Skip to main content

işığa çıxmaq


    İşığa qaranlıq mı çökür, qaranlığı mı işıq yarır? Neçə gündü ki, bu sualın cavabını düşünməklə məşğulam. Gündüzləri sakitcə Bakının küçələrində dolaşanda külək başıma vurduqca düşünürəm ki, yox a. Bütün kosmos işıqdan ibarətdi. Sadəcə bəzi şeylər işığın qarşısını alır. Gecələri evimdə tək yatağıma uzanıb işıqları söndürəndən sonra qaranlıq o qədər bölünməz, o qədər ucsuz bucaqsız görünür ki, bir işıq mənbəyi görmək ümidi ilə gözüm sağa-sola dayanmadan çevrilib durur. Arada pərdəni açıq qoyuram qonşu binada hələ də evində işıq yanan insanları görmək üçün. Bölünməz qaranlığa bir mayak lazımdır ya yox? Günlərdi ağlımı bu məsələ qurcalayır. Bəxtimdən bu gün tək başına bu sualı düşünmək məcburiyyətində qalmadım. Bacım xahiş edib ki, oğlunu parkda bir az gəzdirim. Bir az sakit, sözünü deməyən, ortama da gec uyuşan uşaqdı. Tutdum əlindən, dedim " gəl, dayı qurban."
    Parkda bir əlin barmağı qədər adam yox idi heç. Skamyalar boş, hava rütubətsiz, Günəş yandırıcı idi. Uşaq da ki dibimdən ayrılmırdı. Aralıda 3-4 kişi bir durub söhbətləşirdilər. Parkın ortasında bir fəvvarə var idi, Bir ümid elədim ki, bəlkə fəvvarəni işə salarlar, bir az sərinləyərik. Təbii ki, işləmədi. Fəvvarənin yanında sırayla uşaqlar üçün maşın düzülmüşdü. Bizim oğlanı mindirmək istədim bir az sürsün. Hamsının yanında bir-bir durdu, sükanına toxundu. Qapısından boylandı. Amma minmədi. Özüm mindirim, böyüyəndə xatırlayası bir xatirəsi olsun dayısından, düşündüm. 
    Minmədi.
    Uşağı minmədiyi üçün günahlandıra da bilmədim, öz istəklərini səsləndirməkdə çox səssizdi. Bir az da öz uşaqlığıma oxşadıram deyə, anlayışla yanaşıb çoxlu söhbət eləməyə çalışıram həmişə. Öz dayımla uşaq vaxtı dialoqlarımız yadımdadı. Az olurdu, amma heç yadımdan çıxmırdı. Gəlib sakitcə yanımda oturanda öz uşaqlığıma dalıb getmişdim artıq. Xatirələrin ağuşuna yeni girmişdim ki, sağ tərəfimdən biri məni çağırdı. 
    - Əmi, məni maşına mindirərsən?
    Fikirli-fikirli çevrilib baxdım. Dağınıq geyimli, qapqara saçlı, dərisi Günəş altda durmaqdan qaralmış üzündə bir az utancaq, bir az da həvəsli gülüşlü oğlan uşağı idi. Köhnəlmiş ayaqqabılarını çəkinə çəkinə skamyamızın kənarına vururdu. 
    - Əmi, məni maşına mindirərsən?
    Sizə uşağa "gəl, niyə mindirmirəm, mindirərəm əlbət" deməyi çox istərdim. Ya da "bacımoğlu su istəyirdi, diqqətim yayınmışdı, uşaqlığıma çox dalmışdım, fikrim yayındı" demək istərdim. Səhv də deməzdim. Çünki bir anda əlimdə su qabının qapağını açmağa çalışa-çalışa uşaq olanda evdəki anatomiya kitabının üz qabığındakı şəkli əlimdə tutub dayımın arxasıyca düşəndə "bu damar nəyçündü? bəs bu? Bəs bu göy rəng olanlar nədi?" deyə necə bezdirdiyimi xatırlayıb gülümsəyirdim. 
    Amma bəhanə olardı.
    Çox sürətli bir neçə saniyə ərzində uşağı nəzərdən keçirib qərarımı vermişdim. Paltarını, əllərindəki kiri, üzündəki arsızlıqla utancaqlıq arasında gedib gələn gülümsəməni, ayaqqabılarını nəzərdən keçirib qərarımı vermişdim.
    Mindirməyəcəkdim. 
    Uşaq sakitcə məndən aralanıb maşınlara tərəf getdi. Ətraflarında dolandı. su qabının ağzını bağlayıb diqqətimi yavaş-yavaş uşağa yönəltmişdim. Ani və soyuq qərarıma görə bir azca içim sızıldamışdı açığı. Bir müddət ağlımdan arxasıyca gedib "gəl mindirim" deyəsim var idi. Amma içimizdəki vicdan maşını üsyan etsə belə, susqunluğumuzu o qədər çox qorumuşduq ki illər boyunca ətrafa qarşı, indi də vicdanım mühakimələr yürütsə də, "Jan Valjan"ı hərəkətə salmırdı. Doğru olanı etməyə itələmirdi. Çünki vicdan təkcə bir duyğu deyil, vicdan həm də bir ritualdı. Təkrarlanmadıqca pas atır. 
    Maşınlardan bir az aralı duran bir qrup kişidən biri maşınlardan cavabdeh idi. Uşaq maşınlara tərəf gedəndə artıq diqqətini çəkmişdi. Bir çəpəki baxış atdı uşağa. Uşaq bir az da ətrafda dolandı, sonra kişilərdən daha bir neçəsinin ona tərəf baxdığını gördü, instinktlərini dinlədi, uzaqlaşmağa başladı. Cavabdeh olan kişi ayağa qalxdı,
    - Ay uşaq, nəyə baxırsan?
dedi. Uşaq nəsə dodaqaltı mırıldandı, bir az da sürətlə uzaqlşamağa başladı. Kişi bir də çağırdı, 
    - Ay uşaq, minmək istəyirsən? gəl mindirim. 
Uşaq mismar kimi durduğu yerdə hərəkətsiz qalmışdı. Üzündə arsızlıqdan zərrə əlamət yox idi. Zamanını yetişkinlərlə çox keçirən uşaqların üzündə yetişkinlərə xas ifadə olur. O qədər yersiz bir ifadədir ki, bir uşağın çöhrəsində bunu görəndə fərqinə varmamaq mümkün olmur, çünki rəsmi kostyum geyinmiş birisinin kloun makyajı etməsi kimi bir şeydi, ora uyğun deyil, orda olmalı deyil. Amma kişinin təklifindən sonra artıq o ifadə yox idi. Məsum, qızaran üzlü və ümidli bir uşağın baxışları idi bu. Kişi maınlardan ən qəşəngindən birini ona tərəf çəkdi, qaldırıb mindirdi. Uşaq əlindəki şansın gerçəkliyinə inanmırmış kimi əvvəl hərəkətsiz durdu. Sonra ayağını qaz pedalına qoyub tam sürət irəli şığıdı. Kişi günlük vəzifəsini yerinə yetirirmiş kimi yenidən dostlarına tərəf qayıtdı. Uşaq park boyu hər dalanda sürdü. Hər ara səkiyə girdi. Hardansa cibindən uşaqlarçün olan gün eynəklərindən də çıxarmışdı. Kənarları parlaq yaşıl olan axmaq bir şey idi. Onu xüsusi bir ədayla gözünə taxdı, çiyinlərini dikləşdirdi, iki əliylə də sükanı qavradı. sağa sola göz süzdürə süzdürə John Kenedy kimi bir əlini arada qaldırıb ətrafdakı az-maz insanlara əl də elədi. 
    Üzündəki xoşbəxt ifadəni gözümü qırmadan, üzümdə qırıq bir gülümsəmə ilə izlədim orda. Qırıq idi, çünki bu xoşbəxtliyin müəllifi deyildim. Mənə vicdanıma söz vermək yerinə, icra hüququ vermək  şansı doğmuşdu. 
    Amma dəyərləndirməmişdim. 
    Deyiləcək çox bir söz yox idi. Və düşünmədən edə bilmirdim: Qaranlığa mı işıq doğur, yoxsa işığa mı qaranlıq qənim olur? Ya bizlər mi işığı qaranlıqla, qaranlığısa özümüzlə üz-üzə qoyuruq?



Comments

  1. Yazınızı üzümde o uşağı izlediyiniz qırıq gülümseme ile oxudum. İşıq da qaranlığa doğur , qaranlıq da işığa qenim olur. Teessüf hissi keçirirem ki, hemin an sizin işığınız qaranlığınıza meğlub olub ve içimden tek söz keçir: Kaş...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...