Bir az tətilə ehtiyacım var.
Tətildən gəlirəm və ağlımdakı budu.
Bir az tətilə ehtiyacım var. Çox deyinirəm? Bunları yazmaq səbəbim budu elə, çox deyindiyimi düşünməyə başlamışam. İl sonunu Praqada yola salıb yeni ili qarşıladıq. Atəşfəşanlıq barbarlığı sonrası qanadından zədələnib Karl körpüsünün dibinə çırpılan göyərçinlərə tamaşa etdik, müharibə ərazisindən çıxarmışcasına həyəcan içində maşına qədər yolu axtardıq və evə gəldik. O qədər yorğun idim ki, ayaqqabılarımı da çıxarmadan yatağa atdım özümü. Və bu gün başladı.
Bu gün səhərdən bəri yoldayıq. Hardasa 6 saat maşın sürmüşəm. 5 nəfər idik, amma dünənin yorğunluğu hərəni bir dərəyə tullamışdı və mən də içimdə deyinirdim.
Sağ, sol, orta güzgüləri nəzarətdə saxlamaq, qarşıda gedən maşınlara, yola fokuslanmaq, sürət limitini nəzarətdə saxlamaq zehni yorur, xüsusən də, Çexiya sərhədini keçib Bavariya torpaqlarına daxil olduqdan sonra. Təbiət hansı fəsil olur-olsun, bərq vurur. Və mən bunu izləyə bilmirəm, çünki asfalta gözümü dikməliyəm. Bütün o konsentrasiya dolu saatlarda içimdə deyinmişəm. Hər şey barədə. Özüm, nəşriyyatımız, gələn tənqidlər, növbəti kitablarımız, tərcüməçilər, iş yoldaşlarım, həkimlik karyeram, vaxtımızı alan gənc xəstələr, özüm, tibb bacıları, çoxbilmiş tanışlar, ön şüşəyə çırpılan böcək, maşındakıların ölüvaylığı, yanlış mahnı seçimi, özüm, pişiklərimizdən birinin qum tualeti əvəzinə tam qum tualetindən 10 santimetr kənarı istifadə etməsi, Eyyub Yaqubovun Bakı vəsvəsəsi, özüm, sabah işə getmək məcburiyyəti, oxumaq istədiyim kitablara vaxt tapmamağım, yazıçılıq xülyalarım, aldığım kofenin tez soyumağı, səhər yediyim ballı tortun qalanını otel sahibinə hədiyyə etməyimiz, aclıq duyğusu, şəkər ehtiyacı, özüm, dünənki atəşfəşanlıq, məni soldan yox, sağdan ötməyə çalışan "Volkswagen Golf", özüm, sağ oturacaqda oturan yoldaşın yeyəndə marçıldatmağı, özüm, tərcümə hüququnu ala bilmədiyim yazıçılar, özüm, büdcəmizin azlığı, özüm, özüm, zəif addımlayan satışlar, özüm.. Çox deyinirəm. Çox.
Amma əsas problem çox bəlli deyil? Özüm. Özümə olan müxalifliyim rahat buraxmır məni. Özümü daha yaxşı biri etmək üçün çalışıram. Bloqun varlıq səbəbi birbaşa bu idi. Neçə ildi var bu bloq? 21 Dekabr 2022-ci il etibarıyla 10 il tamamlandı. Uydurmalarla doludu. Özümlə səmimi davrandığım toplasam, 5 yazı yoxdu heç.
Hər şey beynimin içində səliqəsizdi. Xaotikdi. Bu cür qaldığı müddətcə eyni deyinmələri qayıdıb daha bir dəfə edirəm. Daha bir dəfə. Daha bir dəfə. Çarə tapmalıyam. Ona görə, bu gündəliyi başlayıram. Beynimdəki xaosu nizama salmaq.
Otelə qayıtmağa ərindik dünən, gecə yarısına hələ 5 saat var idi, hərə bir küncdə pivələyəcək yer axtarırdı deyə, adi kafelər boş idi, masa tapdıq oturduq, bir az mürgülədim, bir müddət sonra mövzu nəşriyyatımızdan, sonra da mənim itkin yazıçılıq limanımdan açıldı, virtual tanışlığımız çox uzun müddətdi olsa da, ilk dəfə üz-üzə söhbət elədiyim bir yoldaş da ordaydı. Söhbətimizin enerjisinə qapıldım, yarımçıq qoyduğum hekayə ideyalarımdan danışdım. Bir saat qulağını doldurdum, 1 saat sonra özümdən yoruldum. Aralarında bəzilər 8 illik hekayələrdi. Bəziləri barədə son aktiv düşünməyimin üstündən ən azı 5 il keçib və bir küncdə düzməklə məşğulam hamsını yan-yana. Yaratmıram, yaratmaq istəmirəm, amma yaratmadığım şeylər barədə ağız dolusu danışıram, qız evi ipotekaya girir, oğlan evi elçi getməyib heç. Bu səmimiyyətsizlik niyə? Danışmağa necə ani və enerji dolu başlamışdımsa, eyni dərəcədə sönüklük və qəfillik içində dayandırdım. Kimi aldadıram? Özümü.
Çünki yaratmıram. Mən yaratmağı bacarmıram. Yaratmaq və yaradıla biləcək şeylər barədə düşünə bilirəm, amma əməldə sıfıram. Gəlin hər şeyi sıfırlayaq, bu gün özüm barədə bütün böyük ideyalarımı Praqadan evimizə olan yolda qoymuşam. 6 saat cıqqırımı çıxarmadan o qədər deyinmişəm ki."Özüm" xaric digər şeylər reklam fasiləsiymiş, "özüm"lə müharibəm elə uzun müddətdi ki, "görülmədi"-ə atılıb ki, ciddiyə almağı unutmuşam.
Qurtulmağın vaxtıdı. Milli anlamda yox, individual anlamda vətənsizliyə ehtiyacım var. Tamamilə itkin salmalıyam özümü, zehnimin içində. Özümdə dəyişdirmək istədiyim, dəyişdirməyə çalışdığım, gələcəyim, gələcəyimiz üçün təhlükəli hesab etdiyim çox şey var, cinin canını çıxarıb şüşəyə salmalıyam, zəhərimi sovurub kənara tüpürməliyəm. Buna görə, qəbullandığım, qənaətə gəldiyim nə varsa, imtina edirəm. Özümü yenidən yazmalıyam. Özünü bəyənib, özünə haqq qazandırıb bir şeylərin dəyişəcəyini gözləməyə davam etməkdə məna var? Romantik düşünməyin mənası yoxdu, həkim damarım cavabı bilir.
Radikal olmaq lazımdı.
Həmid Babayev yaxşı yazıçı deyil. , çünki yazmamaq üçün əlindən gələni edir.
Həmid Babayev yaxşı oxucu deyil, çünki daha zövq üçün oxumur.
Həmid Babayev yaxşı həkim deyil, çünki zövq almır və iş bitişini həsrətlə gözləyir.
Həmid Babayev yaxşı həyat yoldaşı deyil, çünki sevgisini göstərə bilmir, vaxtı özüylə didişməyə gedir.
Həmid Babayev yaxşı insan da deyil, çünki çox insanı xor görür, ciddiyə almır, acımır.
Həmid Babayev yaxşı övlad deyil, çünki ailəsindən çox uzaqdadı və heç kimin karına yaramır.
Həmid Babayev yaxşı dost da deyil, çünki itirir, hamsını bir-bir itirir.
Həmid Babayev bu an etibarıyla heç kimdir, çünki heç nəyi yoxdur..
Oh. Maraqlı il olacaq.
Comments
Post a Comment