Skip to main content

İtkin eşqim...



Uzun və incə bir yol.. Bütün çətinliklərin, törələrin, müharibələrin , oğul , ata, ana , övlad itkisinin verdiyi ağrıdan daha ağır bir yol. Hara getdiyini bilmədiyin , ama tək istəyinin getmək olduğunu düşündüyün yol.. Axrının nə olduğu, hardan gəlib, hara getdiyini bilmədiyim bir yol...


Artıq vacib deyil bu yola necə düşdüm.. Yoldayam artıq. Dostların, yol yoldaşının olmadığı bir yoldayam. Bu yol nə yoludur belə? Harda başlayıb, harda bitdiyini belə bilmədən  Gedirəm bu yolu...

İçimdən birdaş asılıb. Bu daşı daşımaq zorundamıyam? Bunu daşımağa məcburmuyam? Bilmirəm. Həyatımı boşuna verdiyim gün yadımdaydı. Yorğun idim. Sanki bu günə kimi yaşayıb yaşamadığımı bilmirdim. Otağıma keçdim. Divarda asılan bütün fəxri fərmanlara, beynəlxalq sertifikatlara, diplomlara, uşaqlıq, gənclik və peşəkarlıq illərimin uğurlarına baxdım. Mənasız , fəxrsiz, sanki hər birini qazanmaq üçün gecəni gündüzə qatan, lazım olanda qonşu gündən də “borc” alan mən deyildim.  Mənasını itirmiş və yorğun baxışlarla... Bezdim bu saxtakar tablolardan.. Gəncliyimi çoxdan itirdiyim yadıma gəldi. Kinayə ilə gülümsündüm. Dostlarıma yaxınlaşdım.. Pəncərənin bayır tərəfində aramsız yağış yağırdı. Hər su damcısı aramsız  pəncərəni döyəcləyirdi. Külək şiddətlə məni, dünyamı, dostlarımı hədələyirdi. Hətta buludlar da əksimə qalxmışdı. Təbiət varlığıma gücünü hədəsini ildırımıyla,gurultusuyla, Vıyıltısiyla ürəyi dəlib keçən küləyilə göstərirdi.
Amma qorxmurdum. Dostlarım yanımdaydı. Qarşımdaydı. Rahatlamışdım azca. Onlara tamaşa etmək, barmaqlarımı xəfifcə hər birinə toxundurmağa çalışırdım. Divar boyunca yerləşmiş rəfləri  dolduran sehrli dünyam.. Kitablarım.. Ama çatışmayan, Məni bütün bu sehrli aləmin varlığından ayıran, bütün ahəngi pozan nəsə vardı. Çatışmayan nəsə.. Rəflərdən uzaqlaşdım. Uzaqdan izlədim onları. Anladım. Hansısa hissəm idi çatışmayan. Bir kitab.. Adını, müəllifini, məğzini bilmədiyim bir kitab. Qəlbimlə görürdüm o kitabı. Harda olduğunu bilirdim sanki. Bu kəşkəşanlı havaya baxmayaraq tərk etdim evi.. Yağışın , çovğunun müşaiyəti ilə getdim Kitab dükanına tərəf xırda, amma əmin addımlarla. Çatışmayanımı tapmaq ümidi ilə.


Satıcı mat-məəttəl idi hərəkətlərimə. İçəri daxil olub sanki öz əlimlə qoymuş kimi yaxınlaşdım rəflərdən birinə. Bir baxışla görmüşdüm “öz parçamı”.. Əlimə alıb xəfifcə toxunuşla onu Hiss etdim.. Satıcı yaxınlaşıb mənə: “Gələcəyinizi demişdi. Bir gün sizin kimi dükana daxil olub onu bu yerdə yerləşdirdi. ÜZündə yorğun və solğun ifadə vardı. Sahibi bir gün gələcək. Tərəddüd etmədən onu tapacaq. Xahiş edirəm doğru insan gəlməyənə kimi onu heç kimə verməyin..” Anladım onda bura gəlişimin , o altıncı hissin təsadüf olmadığını. Deyəsən “ruh əkizim” məndən qabaq olmuşdu burda...


Öz otağımda hazırlaşıb böyük həyəcanla kitabı açdım.. Müəllifi bilinməyən təsirsiz cümlələrdən ibarət bir kitab idi. Ümidimi itirdiyim anda kitabın 27ci səhifəsində tapdım çatışmayanı. Altı xəfif amma düz olmayan bir şəkildə cızılmışdı karandaşla.. “ Unutmaq istədiyini tap. Eşqindənmi qaçırsan? Qaçdığının nə olduğunu xatırla. Qaça bilmədiyin həqiqətləri tap”


Başa düşmüşdüm. Neçə illərdi sanki dünən olmuş kimi qaçdığım həqiqəti. Kimdən ya nədən qaçırdım? Bütün bu şan-şöhrət nəyin gizləntisiydi? Bilmirdim. Ya da bilmək istəmirdim. Qaçdım. Bəli. Qaçdım.

O gün ordaca uşaqlığımdan ta ki, yetişkin bir insan  olduğumu anladığım günə qədər içimdə xüsusi bir özənlə gizlətdiyim hisləri səsləndirmişdim. Onamı deyirdim yoxsa özümdən belə gizlətdiyim hisləri özümə açıqlayırdım. Bilmirəm. Həmişəki çarəsiz baxışlarla ən incə şəkildə ifadə elədiyim kəlmə. 
Bilmirəm.. Bəs nəyi bilirəm mən? Deyəsən qaçmağı.


O vaxt necə sevgimdən, eşqimdən qaçdımsa, illərlə bunu içimdə özümün də yaddaşa salmayacağı şəkildə gizlətdim.  Və bu gün burdaca, illər sonra heç vaxt görmədiyim,  adını bilmədiyim bir insan içimdəki dünyanı ehtiva edən bu kitablar arasında çatışmayanın nə olduğunu bilirmiş kimi bu cümləni mənə ötürür.. unutmaq istədiyimi tapmağımı istəyir..


Və artıq bu yoldayam.. Başlanğıcı və sonu bilinməyən yol. Gözümü  açdım. Və bu cümləni tapmamışdan əvvəl də bu yolda olduğumu xatırladım. Sən demə burdaymışam.. amma oturmuşdum. O qədər yorulmuşdum ki, çökmüşdüm. Ruhum çökmüşdü... yoldaydım. Amma irəliləmirdim. Amma oyandım. Oyandırdı məni. İtmiş eşqimin ardıyca yollandım. .


 Ən son eşqimin olduğu yerə getdim. Yolumun ilk dayanacağı. İlk məkan.. Hər şeyin başladığı və bitdiyi məkan.. Amma buralar dəyişmişdi. Nə mənim əbədi eşqimin  nişanələri eyni idi. Nə də eşqimin sahibi. Dünya dəyişmişdi. Dünyadakılar da. Bircə mən eyni idim.. Dünyam bura deyildi.. Sadəcə bu.. 

Dünyamsa şəhzadəsiz qalmışdı. Tənha Kral idim. Yaralı və yorğun kral..


Daha da əzildim o an. əslində puç bir eşqin xəyalı ilə yaşadığımı anladım. Hiddətləndim. Əsdim, Çoşdum. Amma fırtınadan sonra insanın sümüklərinə qədər işləyən sakitliyə , narahatedici, üzücü, həyatda tənha yalquzaq olduğunu sənə hər saniyəsində andıran sakitlik..


Eşqini tap demişdi kitabda. Amma yoxdu o. Başqasının olanı necə tapım indi?...

Bəlkə itirdiyim eşqim başqaydı? Bəlkə o kitabdakılar başqa məna kəsb edirdi... İtirdiyim nə idi... bilmirdim.. ya da xatırlamırdım..


Boş yoldayam.. uzun və incə bir yol.. Gecənin hakim kəsildiyi, ulduzların sayrışdığı, Ayın şəfqət yaydığıgecədə. Yolun başlanğıcında. Itirdiyimi tapmalı olduğum yolun. Və qərar fərqlilik iliyimi yerindən tərpətdi. İtirdiyim eşq sahibəmdi sanmışdım. Taparam düşünmüşdüm. Tapdım. Ama yalnız sahibəni. Eşqi yox. Yoldan vaz keçdim. Fərqimi ortaya qoydum...


Uzun və incə bir yol.. amma artıq o yol boşdu.. Getməkdən vaz keçdiyim yol.. Başqa bir yol kəşf elədim.. Gecənin hakim kəsildiyi, ulduzların sayrışdığı, Ayın şəfqət yaydığı gecədə.. Ləpələrin sərt şəkildə qayaları döyəclədii gecədə.. Sonsuzluq kimi görünən su ölkəsinin tənha şəhzadəsi.. Sehrlər dünyasının nə itirdiini bilməyən yorğun və yalnız kralı.. azadlığıma qovuşmaq istəyinin yanğısı.. Uçmaq arzusu.. Bir uşaq tək uçmaq arzusu..

Uzun və incə bir yol.. amma artıq o yol boşdu.. Getməkdən vaz keçdiyim yol.. Başqa bir yol kəşf elədim.. Gecənin hakim kəsildiyi, ulduzların sayrışdığı, Ayın şəfqət yaydığı gecədə.. Ləpələrin sərt şəkildə qayaları döyəclədii gecədə.. havanı yarıb Su ölkəsinə doğru irəliləyəndə.. tam bu anda anladım.. İtirdiyimin nə olduğunu anladım.. itirmişdim...

                                                                                              Özümü itirmişdim...

Comments

  1. Ilk hekayendi ki, ya anlaya bilmedim, ya da anlamaq istemedim. Ya anlamaq gozlerimin dolmagina sebeb oldu, ya da anlamaq istememek hissi...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...