Əziz Oxucu,
7 il əvvəl ən yaxın dostlarımdan biri mənə Neil Gaiman haqqında danışdı. Hekayə anlatımında, zəngin ədəbi mətnlərində və daim gizli bir mesajın ehtimal olunduğu kitablarında necə itdiyindən, heyranlığından dəm vurdu.
Elə həvəsə düşdüm ki, bir kitabını pdf versiyada tapıb bu söhbətin getdiyi gün evə qayıdanda, 53 nömrəli avtobusun arxa oturacağında oxumağa başladım. O dönəmlər hələ də Erich Maria Remarque oxuyan vaxtlarım idi və müəllifin tərzi, danışdığı hekayəsi mənə yad idi. amma maraq təhlükəli şeydi. Elə həmin gün də kitabı Bakumozla sifariş vermişdim. Bu xatirələri çox aydınlığı ilə xatırlayıram. Yox, ona görə yox ki, o oxuyuşum məndə möhkəm təsir buraxa bilmişdi, sadəcə kitabı Bakumozdan təslim almağa gedəndə Nizami Kinoteatrı önündəki keçidi istfadə etməyib yolu düzünə keçmişdim, polis əmilər də cərimələmişdi. Kitaba ödəməkçün yanımdakı pulu cərimə kimi ödəyəsi olmuşdum, acısı hələ də çıxmayıb canımdan.
Əlqərəz, kitabı oxudum.. və bəyənmədim. Hər şey o qədər sirli, o qədər qarmaşıq idi ki, başımı işlətməkdən imtina etdim və yenə Remarque dünyasına qayıtdım. Növbəti görüşümüzdə dostumla kitabdan danışdıq. Cahil özgüvəniylə kitabı bəyənmədiyimi dedim və dostum ağzımın payını verdi. 😅 Kitabın xırdalıqları barədə bir də danışdıq, üfüqüm açıldı. Evə qayıdıb kitabı daha bir dəfə oxumağa başladım.
Bu kitab barədə geniş danışmağa başlamamışdan əvvəl bir faktı etiraf etməliyəm:
"Yolun Sonundakı Okean" ədəbiyyat anlayışımı, bazal səviyyədəki hər mihəng daşını təzələməyə məni məcbur edən kitabdır. Bu kitab sayəsində alışıla gəlmiş tərzdən sıyrılıb çıxmışam, bu kitab sayəsində bəlirgin özəlliyi olan sentimental ədəbiyyatdan sıyrılıb çıxmışam. Bu kitab sayəsində məni böyüdən, inkişaf etdirən kitabların ovuna çıxmaq istəyini içimdə kəşf etmişəm. Ədəbiyyatla bağlılığımı başladan kitab "Kapitan Qrantın uşaqları" idi, amma məni bu məhəbbətə düçar edən "Yolun Sonundakı Okean" oldu.
Adı kitab boyunca çəkilməyən baş qəhrəmanımız gənclik illərində tərk etdiyi qəsəbəyə qayıdır. Ailədən dünyasını dəyişən birinin dəfni üçün geri qayıtdığı qəsəbədə gəzişməyə çıxır və uşaqlığına dair xatirələr geri qayıtmağa başlayır. Əvvəlcə yaşadığı ev, sonra yaddaşından silinən yol və yolun sonundakı başqa şeylər yenidən xatirələrində canlanır. Ələlxüsus, Hempstock ailəsi və Lettie.
Daha sonra canlanan xatirələrlə birlikdə 7 yaşındaykən başına gələn, amma hər birini heç var olmamışcasına unutduğu hadisələr yadına düşür. Lettie və evlərinin arxasındakı kiçik göl, Lettie-nin diliylə desək, Okean. Lettie-nin Okeanı.
Məsumanə bir uşaqlıq xatirəsi kimi başlayan hekayə bir dramaya, qorxu hekayəsinə, cəsarət və itkilərin hüznünüə çevrilir. Könlümdə böyük bir yer sahibi olan o ilk giriş cümləsi ilə başlayır bu hekayə:
"Yeddinci doğum günümə heç kim gəlmədi."
Bu kitabın bir neçə xüsusi tərəfi var:
- Personajlarını yaşlandırmaq bir yazıçının ən güclü tərəflərindəndir, hər kəs bunu bacarmır. yeniyetmə yaşlarındakı birini 60lı yaşlarında göstərmək çox çətindi, ona həmin ötən illərin təcrübəsini, zəhmini, müdrikliyini yükləmək. Amma bundan da çətini bir uşağın dilindən uşaq dilinə uyğun hekayə danışmaqdı. Bunu Gaiman mükəmməl bacarır. "The Graveyard Book - Məzarlıq Kitabı" əsərində 1 yaşı belə olmayan uşağın baxışından başlayır romana. Bunu elə mükəmməl bacarır ki, heyran olmamaq olmur. Eynilə bu kitabda da 7 yaşlı oğlanın gözündən yetişkinlərin dünyasına dair incəliklər, qorxunc hadisələrin təsviri, uşağın düşüncələri, mülahizələri. İncə ayrıntılardır, amma kitaba rəng qatmağı bacarır. Bunu "Balaca Şəhzadə"nin pafosu, ya da "Şəkər Portağalı"nın Zezesi kimi çoxbilmişliklə danışan uşağın dilindən etmir, bunu 7 yaşında olmasına öyrəşdiyimiz uşağın diliylə edir.
- Kitabın hər yaş qrupuna və hər intelektual səviyyəyə müraciət edə bilmə kimi bir yönü var. Uşaqlar üçün bir pəri nağılı, yeniyetmələr üçün yetişkinlik dərsi, böyüklər üçün bir travma ədəbiyyatı dadındadır. Dərin düşünmək istəməyən bir oxucu üçün axıcı bir sujetə və üsluba sahibdir, amma eşələməyi sevənlər üçün oralarda bir şeylər gizlidir və oxuyuşda insan yeni bir şey tapmağı bacarır, məsələn, ad günü krizisi ilə başlayan hadisələr, xalanın başına gələnlər, pişik hekayəsi, kirayəşinin sonu, qaranlıqla mücadilə, ata problemi və. s. şəklində getdikcə dərinləşən bir travmatizm konsepsiyası deyilmi?! Bu kitabdakıların nə qədəri xəyal məhsulu, nə qədəri reallıq, nə qədəri reallığın bükülməsidir?!
- Kitab ədəbi olaraq çox zəngin ifadə çeşidliliyinə sahibdir. Mən kitabı 2 dəfə tam, bir neçə dəfə yarımçıq türkcə oxumuşam. Bu gün daha bir dəfə ingiliscə oxudum sona qədər 7 il sonra. Orijinalında o Gaiman üslubu, söz çeşidliliyi, bənzətmələr, fəlsəfi yanaşmalar, mühalizələr. Hər biri çox incə və şairanədir.
P.S Aşağıda Gaiman əminin 2012-ci ildə Philadelphia Universitetində həmin ilin məzunları üçün etdiyi çıxış var. İlhamverici və xüsusi çıxışlardandır.




Kitab çox diqqətimi çəkdi . Hansı kitabçılardan əldə edəbilərəm?
ReplyDeleteBakumoz kitab evi ilə sifariş verə bilərsiniz türkcəsini. Əldə satışda olmasına inanmıram açığı. Sifarişlə rahat gələr.
Delete“Okeanımı sevirəm” dedi Lettie.
ReplyDelete“Okean olduğunu desən də o bir göldür” - dedim bunu deyəndə uşaqlığımın bir hissəsinin öldüyünü hiss edərək.
♥️
Delete