Əziz Oxucu,
Oxuma şövqümün ən dəyərli nəticələrindən biri Jonathan Safran Foer deyilən bu gözəl yazıçını tanımağımdır.
Bu günə kimi məndə iz qoymağı bacaran 3 kitabını oxumuşam və yerdə qalan digər 2 kitabını da qısa müddətdə oxumaq üçün səbrsizlənirəm.
JSF təkcə maraqlı gedişatı olan romanlar yox, həm də çox ciddi mövzulara toxuna bildiyi non-fiction nümunələri də yazıb. İlkini keçən il, ikincisini isə saatlar öncə oxuyub bitirmişəm.
Hazır bir yerə yığışmışıq, şans ələ düşmüşkən ikisi ilə də tanış etmək istərəm səni.
"İnsanlar 2 cür toyuq yetişdirdilər: ət və yumurta üçün olanlar.
Yumurta toyuqlarının dişi olmayan cücələrinə nə olur?
İnsanlar tərəfindən ət kimi istifadəyçün yaradılmayıblar, təbiət də yumurtlasınlar deyə təkamülə
uğratmayıbsa, nə işə yarayırlar?
Heç bir işə yaramırlar.
Məhv edilirlər.
Çoxu xüsusi borularla sorulur, elektrik verilən vallar üzərinə atılaraq yox edilir.
Bəziləri geniş plastik konteynrlərə atılır, orda boğulub ölürlər.
Digərləri də şüurları açıqkən makeratorlardan(ağac üyüdən aparat) keçirilirlər.
Zülmdürmü bu?
Zülm anlayışınızın necə olduğuna görə dəyişir.
Bu sektorda müdir, baytar, işçi, kim olursan ol, heyvanlaeın əzab çəkdiklərini düşünməyən birinə
rastlamamışam. Elədisə hansı həddə əzab qəbulediləndi? Hər şeyin alrında bax bu sual yatır və
hər insan özünə bu sualı verməlidi: yeməyin üçün hansı həddə əzaba göz yuma bilərsən?
Bir insanı yuxudan ayıltmaq həmişə mümkündü, amma özünü yuxudaymış kimi aparan birini heç
bir səs oyada bilməz."
- Eating Animals - Heyvan Yemək
Bir məsələni əvvəldən aydınlaşdıraq: mən ət yeməkdən böyük zövq alıram.
Steak, ya da bizim süfrə mədəniyyətində kabab bişirib tək yeyəcəyiniz qida deyil, dostlarla birgə edilən, ocaqbaşında yelpik yelləyib deyib-güldüyümüz, bir yerə yığışdığımız anın daşıyıcısıdı, açığı bunu eyni manqalda kartof, ya da pomidor şişə çəkərək edəcəyimizə də inanmağım üçün çox ciddi müddətə ehtiyacım var. Əvvəlcədən etiraf eləmək yaxşısıdı. 😏
Mən bədii ədəbiyyat sevdalısıyam, "non-fiction", yəni bədii qurğu tərkibli olmayan kitablardan zövq almıram. Amma bir "non-fiction" nümunəni Jonathan Safran Foer yazanda oxumamaq olmur. Müəllifimiz əsl bədii ədəbiyyatçılardandı, üslubu gözəl, dili sərt, fikri aydın modern ədəbiyyatçıların başını çəkir siyahılarda.
Storytel proqramında dinləməyə kitab axtaranda bu kitabı gördüm, adıyla məni ürəyimdən nişan aldı Kələntər dayı, "Heyvan yemək". Baxın, "Ət yemək" yox, "Heyvan yemək".
Müəllif deyir ki, bu kitab vegetarianlığı təbliğ edən bir kitab deyil. Bu kitabda vegetarianlıq, xeyirləri, formaları haqqında demək olar ki, kəlmə də yoxdu. Bu kitab ətə, daha dəqiq desək heyvana aiddi.
Bilirəm, milyon dərdiniz var hamınızın. Bu dəqiqə broyler toyuğu haqqında düşünmək ağlınıza gələcək son şey də deyil, bəlkə də təzəcə qurbanlıq qoyun kəsmisiniz, paylamısınız. Oxuduğum bu qədər kitabdan haqqında bir kitab olaraq yox, aktual mövzu olaraq danışmağa layiq bildiyim az kitab var, bu onlardan biridi, bura qədər davam etmisinizsə, icazə verin, davam edək, hə? 😊
Mən hər gün yediyim toyuq, ya da mal əti barədə nə bilirəm? Çox şey bilmirəm. Necə kəsildikləri, yetişdirildikləri barədə demək olar ki, heç nə bilmirəm.
Amma bəzi şeylərin fərqindəyəm, məsələn, kənd uşağı olaraq uzun müddət otlayıb,dənləyib gözüm önündə böyüyən toyuqla 6 həftəyə inkubatorda böyüdülən broylerin fərqli olduğunu hiss edə bilirəm, bir yanlışlıq olduğunun fərqindəyəm. Adını "halal" qoyduğumuz ev üsulu kəsimlə, sənayeləşmiş kəsim arasında hansısa fərqin olduğunun fərqindəyəm, həm də ki.. o saqqız kimi toyuq ətində bir yanlışlığın olduğunu anlamaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdu.
Sənayeləşmiş şirkətlərin ehtiyacımız olandan daha çox əti bizə vazkeçilməz qida kimi sırımağının altında nə yatır? O böyük şirkətlərdə yediyimiz heyvanlarla nə baş verir? Ət yemədən də həyata davam eləmək mümkündü? Əgər yeyəcəyiksə, diqqətdə saxlayası nələr var?
Bunlar hər kəsin öz-özüylə təkbaşına oturub, üzərinə düşünüb, qərar çıxartmalı olduğu vacib məsələlərdi.
Şirin pişik şəkillərinə, itlərə, tutuquşulara baxıb onları yemək kimi düşüncədən iyrənirik. Amma yağlı qoyun ətinin kababından vaz keçmirik. Ortada bir yanlışlığın olduğunun fərqindəyik, amma bunu danışmaq istəmirik. Bəlkə danışaq? Hamımızın qaçmağa çalışdığı bu mövzunu dilə gətirək?
Kitab "tamamilə ətdən vaz keç"mi deyir? Yox, demir. Amma sənaye məhsullarıyla bağlı vicdani olaraq cavablandırılmalı suallar olduğunda həmfikirdi. Bir düşünün.
Dediyim kimi, mən ət yeməkdən - steak hazırlamaqdan, qaraciyər qovurması edib dostlarımı qonaq çağırmaqdan, toyuqətli salat düzəltməkdən, mal ətiylə buğlama bişirməkdən böyük zövq alıram. Amma dünən kitabı bitirdim və uzun-uzun düşündüm. Ətsiz bir həyat təsəvvür edə bilirəm mi?
Çətindi.
Amma sənaye məhsullarına pul axıtmağa göz yumacaq qədər təsəvvürümə sığışmır bu fikir?
Yox, o qədər çarəsiz vəziyyətdə deyiləm. Onda?
Dünən veqan əti aldım, içində ət yoxdu, görünüşü ətə oxşayır, bitki mənşəli zülallardan hazırlanıb.
Eyni steak kimi qızartdım sobada, salat düzəltdim, masa başına oturdum.
Sirr verim?
Dadı çox xoşuma gəldi.
Bu cür yoxlamağa davam edə bilərəm. Mövzu ət yeməyin etik olaraq yanlışlığından getmir, o cür radikal bir düşüncədə deyiləm, amma qabağıma gələn ətdən cavabdeh ola bilmədikcə onu yemək düşüncəsi vicdani olaraq narahat etməyə başlayıb məni. Kitabın istədiyi bu idi, istəyinə də mənimlə çatdı. Yediyimiz ət düşündüyümüzdən daha çox hörmət tələb edir. Biz uşaqkən öz bağımızda yetişdirdiyimiz toyuğa, böyütdüyümüz quzuya həmin hörməti göstərirdik, süfrəmizi dadlandırandasa buna görə şükür duyğusu duyurduq, bunu xatırlayıram. Siz də o duyğunu bilirsiniz, yəqin ki. Amma aldığınız sənaye məhsulları ilə eyni vicdani rahatlığı duyursunuz mu?
Sual budu.
Həyatımıza təsir etməyən, bizi irəliyə aparmayan kitabları oxumağın tərəfdarı deyiləm, bu kitab bəlkə də sizi ət yeməkdən vaz keçirməyəcək, cəfəngiyyat hesab edib kənara qoyacaqsınız və xaş üçün qazan asacaqsınlz sabah səhərə, amma oxumaqdan ziyan gəlməz. Növbəti dəfə əliniz ət tutanda içinizdə cavabladığınız və artıq aktuallğı olmayan bir sual yaranmayacaq.
Bir göz atın.
Nuş olsun. 😋
"Yatmış bir adamı oyandırmaq həmişə mümkündü, amma özünü yuxudaymış kimi aparan adamı heç bir səs oyada bilməz."
- We Are The Weather - Bu Bizim Havamızdır
- Məni bu mövzuda fərd olaraq iradəli davranmağa və öz boynuma düşən işi görməyə davam etdirəcək.
- Heç bir uğur əldə edə bilməsək.. yaşadığımız bu dünyanı bərbad bir hala gətirsək.. utanmayacam. Övladlarım önündə. Bu kitabı nə vaxtsa əllərinə alacaqlar, oxuyacaqlar və ona inandığımı və sadəcə mütaliə ilə yetinmədiyimi, həm də hərkətə keçdiyimi biləcəklər.



Comments
Post a Comment