“... Belə tez bitə bilməz. Axı hələ 24 yaşım var. Ola bilməz.
Bitə bilməz. Mən yaşamaq istəyirəm. İki ay əvvəl nişanlanmışam. Mənim xəyallarım,
arzularım var bitməməlidi. Bu gün bura bunlarçün gəlməmişdim axı. Anam zəng elədi.
“Toya az qalır a bala, get bəylik geyimini seç” dedi. Sevincliydim. Artıq mənim
də bir ailəm olacaqdı. Hər gün məni evdə gözləyən birisi olacaqdı. Ata olacaqdım.
Qızım olacaqdı. Axı xoşbəxt olmağı hələ indi dadmağa başlamışdım.
Bu gün bura bunlarçün gəlmədim axı. Soyuqluq içimə işləyir.
Ürəyimə çatanda bitəcək hər şey. Axı o ürəkdə küt soyuqluğa qurban verilməyəcək
qədər çoxlu arzular, xəyallar , böyük bir sevgi var. Necə bitə bilər belə
asanlıqla?!
Mağazaya gəldim. Kostyumlara baxırdım. Sevincliydim. Baxırdım
amma görmürdüm. Düşünürdüm . Sanki qarşıdakı xoşbəxt günlərimi indidən
yaşayırdım. Onu düşünürdüm. Toy günümüzü. Onunla qol qola Saraya girişimizi. Səslənən
alqışları. Çox çox sonra qucağımızdakı qızımızı. Övladımızı. Bizim bir parçamız
olan varlığı. Satıcının tərifləyə tərifləyə bitirə bilmədiyi paltarlara
baxa-baxa gözlərimlə yaşıyacağım günləri görürdüm əslində. Ürəyim arzuların
ağuşundaydı. Bəlkə də xəyallarımda ilişib qaldığım üçün eşitmədim satıcının təəccüb
və qorxu dolu səsləyişini. Sanki uzaqlardan gəlirdi. Çox uzaqlardan. Özümü sahildən uzaq
dalğaların ağuşunda hiss edirdim. Amma zaman zaman bir vıyıltı , sərt
küləyin səsinə bənzər bir şeylər məni silkələdi. Satıcıya baxdım. Pəncərəyə
zilləmişdi gözlərini. Gözlərindən dəhşət oxunurdu. Çevrildim mən də , bütün xəyal
dalğaları bir anda məndən uzaqlaşdı quru qum üstünə düşdüm sanki.
Küçədə bir kişi vardı. Üzü qorxunc idi. kirli saqqalı onu
daha vahiməli göstərirdi. Başına köhnə bir papağı basmışdı. Alnından tər
damcılar süzülürdü. Necə həyəcanlı olduğu titrəyən dizlərindən bilinirdi. əlini
önə tutub nəsə hədələyirdi. ətrafında insanlar məsafə saxlayıb tamaşa edirdilər.
Bir anda hiss etdim ki, artıq mən də izdihamın içərisindəyəm. “yaxın gəlməyin,mənim
itirəəcək bir şeyim qalmadı ! gəlməyin ! özümü də sizi də məhv edərəm !”
Əlində ovucunda bərk bərk sıxıb saxladığı nəsə vardı. Diqqətlə
baxdım. əsgərdə olanda bunlardan çox görmüşdüm. Bir qumbara idi...
Elə anlar olur ki, qərar cəld və cəsarətlə verilməlidi.
Bir anda üstünə atıldım. Yumruğumu düyünləyib düz burnuna ilişdirdim. Bütün duyğu
orqanlarım elə dəqiq işləyirdi ki. O ankı cəsarət damarlarımda sonsuz bir gücə çevrilib qanıma
qatışmışdı. əlini burub qumbara nı aldım, yaxasından tutub itələdim aralı.
Kişinin üzünə baxdım. Bayaxkı həyəcan dolu ifadə dəyişmişdi. Dəhşət və təəccüb
dolu baxışlarla baxırdı mənə. Əlimə baxdım..
Qumbara.. Tıxacı çəkilmişdi. Kişidən bir az aralı yerə
düşmüşdü. Bir anda baş verdi hər şey. Anladım ki artıq gecdi. Qumbaranı qarnıma
sıxıb yerə uzanıb büküldüm. Eşitmirdim. Görmürdüm. Hiss etmirdim..
Hərşey belə tez bitməməliydi.. axı mənim hələ xəyallarım
var. Soyuğu hər tərəfdə hiss edirəm. Içimdə də. Yerdə ətrafa səpələnmiş bu
cansız bədən parçaları bir vaxtlar mənim olmuşdu. Bədənimdəki güc indi küçəyə
yayılmış qıpqırmızı qanımdan ətrafa yayılırdı...
Mənim xəyallarım vardı. Arzularım vardı. İndi yalnız
parça – parça olmuş ət parçası var.. Göylərə yüksələcəm bir azdan. Xəyallarımda
yaşada biləcəyim sevgilim və qızım ilə birlikdə...”

Əla! Mükəmməl! İnan ki, heç vaxt belə təssüf hissi keçirməmişdim.
ReplyDeleteDavam elə, Həmid.Səndə əla alınır. Bayağı və yanlış ifadə yoxdur.
Təşəkkürlər :)
DeleteXəyallarımda yaşada biləcəyim sevgilim və qızım ilə birlikdə...
ReplyDeleteBəli.
ReplyDelete