Əziz oxucu,
2018 geridə qalır və əlimə keçən bu imkandan istifadə edib, bir az söz açmaq istəyirəm geridə qoyduğumuz ildən. Necə keçirdin bu ili? Ümid edirəm ki, 2017-ni geridə qoyanda verdiyim sözləri tam tutmadığıma görə məni bağışlayarsan.
Yox, yox. Düşündüyün qədər də məsuliyyətsiz davranmamışam. Dil sertifikatı sözü vermişdim, aldım. həm də əlasından. Yazarlığa ciddi yanaşacağımı demişdim, yanaşdım. Cəlala elfə dair söz vermişdim, ən çox buna sevinirəm, çünki nəhayət çarə tapa bildim.
Təəssüf ki, Şantaram yenə oxunmamış qaldı, Puzzle tam toplanmadı, piano öyrənilmədi.
Amma bunlar üzərinə danışmaq istəmirəm. Yeni ilə yeni gözəl şeylər diləmək daha xoş davranış olar, düzdü?
Hazırda keçən ilki kimi, bir kafedəyəm, yenə isti şokolad udumlayıram. Başqa ölkədəyəm, başqa insanlar içindəyəm, amma həminki köhnə adamam. İstəklərinə tutğu ilə bağlı olan həyəcanlı adam. 2019 önəmli olacaq həyatımda.
1. İrəlidə bu dəfə sadəcə alman dili biliklərimi yox, tibbə dair almanca biliklərimi təsdiqləməli olduğum imtahanım var, stressdən, bu barədə düşünməkdən artıq mədə xəstəliyi tapacam az daha. Amma bilirəm, öhdəsindən gələ biləcəyim bir şeydi bu da.
2. 2019 sizə bir "Həmid Babayev" imzalı kitab bəxş edəcək! Möhkəm durun. Sizi başqa bir dünyaya aparmaq fikrim var. İçdiyim isti şokolad kimi "dadından doyum olmaz" dedirtəcək bir roman arzusundayam, aşağıda kiçik bir hissə ilə qoxusunu duyun istədim ən azından.
Başqa heç bir söz vermirəm. Başqa şeyləri həyata və içimizdəki macərasevərə buraxıram. Xoş bir ömür üçün əlinizdən gələni edin. Mən edəcəm, əmin olmadığım sizlərsiniz.
Qatar
təkcə üzərindəki loqo ilə yox, içindəki şəraitlə də bir ICE - IntercityExpress
yox, regional qatar olduğunu göstərirdi.
Öncəliklə oturacaqları arxaya vermək olmurdu və restoranı yox idi. Birinci
klassın ikincidən yeganə fərqi isə şüşəli
qapısının olması idi.
Amare narahat oturacaqda yerləşməyə
çalışır, Nürnberqin dumanlı havasını tərk edəcəyi anı iplə çəkirdi. İri şəhərlər
heç vaxt diqqətində deyildi. Götürdüyü məzuniyyətdən istifadə edib Almaniyanın
kiçik şəhərlərini ziyarətə çıxmışdı. Yanındakı çamadanı isə bir neçə cüt dəyişək
paltarından savayı, tamamən kitablar üçün ayırmışdı. Dresdendən, Qörlitzdəki bioloji
araşdırma mərkəzlərindən bir müddətlik də olsa, uzaqlaşmaq şansını əldən verə
bilməzdi. Yol onu Nürnberqə qədər gətirib çıxarmışdı, indisə Şmirtz, Vayden,
Amberq kimi şəhərləri hədəf almışdı. Gözlərdən uzaq ara küçələr onu gözləyirdi.
Digər sərnişinlər bir-bir gəlib
içəri keçdilər. İri çamadanlarını oturacaqların üzərindəki bölməyə yerləşdirir,
Amarenin qıvrımlı, qəhvəyi rəngli, 90-cı illərin Tina Turner ruhunu daşıyan
saçına baxırdılar. Amare bu baxışlara artıq öyrəşmişdi. Saçı onun emblemi idi.
Qara dərisindənsə saçlarının diqqət çəkməsini
üstün tuturdu.
Yaşlı kişi yüngülcə öskürüb
boğazını təmizlədi. Amare qatarın pəncərəsindən Nürnberqdən uzaqlaşdıqca
meydana çıxan gözqamaşdırıcı
yaşıllıqlara baxırdı. Kişi çiyninə asdığı kiçik, köhnəlmiş çantası ilə ayaqüstə
dayanmışdı. Amare burnuna gələn tünd qoxunun mənbəyinin yaşlı kişi olduğunu
anladı. Bir zamanların məşhur deodrantlarından idi, babası da bunu istifadə edərdi,
adətən üzünü qırxdıqdan sonra. Kişi Amarenin yanındakı yeri göstərib soruşdu.
-
Bura boşdur, yoxsa sahibi gəlmədən oturub özümü yatmışlığa vura bilərəm?
Amare gülümsədi, qonşu oturacağa qoyduğu əl
çantasını götürüb kişi üçün yer düzəltdi.
-
Mən gələndə ikisi də boş idi, sahibləri varsa da, sonuna qədər
vuruşarıq! Finder keepers!
Kişi şən və ürəkdən bir qəhqəhə çəkdi. Əlini
uzadıb Amarenin zərif, uzun barmaqlı əlini sıxdı.
-
Stephen King.
-
Adınız Stephen Kingdi? Onun daha arıq, ağzında qaynar yumurta varmış
kimi danışan olduğunu sanırdım, - Amare
gözlərini bərəltdi.
-
Yox, ifadə Stephen Kingdəndi. Adım Dietmar Traubdu.
Amare Dietmarın yüngül, quru dərili əlini
xəfif sıxmaqla kifayətləndi. Kişinin gözlərində oynaq və şən ifadə görünsə də,
əlinin xəfifliyi adamda hər an qırılacaqmış kimi təəsürat buraxırdı.
-
Amare Ellis. Tanışlığa məmnun oldum.
-
Amare.. 3 fərqli dildə 3 fərqli mənası var. Ərəb dilində “ay” kimi
başa düşə bilərsən. İtalyancada “sevgi”, hebrikcə isə “sonsuz, ölümsüz”. Amma
bu xalqlardan olmayacaq qədər qəşəng burunlu və, - Amarenin saçlarını işarə
edib, - muxtariyyət sahibisən. Təxminim
Afrikadan yanadı. Oralarda “ən güclü” kimi də başa düşülür, deyəsən.
Amare əlini Dietmarın açıq dərili, qırış
dolu əlinin yanına qoydu.
-
Rəng fərqini də nəzərə alsaq, bir sirri də açıqlığa qovuşdurdunuz,
Mr. Holms.
Dietmarın əlinin üstünə vurub güldü. Yan
sıradakı oturacaqlardan sakit vaqona gurultu salan vızbaş qıza narazı baxışlar
gecikmədi. Amarenin gülməyə olan aşinalığı nəzərə alınsa, bu elə də yad olduğu
situasiya deyildi.
Dietmarın üzündəki ifadə, gənc qızın məsafə
qoymadan sərbəst davranışlarını qəribsəmədiyini bəlli edirdi, hətta ona
qoşularaq cəsarətləndirirdi. Amare ayağını ayağı üstə aşırıb Dietmara tərəf əyildi.
-
Qatarda təsadüfən rastlaşdığınız qızın adını 4 dildə tərcümə edə
bildiyinizə görə ya linqvistsiniz, ya da ağzının dadını bilən afroamerikan
sevdalısı azğın kişisiniz. Haqqımda araşdırmısınız. Lütfən linqvist olduğunuzu
deyin, çünki çantamdan bibər qazını çıxarmağa ərinirəm.
Dietmar əllərini yuxarı qaldırıb incimiş
ifadə ilə dedi.
-
Bilməzdim ki, zövqümə görə bir gün belə sözlər eşidəcəm. Mən fars
qızlarını sevirəm. Amma düz təxmindi, linqvistəm. Yəni, bir vaxtlar olmuşam.
İndisə regional qatarlarda dolaşan təqaüdçüyəm, əlimə şans düşdükcə də qız
ovuna çıxıram.
Amare gülüb pəncərədən mənzərəni
izləməyə davam etdi. Relslərin üstündə yumşaq irəliləyən qatar arxasında
bir-birinin bənzəri olan yaşıllıqları qoyurdu. Amare görə biləcəyi qədər uzaq məsafədə
olan yerlərə göz dikmişdi. Uşaq olanda ailəsi ilə gəzintilərdə maşının pəncərəsindən
yolun tam kənarına baxardı. Ətrafdakı mənzərə diqqətini çəkməz, sadəcə sürətlə
yoxa çıxan maşına ən yaxın olan yol kənarını
izləyərdi, maşın irəlilədikcə aslfaltın kənarı sanki onların maşınından
geriyə doğru sürətlə qaçırdı, bu onu əyləndirərdi. Ailəsindən ayrılıb həyatını
qurmaq üçün uzaqlara gedəndə özünü həmin yaxın nöqtələrə yox, ən uzaqdakı mənzərəyə
baxan tapdı. Oralar böyüdüyü yerlər idi və həmin yerləri uzun-uzun izləmək Amare üçün təkcə yaşadığı
torpağı, ailəsini geridə qoymaq anlamına gəlmirdi, həm də zaman heç nəyə vec
qoymadan axıb getsə də, geri qayıda bilməyəcək qədər irəliləmiş olmadığına dair
simvol idi: Nə qədər sürətlə gedir
getsin, nə qədər müddət yolda olur olsun, yenə də eyni mənzərəni uzun müddət
görə bilirdi, asfaltın tam kənarı kimi hər şey bir andaca yox olub görünməz
olmurdu...
This comment has been removed by the author.
ReplyDeleteNe zaman çap olunacaq?
ReplyDeleteDəqiq tarix təyin etməmişəm. Amma ümid edirəm il sonuna qədər tamamlamış olaram hər şeyi.
ReplyDeleteUğurlar sene!
ReplyDelete