Skip to main content

Ədəbiyyatın qaraçı oğlanı - Michael Chabon(Kavalier və Clay'in ağılalmaz macəraları)

İlk dəfə Michael Chabon'ın həm özü, həm də bu romanı barədə məlumat yığmağa başlayanda qeyri-ixtiyari bir çəkim axınına tuş gəldim. 2014-cü il idi və daha öncə heç bir kitabıyla rastlaşmamışdım. Daha sonrasında da rastlaşmadım və kitabı oxumaq barədə qəti qərar qəbul edəndə üzücü həqiqət qapımda bitdi: 
Nəşri tükənmişdi.
"O qədər il davam edən məşq və tamaşalardan, surprizlər və bacarıqlardan sonra indi sehrin təbiətini anlamağa başlamışdı.  Sehrbaz parçalara bölünmüş bir şeyi hərhansı bir tikiş izi olmadan birləşdirməyi, dağılmış bir ovuc qumrunun bir sözcüklə birləşməsini, alovda yanmış kağızdan bir gülün bir kül yığınından yenidən çiçək açacağını vəd edirmiş kimi görünür. Amma hər kəs bunun sadəcə illuziya olduğunu bilirdi. Bu qırıq dünyanın həqiqi tilsimi, içindəki şeylərin  yox olmasında, sanki heç var olmayıbmışlar kimi yox olmasındadı."

  Bütün bu müddətdə ağlımın bir küncündə müəllif fırlanırdı, daha sonraları tanış olduğum
Michael Moorcock əfsanəsinin böyük fanatı olduğunu öyrənəndə müəllifə marağım bir az da artmdı. 2015-2016 arası gözləntilərim əməllicə yüksəldi. Bakumoz Books'a ikiqat pul belə təklif etmişdim tükənmiş nəşrlərindən birini tapsın mənim üçün.
O aralar əziz dostum bir tanışında kitabın olduğunu dedi, danışıqlar apardım, satmaqdan imtina etdi. Həmin arada xəyallarımın kitablarından birinin müəllifi
Patrick Rothfuss'la tanış oldum, Neil Gaiman və Stephen King kitablarında elə itdim ki, bu acı məğlubiyyət ağlımdan çıxdı. 2017-nin sonlarında həmin yoldaşın profilində satışa çıxardığı kitablar arasında Chabon'ın adını görəndə telefonu həyəcan içində sıxıb qiymət filan soruşmadan kitabı aldığımı elan etdim. Bu hekayəmi danışıram, çünki üçüncü əl, yarı qopmaq üzrə olan, kənarları əzik kitabı əlimə alanda, sığallayıb kitabxananın baş köşəsinə qoyanda keçirdiyim duyğuları başa düşməyinizi istəyirəm. İçində necə bir şey olduğunu, hətta motivini belə yarımyamalaq da olsa, bilmirdim, müəllifini araşdırmalarımdan tanıyırdım, bir vərəq yazdığı nəyisə də  oxumamışdım.
İl 2019 olanda nəhayət hər kitabın vaxtı gəldiyi kimi, Chabon'ın da öz sözünü demək vaxtı gəldi.

Praqa işğala doğru yaxınlaşdıqca yəhudi bir oğlan, Kavalier  Hitlerin əzici əsarətindən xilas olmaq şansı əldə edir. Balaca qardaşını, valideynlərini və babasını, illizionist müəllimini geridə-Praqada qoyub Amerikanın yolunu tutur. Bir gün ailəsini də yanına gətirə bilmək ümidiylə yeni bir cəmiyyətin içinə düşmüş utancaq Kavalieri xüsusi edən təkcə 'sehrbazlıq'dakı bacarığı deyil, həm də əvəzolunmaz rəssamlıq qabiliyyətidi.
Digər qəhrəmanımız Sammy Clay isə uşaqkən keçirdiyi polimielitdən sonra zəif ayaqlarının gətirdiyi çətin həyat, atasının yoxluğu və ciddi ananın varlığı ilə yaşayan, uğursuz, rəssamlıqda ciddi nəticə əldə edə bilməyən, amma böyük ideyaları olan bir oğlandı.
Bu iki yeniyetmə yəhudi oğlan bir-biriylə qarşılaşanda qızıl dövrünün başlanğıcında olan komiks dünyasına yeni yön verən bir əfsanənin başlanğıcını qoyurlar: "The Escapist". Avropanı və getdikcə bütün dünyanı bürüməkdə olan müharibədə Hitlerə qarşı mübarizəni  komiks vərəqlərindəki macəraları ilə aparırlar. Bu vərəqlərdə Hitleri məğlubiyyətə uğradır, qarşısı alınmaz Escapisti çətin tapşırıqların öhdəsindən gəlməyə göndərirlər. 

Chabon kitabı hardasa 9 il ərzində yazıb və oxuduqca başa düşürsən ki, 700 səhifəlik bu romanın hər səhifəsi üçün böyük savaş verib.
Əgər səhv etmirəmsə, Johann Cruyff'un futbola dair heç bir zaman aktuallığını itirməyən bir cümləsi var:  Futbol oynamaq asandır, amma asan futbol oynamaq ən çətinidir.
Bu kitabın ən xüsusi tərəfi onun demək olar ki, heç bir fəlsəfi mətni özündə daşımamasıdı. Demək olar ki, bəlli bir nəticəyə gələn daxili nitq yoxdu, 700 səhifəlik kitabda toplasaq, 50 səhifə dialoq yoxdu. Bəsit təsvirlərdən ibarətdi və hadisələrin ardıcıllığı elə mükəmməl şəkildə toxunub ki, sadaladığım nəticəyə bir neçə yüz səhifə oxuduqdan sonra gəlirsən. Bir 'Storyteller' olaraq Chabon bunun necə edilməli olduğu barədə əvəzsiz bir örnəyi bizə təqdim edir.
Kitabın ikinci möhtəşəm tərəfisə sizə ilk 300 səhifədə iki xəyalpərəst oğlanın Avropanı darmadağın edən Vəba kimi Hitlerə qarşı kağız üzərindəki rəsmli kitablarıyla apardığı mübarizə barədə olan bir allı-güllü kitab olduğunu düşündürtdüyü halda sanki dayanmadan yüksəyə doğru qalxan karuselin ani aşağı meyllənməsi kimi aparmasıdı özünü: hadisələrin cərəyanı dünya müharibəsinin içinə doğru çevrilir gözlənilməz şəkildə. Amerikan xülyası bir alman sualtı qayığının torpidoauyla darmadağın olur, müharibənin acı soyuğu səhifələri çevirdikcə barmaqlaeınızın ucunu soyudur. Bu keçidlər sadəcə mükəmməldir.
Üçüncü heyran qaldığım tərəfi yazarın personajların ətrafdakı hadisələrə reaksiya veriş şəklini hər birinə özəl olaraq mükəmməl biçimləndirməsidir. Personajlar illər ötdükcə oxuduğunuz cümlələr içində yaşa dolurlar, ötüb gedən 12 ili siz bir neçə gün içində yaşaya bilirsiniz və qətiyyən bu vəziyyəti yadırğamırsınız. Kavalierin xarakterinin getdikcə dəyişməsi, Sammy'nin enerjili, fikirlərlə aşıb daşan dünyasının getdikcə qaranlıqlaşması. Kitab qazandığı Pulitzer mükafatını sonuna qədər haqq edir.


Yaxşı kitablar və möhtəşəm kitabların arasındakı fərq odu ki, birincisinin ifadə etdikləri, üslubundakı yazarın incə işlənmiş xətti, verdiyi mesaj kitabın sonuna çatanda  özünü bəlli edir və son səhifəni bağlayanda əlindəkini anlayırsan. Amma ikinci qəlibdən olan kitablarsa, onları izah etmək olmur. Verdiyi mesaj birxətli olmur və son səhifədən sonra içinə düşdüyün burulğan bu andan sonra səni necə bir həyatın gözlədiyi barədə bir bilinməzlik içində buraxır. Bu cür kitabları ən yüksək pilləyə qoyan da.. o bilinməzlikdi. Chabon o bilinməzliyin tam mənbəyindəki dəyirmi masada bənövşəyi döşəkçəli bir oturacağa  sahibdi.



"Adam planetə enir. Galaktikanı kəşfə çıxıb, uzaq bucaqlarının xəritəsini çıxaracaq." Sammy danışanda nə həyat yoldaşına baxır,  nə də sanki əli yazı maşınıymış kimi cizgili kağıza hamsı eyni ölçüdə çıxan hərfləri sıralamağa fasilə verirdi. 
"Qızıldan bir şəhər tapır. Gördüklərinə heç bənzəməyən bir şəhər. Burda insanlar 3 metr  boyunda, qızılı rəngli gözəl insanlardı. Böyük qanadları var deyək. Bizim kosmik adam Jones'ı sevinclə qarşılayırlar. Ətrafı gəzdirirlər, amma ağıllarını qurcalayan bir şey var, bir az fikirlidilər. Qorxurlar. Jones'ın görməyinə icazə verilməyən tək bir bina var, böyük bir saray. 
Adamımız bir gecə şəhərin silkələndiyini hiss edir. Nəhəng bir canavarın böyürməsi kimi bir səs eşidir. Qışqırtılar. Qəribə elektrik parlamaları. Hamsı da saraydan gəlir."
Sammy doldurduğu səhifəni qopartdı, qatladı. Davam etdi. 
"Ertəsi gün hər kəs bir şey olmayıbmış kimi davranır. Ona ,yəqin ki, pis bir yuxu gördüyünü deyirlər. Adamımızın marağını çəkir, əlbəttə. Bu böyük və boş saraya girir. Planetdən bir mil yüksəkdə olan ən yuxarıdakı qüllədə bir divə rast gəlir. Altı metr boylu, nəhəng qanadlı, digərləri kimi qızılı, amma dağınıq saçlı, uzun saqqallı. Zincirlənmiş. Böyük atomik zincirlərlə."
Sammy xanımının soruşmasını gözləyib susdu. 
"Və?" Dedi Rosa.
"Cənnətdəyik. Bu planet cənnət imiş."
"Başa düşdüyümü sanmıram."
"Tanrıdı O."
"Aha."
"Tanrı bir dəliymiş. Bir milyard il əvvəl  ağlını itirib. Kainatı yaratmasından əvvəl."
"Hmm. Xoşuma gəldi.. yaxşı, o?.. yəqin ki, kosmoslu adamı , hə?"
"Hə."

"Onu bir banan kimi soyur".

Comments

  1. Sondakı kitabdan olan hisse çox xoşuma geldi :) Heyif ki neşri tükenib. Gelen sefer Ankaraya gedende mütleq sahaflara baş çekecem :)

    ReplyDelete
    Replies
    1. Deyilənə görə Nadirkitapda da var. Axtarsan taparsan bəlkə. Amma hqzırda Müəllif əl dəyişdirib, everest yox, Pegasus daha bir kitabınə nəşr edib 'Pegasus Bulvarı' adında. Birazcıq bahadı bütün Pegasus kitabları kimi. Mən 50 faiz endirim olqnda kitapyurdu'nda ələ keçirdim. 😎

      Delete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...