Əziz Oxucu,
Getdikcə yadlaşırıq. Danışmağa daha az şeyim var, ya da danışmaq barədə simicləşirəm, amma yadlaşırıq və paylaşmaq arzum uçucu qazlar kimidi.
Özümlə bir şeylər baş verir, böyük bir dəyişimin içindəyəm və , açığı, elə də xoşuma gəlmir bu. Ona görə də, sənin də canını sıxmaq istəyirəm bir az.
Keçən günlərin birində (ki bu aralar günlər çox keçir, elə keçir ki, elə bil atlı qovalayır) qatardaydım, əlimdə John Wyndham imzalı kitab, 3 cümlə oxuyub 5 cümləlik fikrə dalırdım. başımı qaldırdım, qatarın solundan sağından mənzərələr ötüb keçirdi, bir pəncərədən lap uzaqlıqda yaşıl təpəliklər vardı, digər pəncərədə isə meşəliklər. Çox uzaqlarda. Bir neçə dəqiqə uzaqlara daldım getdim, bir neçə dəqiqə əlimdəki kitabın dramasından uzaqlaşdım, qatarın içindən uzaqlaşdım, ətrafdakı maskalılardan uzaqlaşdım və o bir neçə dəqiqədə gözüm önündəki mənzərə dəyişmədi, lap uzaqlarda təpəlik və meşə.
Sonra gözümün ucuyla pəncərənin lap kənarına baxdım, uşaq vaxtı maşının yan pəncərəsindən asfalta baxardım və inanılmaz sürətlə bizdən arxada qalan asfalt mənə yarılan dalğalar kimi görünürdü, uzaqlara baxırdın, sanki hər şey sənlə bir hərəkət edirdi, amma tam maşının dibində hər şey çox sürətlə bizdən geridə qalırdı, özümü "Ducan" gəmisindəki Mayor kimi hiss edirdim və sevinirdim.. Kapitan Qrantın ardıyca macəraya atılan Mayor kimi..
Amma bu dəfə Mayor heç yadıma da düşmədi, əvəzinə ötüb gedən vaxta ilişib qalmışam. Sanki çox yaxınımda bir şeylər baş verir və mən imkan tapıb diqqətimi ora yönəldə bilmirəm, maşının dibindən geriyə doğru dördnala qaçan asfalt kimi. Orada birşeylər olur, amma xırdalıqları görə bilmirəm.
Vaxtımın səmərəsiz keçdiyi fikri, bu vaxtın hədsiz dəyərli olduğu və itkinin misilsiz olduğuna dair içimi gəmirən bir siçan var. Köksümdə oturub, sırtıqlıq edir. Sosial şəbəkələr, televiziya, susmamaq xatirinə aparılan dialoqlar, oxumaq xatirinə vərəqlənən kitablar.. Özümü Vaterlo müharibəsində yağış səbəbindən gecikən topların həsrətini çəkən Napaleon kimi hiss edirəm və məğlub olmağa başladığım duyğusunu içimdən ata bilmirəm.
Məşğulluq dərəcəmiz artır, deyəsən. Boş qala bilmirəm, restoranlarda uzun ayaqlı uşaq oturacaqlarına həbs edilən körpələr kimiyəm və qaşıq-qaşıq "yemək" ağzıma tıxılır. Əmziyimizə mürəbbə sürtürlər və istəsək də, vaz keçə bilmirik, tükədirik.
Yaratmaq, ixtira etmək, maddəni bir haldan digərinə, düşüncəni qığılcımdan ideyaya çevirmək insana məxsus yeganə xüsusi cəhətdir və bunun üçün vaxt lazımdı. Tək qalmaq lazımdı. Beyinə neyronlarının qabiliyyətlərini kəşf etməsi üçün şans vermək lazımdı.
Amma o vaxt filmlər, seriallar, verilişlər, proqramlar, söhbətlərlə doludu. Artıq asudə vaxt qəbuluna düşmək istədiyimiz Şəhər İcra Hakimi kimidi, ordadı, amma bizim üçün deyil.
Kitablardan vaz keçə bilmirəm, kimlərinsə daha yaxşı dünyalar təsəvvür edib onu bizə çatdırması lüksdür. Və mən lüksünə düşkün züppə olmaqdan məmnunam bu mövzuda. Amma bəzən bitirmək xətrinə çör-çöp oxuduğumu da inkar edə bilmərəm.
Müzakirələr.. Söhbətlər.. Əslində elə də çox deyil, çünki "xroniki dost itirmə" problemi yaşayıram bu aralar. Çevrəm daralır. Çevrəm sürətlə daralır. Dostlarım gedir. İtir. Qalada tək qalan sonuncu senturiona çevrilirəm.
Sosial şəbəkə.. Ax.. Balıqlar kimiyik mövzu bura gələndə. Bu qırmağın ucundakı boyat çörəyin hər kəsi kimlərinsə süfrəsinə daşıdığını bilirik, görürük, amma o qırmağa iştahla atılmaqdan vaz keçmirik. Bəzilərimizin mədəsində qızıl üzük var və Orta Dünyaya hökm sürə biləcəkkən, evlilik təklifi üçün bişirilir və sona qədər yeyilmədən birinin sevinc qışqırıqlarının qalıntısı oluruq.
Çox bədbin danışıram?
Yaxşı şeylər də olur. Məsələn nəşriyyat qurmuşam, əziz oxucu. Madam dünya tükədənlər dünyasıdı və özüm tükədiləcək nəsə yarada bilmirəm, onda yaradanlar üçün vəsilə ola bilərəm.
İki pişiyimlə tək qala bildiyim vaxtlarda telefondan, dünyadan, ağlımı qurcalayan hər şeydən uzaqlaşıram. Haqlarında uzun-uzun danışmaq istərəm, amma kimə lazım?
Sizcə də hər şey bir az mənasız, hər kəs bir az lazımsız deyil?
Bu aralar toplumun sayına ilişib ağlım. Bir az çox deyilik? Hər kəs problemin insan xislətində, icad etdiyimiz cihazlarda, torpağı, suyu, havanı kirlətməyimizdə görür, amma mənə elə gəlir ki, problemin özü bizik. Çoxuq, hədsiz çoxuq.
Və bəzilərimizin zəkası hər şeyi qavramağa yetmir. Dünyanı irəli apara biləcək qərarlar verəcək adamları yox, bəlağəti yaxşı olanı, şəxsi mənafemizi təmin edəni seçirik siyasətdə. Bəzilərimiz nə seçdiyinin fərqinə varmadan seçir.
Ya da bu cür olmalıdı. Dinozavrlar kimi biz də bu planeti fəth edə bilməyib öznə düşmən kəsilən varlıqlar olaraq tərk etməli və yerimizi pandalara buraxmalıyıq.
Ya da tiramisunu milli sərvətə çevirməliyik.
Daha çox danışmaq istərəm, boşboğazlıq etmək istərəm, amma.. Vaxt almış olaram. Bura qədər kimsə oxuyubsa və daha mənalı bir şey tapacağını düşünürsə, dayanmağın və bu günkü sosial çarxın mesajını verməyin vaxtıdı:
Tükədilməyə layiq az şey var, amma üzərinə düşünüləcək çox. Tək qalmaqdan, düşüncələrə azadlıq verməkdən çəkinməmək lazımdı. Pikasso, Da Vinçi, Borxes, ya da Nyuton olmadığınızı düşünə bilərsiniz bəzən, düşünüb gəldiyiniz nəticələrin bir "alma" qədər tarixdə yer tutmayacağını düşünə bilərsiniz, amma tükədilmək məcburiyyətində deyilsiniz. Heç kim illərlə tükədiləcək qədər dəyərli olmaq məcburiyyətində deyil, amma özümüz üçün yarada bilərik, bədbinlik, nikbinlik. Fərq etməz. Gecə yatanda telefonlarımızı qonşu otaqda qoymalı, oyanmaq üçün zəngli saatlara, ağlayan övladlara, mırıldayan pişiklərə güvənmək lazımdır və gecələri yatmadan öncə ekranlardan üzümüzə düşən işıqdan uzaq durmaq üçün hər şansı dəyərləndirmək lazımdı.
Və yerə zibil atıb tüpürməyin, etik deyil.
Comments
Post a Comment