayms bestsellerim olmasa, yaxşıdır.
– Ellərlə digər dünyaya tikinti materialları göndəririk, qida, əyləncə məhsulları. Artıq digər tərəfdə yüzlərlə Çarli və Elis var. Çarli və Elislərin bəzilərinin övladı da var. Keynlər, Abellər. Missiyamızın ilk mərhələsi bitib demək olar ki, hər heyvandan iki cüt göndərmişik ora. Hətta güzgüdə fotoaparatın da kopyasını yaratmışıq. Mən indi də digər tərəfə mesajlar göndərirəm. Bir saniyə, – o cibindən vakuuma salınmış, yarı diri böcək çıxarır. Üzərinə kağız parçasını yapışdıraraq, onun şəklini çəkir, – görürsünüz? Mesajı yolladıq. Gələn dəfə digər Mənlərə sizdən danışacam.
– Mütləq. Mütləq. Mən özüm də ora yollanmaq istəyirəm. Davam edin, hazırda missiya hansı mərhələdədir?
– Demək bura ona görə gəlmişəm ki, Qar Leopardının dişisinin şəklini çəkim. Erkəyindən artıq Tacikistan səfərində 4 ədəd ora yollanıb. İndi dişi qalır. Soyu tükənmək üzrə olan ən nadir 25 heyvandan biri sayılır. Xəbərlərdə yazılıb sonuncu dəfə Everest zirvəsi yolunda Dişi Qar Leopardına rast gəlinib.
– Elə mi? – saxta təəccüb göstərim. Deyəsən, inandırıcı olmadı. Bir dəqiqə. – Nə danışırsan, Çarli davam elə. Başqa nələr baş verir.
– Hazırda bir neçə yaddaş kartım var. Onlardan biri bizi Mənlər və Elislərin məskunlaşdığı şəhərciyə aparır. Artıq orada əməlli qəsəbə qurmuşuq. Tikinti işləri davam edir. Kitabxanamız, kinoteatr və restoranlarımız da var. Hətta özünü pis aparanlar üçün xırda türməmiz də, – o, təəssüf içində başını yelləyib içini çəkir, – Nə isə. İkinci yaddaş kartı bizi təbii qoruğa aparır. Bura hər heyvandan göndəririk. Ona görə hər heyvandan 4 cüt çəkilir. İkisi bu qoruğa, digər ikisi isə xüsusi yırtıcılar və ot yeyənlər üçün salınmış parklara göndərilir. Hər yan hasarlanıb. Hətta elektrik şəbəkəmiz də var. Yüzlərlə Mənim hər birimiz bir sahədə ixtisaslaşmışıq. Və düzünü desəm, bəzən başqa adamların kopyasını aparıb orada işlədə də bilirik. Hətta istəyirəm, Ceyms Kameron, ya da Martin Skorsezeni ora aparıb onlara sənədli film hazırladım. Adını çəkdiyim adamları tanıyırsınız?
– Əlbəttə. – dəliyə bax ha. Hətta incəsənətlə də məşğuldur.
– Nə isə sənədli film sonranın işidir. Amma Keynlərlə Abellər, Məryəmlər, İsalar, mütləq bu filmi izləyəcəklər.
– Mütləq! – Pafoslu şəkildə təstiq edirəm.
– Çarli!!!! – Aha başqa bir şəxs bizə yaxınlaşır, – sənə deməmişəm, insanları, xüsusən də tanımadığın adamları bezdirmə?
– Ata!! – Çarli titrəyir. Məndən və Çarlidən hündür şəxs bizə yaxınlaşır.
– Tez get, dərmanlarını at, – o Çarlini digər dəstəyə tərəf qovur.
– Ata, mən dostumu tapdım, söhbət edirik. . .
– Get dedim!!! – Atası onun üstünə çığırır. Çarli mənə göz vuraraq ora yollanır. Kişi ilə əl sıxışırıq, – bağışlayın, Çarli sizi də yəqin öz missiyası ilə bezdirib.
– Yox. Xoş oldu.
– Nə gözəl. O, doğulandan əqli inkişafla bağlı əziyyət çəkir, amma çox yaxşı uşaqdır. Hobbisi də nadir heyvanların rəsmini çəkməkdir. Hətta bəzilərini sərgilərə filan da göndərirəm.
– Bilirəm, hiss olunur, yaxşı qabiliyyəti və gözəl də fantaziyası var, – zarafat edirəm, ikimiz də gülüşürük.

Bir neçə gün keçir, qrupumuz bir az da yüksəyə qalxıb. Çadırımızda uzanmışam hazırda. Çarli ilə normal danışmamışıq. Xanımım mesajlarıma cavab vermir. Üzüyü əlimdə tutur və düşünürəm. Bitanın həyatımı dəyişəcəyini düşünürəm. Qayıdan kimi Mantlın bitasını alacam və bu romanı yazıb yaxşı bir agentlə dünyaya təqdim edəcəm. Üzüksə daha layiqli birinə qismət olacaq vaxtı gələndə. Bunları düşünürəm, bu vaxt ekskursiya mühafizəsinin həyəcanlı səsi eşidilir. Bayıra çıxıram. Bir neçə yüz metr aralıda bir neçə pələngə bənzər heyvan gəzişir. Yəqin işığı görüb yaxınlaşıblar. Mühafizə yaxınlaşmamaqları üçün projektorla o tərəfə işıq tutur. Bəlkə, bu elə Qar Leopardıdır. Ağlıma Çarli gəlir, cəld onların çadırına yollanıb atasını nəzakətlə oyadıram. Çarli mışıl mışıl yatır, nəsə pafoslu nitqlər sayıqlayır. Kameranı götürüb atası ilə bayıra, mühafizəçilərin yanına gedirik. Mümkün qədər yaxınlaşıb həmin heyvan dəstəsinin şəklini dəfələrlə çəkirik, deyəsən, doğurdan da Qar Leopardıdır. Çoxlu şəkillərdən sonra sevincək çadırlara qayıdırıq, Çarlinin atası mənə təşəkkür edir. Yatmağa yollanıram.
Dörd gün sonra aşağı enirik. Everest səfəri çox maraqlı alınıb. Bu dəlinin hekayəsinə isə vurulmuşam. Həyatım dəyişəcək.Buna əminəm. Hava limanında Çarli mənə yaxınlaşır.
– Hazırsan?
– Nəyə, Çarli?
– Cənnətə yollanmağa. Bəlkə bir yerdə gedək?
– Hə yaxşı gedək – gülümsünürəm. Çarli mənə yaxınlaşır, selfi üçün gülümsünürük. Amma fotoaparat işə düşmür.
– Yaddaşı dolub. Bir dəqiqə, – o displeyden menyuya daxil olur. Çəkilmiş şəkillərə baxıb əsməyə başlayır. Mən gülümsünürəm. O, təşviş içində şəkillərə baxır.
– Atanla sənə sürpriz eləmək istədik, Çarli – gülümsənərək ona yaxınlaşıram, – bilmirəm Qar Leopardıdır ya yox, amma maraqlı heyvanlardı.
– Yox!! YOX!!!! Siz nə etdiniz? Bu kartda. . . – Çarli nəfəs ala bilmir, – bu kaaa.. kart şəhərciyə açılır. Şəkildə isə 6 heyvan var. 30-a yaxın şəkil çəkmisiniz. Sən ortaq deyilsən! Sən Lusifersən. Sən İblissən!! – O, mənim üzərimə atılır. Terminalın qabağında onu yerə sərirəm. Kameranı götürüb menudan üç şəkil silirəm. Artıq bu dəlidən bezdim.
– Bax, Çarli, ala çək yolla məni ora. Çək, – kameranı ona uzadıram. Yerdən qalxaraq təsvir etdiyi kimi mənə bir kəllə vurur. Lənətə gəlmiş Dəli! Kameranı dartır, aparat əlimdə çevrilib amma prinsipial olaraq onu vermirəm.
– Zəhləm gedir səndən!!! Hər şeyi yenidən etməli olacağam. Dəccalsan sən!!!! – bu an gözlərim tutulur. Parlaq işıq.
Gözlərimi açıram, qan görürəm. Deyəsən, əclaf qaşımı açıb, amma artıq o müqavimət göstərmir. Kamera əlimdə yoxdur heç. Yəqin, dartıb alıb. Ağrıdan qanayan qaşımı sıxıram. İy gəlir. Salamat gözümü açıram. Terminaldakı güzgüyə baxıram, deyəsən, çünki orada özümü görürəm, Çarlini axtarmaq üçün sağa baxıram, amma orada da mən varam. Sola dönürəm ora boşluqdur. Güzgülərdəki mənlər qorxur. Yerə baxırıq üçümüz də. Görəsən qaşdan yerə bu qədər qan tökülə bilər mi? Yerdə əcaib qəhvəyi topa bənzər şeylər var. Hərəkətsizdirlər.
Ola bilər mi?!
Bu an kükrəməyə bənzər səslər eşidirəm. Güzgüdəki mən əlini qaldıraraq arxaya işarə edir. Özümü müdafiə etməkçün əlimi qeyri-ixtiyari cibimə aparıram. Cibimdə isə üzük var.
Mənlərin 3 üzüyü oldu. Bilsəydim, Everestə Mantlın bitası ilə yollanardım. . .
Comments
Post a Comment