Skip to main content

Nəşriyyatımızın ilk kitabı!

“Ancaq sədaqətin olduğu yerdə xəyanət mümkündür.”

Hardasa 2018-dən bəri ən yaxın dostumla nəşriyyat xəyalları qururuq. Ədəbiyyatı sevirik, ədəbiyyatdan zövq alırıq, öyrənirik, öyrədirik və daha çox zövq alırıq. Zövq aldığımız ədəbiyyatı da öz dilimizə qazandırmaq təkcə özümüz üçün yox, gələcək üçün də ən doğru addım olaraq göründü gözümüzə.

Beləcə Nebula nəşriyyatı doğuldu.

Niyə Nebula?

“Nebula – ölmüş ulduzların qalıntısı, kosmik toz və qaz toplusudur. Bəzilərinə görə, həm də bənzərsiz hekayələrin ilham mənbəyi, doğulduğu yerdir.”

Nəşriyyatımız yerli oxucunun ancaq axtarmaq həvəsi və təcrübəsi göstərsə, əli çata biləcək kitabları çap etməyi düşünür. Planımız budu, oxumaq qabiliyyəti olan hər kəs başını səmaya qaldırsa, ulduzları görə bilən müşahidəçi qabiliyyətindədi, bilinən, tanınan bütün kitabları asanlıqla oxumaq olar, bizim hədəfimizsə sadə müşahidəçinin görə biləcəyindən, xəbər tutacağından daha da uzaqlarda olan toz buludlarını əlçatan etməkdi, yerli oxucunun eşitmədiyi, bilmədiyi, amma kainatın fərqində olduğu, dəyərli saydığı bütün o bilinməz ulduzları əlçatan etməkdi.

Və sinir uclarına toxunan kitabları çap etməkdi. İncəsənət xaos yaratmalıdı. İncəsənət emosional labilliyinizi pozmalı və sizi fərqli düşünməyə məcbur etməlidi.

Beləcə bu sadaladıqlarım məni Muriel Sparka gətirdi.

“İncəsənət cəsarət məsələsidir.”

Bu 3 sözdən ibarət sadə cümləni oxuyanda marağım daha da artdı. Düşündüyüm bütün prinsiplərə uyğun cümlə idi. “The Prime of Miss Jean Brodie” adlı kitabını ələ keçirdim, oxudum və qərarımız qəti idi, Nebula ilk kosmik toz mənbəyini tapmışdı.

“Təhsil” sözü “hasil” sözü ilə eyniköklüdür. Mənası isə bir şeyi yetişdirib ortaya çıxarmaqdır. Mənim üçün təhsil şagirdlərimin qəlbindəkini yetişdirib ortaya çıxarmaqdır. Direktorumuz Miss Mekkey üçün təhsil içinizdə olmayan şeylərlə sizi doldurmaqdır. Mənə görə, bu təhsil deyil, müdaxilədir. Miss Mekkeyin təlim metodu şagirdlərin beynini çoxlu informasiya ilə doldurmaqdan ibarətdir; mənimkisi bilgini hasil etməkdən və bu, əsl təhsildir.

Miss Brodi ömrünün baharında, praym dönəmində olduğunu iddia edən müəllimdi, qızlar məktəbində işləyir və 6 qızı özünküləşdirir. Öz bildiyi tərzdə tədris keçir, şəxsi həyatını onlarla paylaşır, təhsili informativ yox, daha emosional, çoxşaxəli və praktik görür. Kitab əvvəllərindən etibarən insanda Brodiyə qarşı çox xüsusi duyğular yaradır, məktəblərdə öyrəşdiyimiz ruhsuz müəllimlərdən fərqlidi Miss Brodi. Oxucuda yuxarıdakı sitatla təhsilə olan bu geniş baxış bucağı sizdə az da olsa rəğbət oyadır və sonra o məşhur sitat gəlir və oxucu Miss Brodi haqqında daha yüksək fikrə qapılır:

“Direktorumuz Miss Mekkey “Təhlükəsizlik hər şeydən vacibdir” şüarına inanır. Amma təhlükəsizlik hər şeydən vacib deyil, Yaxşılıq, Həqiqət və Gözəllik, bax bunlardır hər şeydən vacib olan.”

Bir mövzuda hər oxucu yəqin ki mənimlə razılaşar, Miss Brodi çox orijinal personajdı. Kitabın əvvəllərində insanda “ölü ozanlar dərnəyi” filmindən izləyicilərin yaxşı tanıdığı John Keating effekti yaradır, amma kitab irəlilədikcə 160 səhifəlik bu kitabda müəllifin necə yetkin və hiyləgər olduğunun fərqinə varırısınız, çünki Miss Brodinin dilindən çıxan heç bir cümlə boşuna səsləndirilməyib, sizin üçün yaddaqalan bütün o sitatlar Miss Brodi barədə sonda qəlbinizdə quracağınız məhkəmədə onun əleyhinə işlədiləcək.

Yaxşılıq, Həqiqət və Gözəllik. Miss Brodi təhlükəsizliyi bu üç şey uğruna qurban verməyi müdafiə edir, amma, doğurdan da, bu üçünə inanır?

Yaxşılıq faşizmə həvəs salan müəllim üçün birinci sırada ola bilməz, çünki Miss Brodi uşaqları öz inandığı şeylər uğruna ölümə də göndərməkdən çəkinmir, onları plastlin kimi büküb dəyişdirməkdə etik baryer görmür.

Həqiqət prioritetlərindən biri deyil, 6 qız uşağını illərcə manipulyasiya edir, gələcəklərini əhvalına görə dəyişdirdiyi yalan hekayələrlə yoğurur.

Gözəllik isə.. tamamilə nisbidir və Miss Brodi gözəlliyə yox, cazibəyə inanır.

Xeyirxah yox, kindar, dürüst yox, hiyləgər, gözəl yox, cazibədar.

6 qızdan biri Miss Brodiyə xəyanət edəcək, amma kim? Və niyə?

Kitab 160 səhifəlik şahmat oyunudu. Poetik deyil, sujet dolaşıq deyil, amma üslub və struktur.. Müəllif hamını mat qoyur.

Müəllif oxucunun nazıyla oynamır, öz emosiyalarına qapılıb personajlarının dilindən danışmır, səhifələri uzatmaq xətrinə boş təsvirlərə girişmir, fərdi faşizm, feminizm, təhsil və böyümə barədə triller janrında olmayan psixoloji triller yaradır və bunu əlində olan materialı minimal dozada istifadə edərək etməyi bacarır. Bu 6 gənc qızın psixoloji qətliamıdı və yalnız biri silkələnib “Brodi effekti”-ndən qurtulmağı bacarır.

Bu kitabı orijinal dilində oxumaq mənim üçün böyük zövq idi, onu dilimizə qazandırmaq möhtəşəm idi, mümkün qədər müəllifin soyuqqanlı, britan ingiliscəsini öz dilimizə əyib bükmədən gətirməyə çalışdıq,, düşünürəm ki, bunu bacardıq, indi qalır kitabı oxuculara oxutmaq.

Miss Brodi sizi narahat edəcək. Kitaba başlayacaqsınız və bu sözlərimi əvvəlcədən bilərək, Brodinin təhlükəli biri olduğunu bilərək, başlayacaqsınız, amma onun cazibəsinə yenə də qapılacaqsınız və sonda Miss Brodi sizi yenə də mat qoymağı bacaracaq.

Nebula nəşriyyatını yaddaşınıza yazın, beləsi hələ olmamışdı.

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...