Skip to main content

elf, yenilik və başqa şeylər

Əziz oxucu,

2018 geridə qalır və əlimə keçən bu imkandan istifadə edib, bir az söz açmaq istəyirəm geridə qoyduğumuz ildən. Necə keçirdin bu ili? Ümid edirəm ki, 2017-ni geridə qoyanda verdiyim sözləri tam tutmadığıma görə məni bağışlayarsan.

Yox, yox. Düşündüyün qədər də məsuliyyətsiz davranmamışam. Dil sertifikatı sözü vermişdim, aldım. həm də əlasından. Yazarlığa ciddi yanaşacağımı demişdim, yanaşdım. Cəlala elfə dair söz vermişdim, ən çox buna sevinirəm, çünki nəhayət çarə tapa bildim. 

Təəssüf ki, Şantaram yenə oxunmamış qaldı, Puzzle tam toplanmadı, piano öyrənilmədi. 

Amma bunlar üzərinə danışmaq istəmirəm. Yeni ilə yeni gözəl şeylər diləmək daha xoş davranış olar, düzdü?

Hazırda keçən ilki kimi, bir kafedəyəm, yenə isti şokolad udumlayıram. Başqa ölkədəyəm, başqa insanlar içindəyəm, amma həminki köhnə adamam. İstəklərinə tutğu ilə bağlı olan həyəcanlı adam. 2019 önəmli olacaq həyatımda. 


1. İrəlidə bu dəfə sadəcə alman dili biliklərimi yox, tibbə dair almanca biliklərimi təsdiqləməli olduğum imtahanım var, stressdən, bu barədə düşünməkdən artıq mədə xəstəliyi tapacam az daha. Amma bilirəm, öhdəsindən gələ biləcəyim bir şeydi bu da.

2. 2019 sizə bir "Həmid Babayev" imzalı kitab bəxş edəcək! Möhkəm durun. Sizi başqa bir dünyaya aparmaq fikrim var. İçdiyim isti şokolad kimi "dadından doyum olmaz" dedirtəcək bir roman arzusundayam, aşağıda kiçik bir hissə ilə qoxusunu duyun istədim ən azından. 

Başqa heç bir söz vermirəm. Başqa şeyləri həyata və içimizdəki macərasevərə buraxıram. Xoş bir ömür üçün əlinizdən gələni edin. Mən edəcəm, əmin olmadığım sizlərsiniz. 


  Qatar təkcə üzərindəki loqo ilə yox, içindəki şəraitlə də bir ICE - IntercityExpress yox, regional qatar   olduğunu göstərirdi. Öncəliklə oturacaqları arxaya vermək olmurdu və restoranı yox idi. Birinci klassın ikincidən  yeganə fərqi isə şüşəli qapısının olması idi.
                Amare narahat oturacaqda yerləşməyə çalışır, Nürnberqin dumanlı havasını tərk edəcəyi anı iplə çəkirdi. İri şəhərlər heç vaxt diqqətində deyildi. Götürdüyü məzuniyyətdən istifadə edib Almaniyanın kiçik şəhərlərini ziyarətə çıxmışdı. Yanındakı çamadanı isə bir neçə cüt dəyişək paltarından savayı, tamamən kitablar üçün ayırmışdı. Dresdendən, Qörlitzdəki bioloji araşdırma mərkəzlərindən bir müddətlik də olsa, uzaqlaşmaq şansını əldən verə bilməzdi. Yol onu Nürnberqə qədər gətirib çıxarmışdı, indisə Şmirtz, Vayden, Amberq kimi şəhərləri hədəf almışdı. Gözlərdən uzaq ara küçələr onu gözləyirdi.
                Digər sərnişinlər bir-bir gəlib içəri keçdilər. İri çamadanlarını oturacaqların üzərindəki bölməyə yerləşdirir, Amarenin qıvrımlı, qəhvəyi rəngli, 90-cı illərin Tina Turner ruhunu daşıyan saçına baxırdılar. Amare bu baxışlara artıq öyrəşmişdi. Saçı onun emblemi idi. Qara  dərisindənsə saçlarının diqqət çəkməsini üstün tuturdu.
                Yaşlı kişi yüngülcə öskürüb boğazını təmizlədi. Amare qatarın pəncərəsindən Nürnberqdən uzaqlaşdıqca meydana çıxan  gözqamaşdırıcı yaşıllıqlara baxırdı. Kişi çiyninə asdığı kiçik, köhnəlmiş çantası ilə ayaqüstə dayanmışdı. Amare burnuna gələn tünd qoxunun mənbəyinin yaşlı kişi olduğunu anladı. Bir zamanların məşhur deodrantlarından idi, babası da bunu istifadə edərdi, adətən üzünü qırxdıqdan sonra. Kişi Amarenin yanındakı yeri göstərib soruşdu.
-          Bura boşdur, yoxsa sahibi gəlmədən oturub özümü yatmışlığa vura bilərəm?
Amare gülümsədi, qonşu oturacağa qoyduğu əl çantasını götürüb kişi üçün yer düzəltdi.
-          Mən gələndə ikisi də boş idi, sahibləri varsa da, sonuna qədər vuruşarıq! Finder keepers!
Kişi şən və ürəkdən bir qəhqəhə çəkdi. Əlini uzadıb Amarenin zərif, uzun barmaqlı əlini sıxdı.
-          Stephen King.
-          Adınız Stephen Kingdi? Onun daha arıq, ağzında qaynar yumurta varmış kimi danışan olduğunu sanırdım, -  Amare gözlərini bərəltdi.
-          Yox, ifadə Stephen Kingdəndi. Adım Dietmar Traubdu.
Amare Dietmarın yüngül, quru dərili əlini xəfif sıxmaqla kifayətləndi. Kişinin gözlərində oynaq və şən ifadə görünsə də, əlinin xəfifliyi adamda hər an qırılacaqmış kimi təəsürat buraxırdı.
-          Amare Ellis. Tanışlığa məmnun oldum.
-          Amare.. 3 fərqli dildə 3 fərqli mənası var. Ərəb dilində “ay” kimi başa düşə bilərsən. İtalyancada “sevgi”, hebrikcə isə “sonsuz, ölümsüz”. Amma bu xalqlardan olmayacaq qədər qəşəng burunlu və, - Amarenin saçlarını işarə edib, -  muxtariyyət sahibisən. Təxminim Afrikadan yanadı. Oralarda “ən güclü” kimi də başa düşülür, deyəsən.
Amare əlini Dietmarın açıq dərili, qırış dolu əlinin yanına qoydu.
-          Rəng fərqini də nəzərə alsaq, bir sirri də açıqlığa qovuşdurdunuz, Mr. Holms.
Dietmarın əlinin üstünə vurub güldü. Yan sıradakı oturacaqlardan sakit vaqona gurultu salan vızbaş qıza narazı baxışlar gecikmədi. Amarenin gülməyə olan aşinalığı nəzərə alınsa, bu elə də yad olduğu situasiya deyildi.
Dietmarın üzündəki ifadə, gənc qızın məsafə qoymadan sərbəst davranışlarını qəribsəmədiyini bəlli edirdi, hətta ona qoşularaq cəsarətləndirirdi. Amare ayağını ayağı üstə aşırıb Dietmara tərəf əyildi.
-          Qatarda təsadüfən rastlaşdığınız qızın adını 4 dildə tərcümə edə bildiyinizə görə ya linqvistsiniz, ya da ağzının dadını bilən afroamerikan sevdalısı azğın kişisiniz. Haqqımda araşdırmısınız. Lütfən linqvist olduğunuzu deyin, çünki çantamdan bibər qazını çıxarmağa ərinirəm.
Dietmar əllərini yuxarı qaldırıb incimiş ifadə ilə dedi.
-          Bilməzdim ki, zövqümə görə bir gün belə sözlər eşidəcəm. Mən fars qızlarını sevirəm. Amma düz təxmindi, linqvistəm. Yəni, bir vaxtlar olmuşam. İndisə regional qatarlarda dolaşan təqaüdçüyəm, əlimə şans düşdükcə də qız ovuna çıxıram.
Amare gülüb pəncərədən mənzərəni izləməyə davam etdi. Relslərin üstündə yumşaq irəliləyən qatar arxasında bir-birinin bənzəri olan yaşıllıqları qoyurdu. Amare görə biləcəyi qədər uzaq məsafədə olan yerlərə göz dikmişdi. Uşaq olanda ailəsi ilə gəzintilərdə maşının pəncərəsindən yolun tam kənarına baxardı. Ətrafdakı mənzərə diqqətini çəkməz, sadəcə sürətlə yoxa çıxan maşına ən yaxın olan yol kənarını  izləyərdi, maşın irəlilədikcə aslfaltın kənarı sanki onların maşınından geriyə doğru sürətlə qaçırdı, bu onu əyləndirərdi. Ailəsindən ayrılıb həyatını qurmaq üçün uzaqlara gedəndə özünü həmin yaxın nöqtələrə yox, ən uzaqdakı mənzərəyə baxan tapdı. Oralar böyüdüyü yerlər idi və həmin yerləri uzun-uzun izləmək Amare üçün  təkcə yaşadığı torpağı, ailəsini geridə qoymaq anlamına gəlmirdi, həm də zaman heç nəyə vec qoymadan axıb getsə də, geri qayıda bilməyəcək qədər irəliləmiş olmadığına dair simvol idi:  Nə qədər sürətlə gedir getsin, nə qədər müddət yolda olur olsun, yenə də eyni mənzərəni uzun müddət görə bilirdi, asfaltın tam kənarı kimi hər şey bir andaca yox olub görünməz olmurdu...



Comments

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...