Dünən gecə səhərə qədər, demək olar ki, yatmamışam. Çox xəstə də olmadı, amma gözümə yuxu getməyib.
Bu gecə yenə növbədəyəm, çətin ikincidi həmişə, ilkindən sonra gəlib yatıram evdə, hər dəfə şirin xəyallar qururam, saat 9-da yuxuya gedəcəm, günorta ən azı 3-ə qədər yatacam.
Amma saat 12 olmamış, ya Şəngül(ikinci pişiyimiz) qapını cırmaqlamağa, açmağa çalışır, ya da Aysel yenə dərs keçəndə eşqəgəlir, səsinə ayılıram. Mısmırığım Salvador Dalinin saatları kimi sallanır.
Sübh çağına qədər oyaq qala bilmişəmsə, yuxum mövcud olmamışcasına qaçır, tələbə vaxtı da buc ür növbələrə çıxardım reanimasiyada, hətta baş tibb bacısına iş görüşümüzdə, - saat 4 və 5 arasında özümə cavabdeh deyiləm, yatmaram, amma oyaqlıq dərəcəm barədə də əmin deyiləm, amma 5-dən sonra kəndin xoruzundan geri qalmıram.
Kitab oxumağa başladım, 130 səhifəyə çatdım da, sonra sübhə yaxın 99 yaşında bir qadın gətirdilər. heç də 99 yaşda görünməyən, fiziki gücü yerində qadın idi. Tənəffüs çatışmazlığı, ilk baxışda astma tutmasına bənzəyirdi, amma 99 il astması olmayan adam yolüstü bu eşqə düşməz.
Müayinə etdim, virus infeksiyası olduğuna əmin idim, gözləntim ya korona, ya da influenza idi, bu aralar bizim şəhəri ağuşuna alıb, amma heç gözləmədiyim nəticə çıxdı, RSV(respiratory syncytial virus), çox vaxt körpələrdə rast gəlinən tənəffüs yolu infeksiyasıdı, bəlkə də 100 il yaşayandan sonra belə olur, sayğac sıfırlanır, başdan başlayırsan. Hər kim 100 il yaşamasa, günah...
Bu gecə kitabı bitirə bilərəm bəlkə, fikrimi cəmləmək çətindi, gecə boyunca tamamilə təkəm növbədə, bütün məsuliyyət məndədi. saat 12-dən etibarən digərləri gedəcək, təcili hallar qeydlərimi təkrardan oxuyum hər ehtimala.
Sabah saat 9-da yuxuya getsəm, bəlkə ən azı 3-ə kimi...
Comments
Post a Comment