Kimsə qışqırırdı.
Kömək istədiyini anlamağım bir müddət çəkdi, amma köməyin bəlli bir şəxsdənmi,
yoxsa ilk yetişə biləndənmi istəndiyini başa düşmək daha çox vaxtımı aldı.
İstəyirəm ki, doğru anlaşılam, ona görə açıqlamaqda fayda var:
Dünyanın mərkəzində deyiləm. Bilirəm, hamı inanır ki, hər şeyin episentrində
olan özüdür, bəziləri, doğurdan da, belədirlər. Super qəhrəmanlar. Məşhurlar.
Siyasi xadimlər. Buna etirazım yoxdu. Kimlərsə baş rolda olmalı, gözdən düşəndə
də qurban getməlidirlər. Ayağa qalxmaq və səs ucaltmağın pis tərəfi də budu:
kimsə əlində taxta çəkic, dəlikdən başını çıxaran dovşanı güdür. Dikbaşlığın cəzası
var.
Balkonda oturub bunun kimi fikirlərlə əlbəyaxa idim və kimsə kömək
deyə qışqırırdı.
Əlimdə kitab, göz qırpmadan donub qalmışdım. Tərpənməsəm, bir əzələmi
də hərəkətə gətirməsəm, hətta bir müddətlik nəfəs almağı da dayandırsam,
yaxınlarda olduğumu, cingildəyən səsin harayını eşitdiyimi kim, necə sübut edə
bilərdi ki? Tutaq ki, eşitdim, necə bir kömək tələb olunduğunu kim bilir? O köməyə
qabiliyyətimin çatdığını kim bilir?
Heç kim.
Yarım qalan zərər, yarım edilən xeyir əməldir, düz deyil?!
Sürücülük vəsiqəsi üçün “ilkin tibbi yardım” kursunda olanda, necə ürək
masajı edəcəyimizi göstərmişdilər: əllərini üst-üstə qoy, gənclik qayğıları
kimi sinəsinə çök və içəriyə doğru sıx. 30 dəfə. Burun dəliklərini qapa və
ağzını ağzına dirəyib nəfəs ver. 2 dəfə. Ağbənizin yanağına rəng gəlir.
Heç cür doğru ritmə düşə bilməmişdim. Dəfələrlə cəhd elədim, təlimçi
təqaüddə olan ev həkimi idi, üzündən bezginlik yağırdı və qulağıma, - təcili
yardım tələb edən hallarla üzləşsən, 5 dəqiqə gözlə. Başı çıxan biri gəlib
çıxacaq, - demişdi. Qürurum zədələnməmişdi, rahatlamışdım.
Doğru yardım gələcək, əsas odur ki, yollarına çıxmayaydım. Köstək
olmayaydım.
Təlimçinin səsi qulağımdaydı, “Düşünən adam” heykəli kimi tərpənmədən,
dizlərim bir-birinə bitişik, hərəkətsiz dayanmışdım, amma kömək çağırışlarının
intensivliyi və əlacsızlığı artırdı, ya da ətrafdakı qatı sükut hər şeyi şar
kimi şişirdirdi.
Düşdüyüm vəziyyətin gülünclüyünə gülmək də olmurdu.
Mənim balkonda nə işim vardı ki, ətrafda olan-bitənin mənə dəxli də
olsun?!
Məsələ ondadı ki, bu aralar bir az depresiyadayam. Bilirəm əşi, hamı
çətinliyə düşür nə vaxtsa, amma mənimki bir az qaranlıqdı. Sıxıntı. Can
sıxıntısı. Nəsə mənə elə gəlir ki, vaxtım itir. Günüm itir və mən o dəyərli
vaxtı doğru istifadə edə bilmirəm. Sanki öz “evrika”mı gözdən qaçırıram, lazer
işığını tutmaq istəyən pişik kimiyəm. Arxasıyca qaçıram, amma milçək diqqətimi
dağıdır.
Əsas düşmənim də virtual aləmdir. Bütün günümü alır sanki, maraq məni
çatladır, səhifəni yeniləməsəm, elə hiss edirəm ki, sanki nəsə önəmli bir şey
gözümdən qaçacaq. Balıqlar kimi deyilik? Bu qırmağın
ucundakı boyat çörəyin daha əvvəl bütün nəsil-nəcabətimizi kimlərinsə süfrəsinə
daşıdığını bilirik, görürük, amma o qırmağa iştahla atılmaqdan vaz keçmirik. Bəzilərimizin
mədəsində qızıl üzük var və Orta Dünyaya hökm sürə biləcəkkən, evlilik təklifi
üçün bişirilir və sona qədər yeyilmədən birinin sevinc qışqırıqlarının
qalıntısı oluruq.
Qəşəng bənzətmədi. Əzbərləməyə çalışdım, çünki
yanımdakı dəftərçəyə yazmaq üçün tərpənsəm, balkondakı varlığım bilinər deyə
qorxurdum. Ümumiyyətlə, bu millət hardadı?
Hava o qədər isti də deyil ki, deyim hamı
hovuzlarda sərinlənir.
Bu da ayrı tərəkəmədi, nə vaxt ki qlobal istiləşmədən,
yox olan heyvan növlərindən, köhnəlmiş corab kimi deşik-deşik olan ozon
qatından, meşə yanğınlarından söhbət açılır, min cür bəhanə tapırıq. Sənayeləşmə.
İsraf. Dənizə sızan neft. Müharibələr. Siqaret kötüyü.
Boş söhbətdir!
Problem insandır. Çoxuq.
O qədər çoxuq ki, planet ağırlığımıza dözmür, bəlkə
də ağırlıqdan planet kainatda aşağıya doğru düşür, ürəyi bulanır. Amma yenə də
7 milyard insan bu kömək deyə bağıran uşağın – səsindəki cingilti məndə
yeniyetmə olduğu təəssüratını oyadır – harayına çata bilmir. Hər yerdədilər,
amma doğru yerdə deyillər.
İnsanlığın problemi ondadı ki, lazımi məqama diqqətini
yönəltmir.
Mən problem deyirəm, onlar intriqa anlayır.
Mən kirlilik deyirəm, onlar tvit yazır.
Mən şiddət deyirəm, onlar mitinqə çıxır.
Uşaq orda kömək yalvarır, onlar..
Hardadı onlar?
Deyəsən, ətrafda bu qışqırığı eşidən məndən başqa
heç kim yoxdu, elə səssizlik var ki, daxili səsim də başıma düşür.
Hərəkət edib oturacağımdan irəliyə tərpənəndə dizlərim
şıqqıldadı. Krıç. Krrrrıç.
Elə bil balkonu yaylım atəşə tutmuşdular, kömək deyə hayqıran uşağın səsi də
ani kəsilmişdi, yəni duyuq düşdü məndən?!
Balkondan aşağı boylandım, heç nə görünmürdü. Bəlkə
də təlimçinin məsləhəti işə yaramışdı, doğru adam gələ bilənə qədər gözləməyi
bacarmışdım, problem həll olunmuşdu. Yerimə qayıdıb dua kimi təkrarladığım bənzətməmi
dəftərə köçürə bilərdim. Necə idi? Balıq, çörək və toy haqqındaydı..
- KÖMƏƏƏƏK!
Ehtiyac ödənilməyib.
Səs qarşı binanın mənim balkonuma baxmayan sağ tərəfindən
gəlirdi. Balkonumun sağ kənarına getdim, boylana bildiyim qədər sağ tərəfə
boylandım, lap zürafə kimi. Görmək çətin idi, Günəş şüaları gözümə düşürdü, bir
əlimlə nədənsə yapışıb o biri əlimi gözümə çəpər etmək çətin idi, filosoflarla əsgərlərin
fərqi bundadı, biri amalı düşünüb tapmaq, digəri onun uğrunda balkondan
yıxılmaq üçündür. Sadəlövhlükdən uzaq olsa da, özümü filosoflar cəbhəsində
gör... Bir dəqiqə.. ordakı..
Uşaq balkondan aşağı sallanmışdı?!
İki əliylə Olimp dağından oğurlanan məşəli
qamarlayan Prometey kimi balkonun dəmirliyinə sarılıb. Ayaqları havada yellənir,
əlacsız haraylarını eşitməsən, qurbağa üzüşü məşq etdiyini deyərsən.
Görəsən, nə qədər dözə bilərdi? Evdə heç kim yox
idi? Uşağın sallaq qaldığı balkon ki küçəyə baxır, yəni bir bəni-adəm bayraq
kimi sallanan uşağı görmür?
Qolları yorulub. Özünü yuxarı çəkməyə çalışır,
ağırlığını bir qolundan digərinə ötürməyə çalışır, amma həddi-büluğa çatmamış bədəni
bu yükün altından qalxa bilmir.
Deyəsən.. Deyəsən, tək şansı mənəm. Geri addımladım.
Ayaqlarım salona açılan balkon qapısına dirənəndə fərqinə vardım ki, içəri girirəm.
Hərəkət etmək.. Hərəkət dediyin nə idi ki? İçəri
girə, qapını haray qoparan uşağa bağlaya bilərdim. Bu da hərəkətdir. Dünyadan təcrid
ola və bir şey görməmişəmmiş kimi davrana bilərdim, amma... qapını həm də
vicdanıma bağlaya bilərdim?
Qərar anı..
Ayaqlarım bir-birinə dolaşır, nə qədər oturmuşdum
balkonda?Ayaqlarım keyiyəcək qədər keçmişdi vaxt?! Elə bil, bir ömür hərəkət eləməmişdim.
Ayağımı tələsik ayaqqabının içinə dürtüşdürdüm, açarı götürməyi unudacaqdım az
qala, geri qayıdıb açarı axtardım. Aşağı düşənə kömək edib yuxarı çıxa bilməməyim
ironik olardı..
Üçüncü mərtəbədəydi, deyəsən. Neçə metr olardı? 50?
Nə edəcəkdim? Evdə heç kim yox idisə, mənə qapını açan da olmazdı, deməli,
yuxarı çıxıb əl uzadası deyildim, ayaqqabılarımı güclə geyinmişdim, İndiana
Cons roluna da bürünməyin yeri yox idi, Harrison Ford kimi fotojenik deyiləm. Bu
ucuz komediya filmi deyil, ona görə aşağıda yorğan tutub hırıldaya bilməzdim,
hırıldamaq problem deyil əslində, amma yorğanı tək tutmağım mümkünsüzdü, elə
bir cəhd eləsəm, onda yorğan ancaq xurd-xəşil olan uşağın üstünü örtməyə
yarayar.
Onda bir variant qalırdı.
Aşağıda dura, qolarımı aça və bir qədər öncə heç nə
etməmək naminə hərəkətsiz dayandığım kimi, bu dəfə bir şeylər etmək üçün hərəkətsizliyimi qorumağa davam edəcəkdim.
De-fakto,mənim nəsə etməyimə ehtiyac yox idi, sadəcə orda olmalıyam, qollarımı
açmalı və gözləməliyəm, uşaq özünü aşağı buraxmalı – ya da sallanmağa dözməyəcək
qədər yorulmalı – və aşağı düşməlidi. Sadəcə orada olmalıyam, başqa heç nə..
Elə bu? Bu qədəri doğurdan da yetəcəkdi?
Pilləkənləri iki-iki düşdüm, binadan çıxıb küçəyə
çıxdım, balkonun altına qaçdım və qollarımı açdım, uşağın corabsız ayaqlarına
gözümü dikdim.
Qərar. İcra.
Ayağa qalxmaq..
Asan imiş.
Comments
Post a Comment