Əziz oxucu,
Son vaxtlar kitab oxumaq barədəki
susqunluğum özümü də çox narahat edirdi, ona görə də bu susqunluğu pozmaq adına
səsli kitab mövzusuna maraq salmışam. Barış Özcanın sayəsində storytel proqramı
barədə xəbər tutdum. Yeri gəlmişkən Barış abimiz aşağıdakı videoda yayda oxuya
biləcəyiniz 12 türk və xarici yazarların əsərini məsləhət bilir. Bir göz
atmanızda fayda var, aralarında oxumadığım bir neçə kitab vardı, mənim diqqətimi
çəkdi açığı.
Bəlkə nə vaxtsa danışmışam, hardasa 4 il öncə qış semestri sonrası tətildə bir dostuma kömək etmək üçün bir kitab mağazasında işləmişliyim olub. 2 aya yaxın çəkdi o macəramız, günüm kitab içində keçirdi, həm də pəncəmə düşən bir adamı da kitabsız buraxmırdım. Həmin ay İtalio Calvinonun yeni tərcümə kitabı satış rekordu qırdı. Ahmet Batman almağa gələn bir çox adama mağazanın Debbie Macomber ehtiyatını tükətdirdik. Nitşe adıyla gəlib Qulamhüseyn Səidi alıb gedən alıcı az deyildi. Aramızdakı ən çox kitab satmaq barədəki mərci udmaq üçün ovunu pusan afrika bəbiri kimi kitab cərgələrinin arasından peyda olurduq. İşlər o həddə çatdı ki, sıra heç oxumadığımız, haqqında arxa tanıtım yazısından bildiyimiz kitablara çatdı. Murat Menteşi ilk o gün gördüm. “Ruhi Mücerret” adlı kitabı 90ların sentozatrlı kliplərindən atılıb çıxmış kimi rəngli üz qapağı allergiyamı oyatmışdı. Əlqərəz, haqqında heç nə bilmədiyim bu gənc adamın kitabını da sırıyacaq kimisə tapmışdım.
Üstündən 4 il ötməsinə
baxmayaraq, heç vaxt əlimə Murat menteşi oxumaq şansı düşmədi. Keçən gün Barış
Özcan da yazarın başqa bir adını dəfələrlə eşidiyim kitabını 12liyinin arasına
saldığını görəndə, itkin vicdanım gəlib gözüm önündə dikildi, heç tanımadan
birilərinin kitabxanasına yola saldığım bu adamın qələmini yoxlamağın vaxtı idi
bəlkə də, ya rahatladacaqdı hava buraxan
təkərlərlə məni daşımağa çalışan vicdanımı, ya da həmin alıcılarının əzabını
paylaşacaqdım. İtirəcək bir şeyim yox idi!
Əziz oxucu,
Əgər
sənə də bu cür bir dələduzluq etmişəmsə, rahat ol! Bu bəndənin yaxşı yazarları
və kitabları duymaq qabiliyyəti bir fitri – istedad imiş! Kitab tək kəlimə ilə
möhtəşəm idi.
Nuh adlı albinoz, həm də şizofrenik
olan yetim və varlı ailənin komiks oxuyubkitabların toz almamasını təmin edən
aerozol kimi şeylər ixtira edən İbrahim Qurbanın maraqlı hekayəsi ilə başlayır
kitab. Sivri bir zəkaya sahib Nuh İbrahimin müthiş ixtirasıyla yeni bir dünyanın
içinə çəkilir, xüsusi aparatla birinin üzünü kopyalayıb maska kimi taxmaq,
başqa sözlə dublorlük etmək. Qəzetə elan verib dublyorluq xidmətlərini
insanlara təklif edirlər, təəccüblənməyin, bu İstanbulda baş verən, baş rollarında
iki türkün olduğu hekayədi, Tom Cruise’lu Mission imposible deyil.
Kitabı oxuduqca təkcə müəllifin ədəbiyyat,
tarix, elm, fəlsəfə, film dünyası, coğrafiya, musiqi və bir çox mövzudakı
savadı adamı təəccübləndirmir, həm də bu məlumatları kitaba adamı yükləmədən
müthiş bir şəkildə yaymasıdır. Kitabdakı personajların, küçələrin adı mücərrəddir,
ya da nəyəsə bənzədilmiş şəkildədir. Cənab Umur Samaz, Nuh Tufan, Rza Silahlıpo
Da, Fərrux Fərman, Dilara Dilemma və.s. Kitabda o qədər danışılası, üzərinə
söhbət ediləsi gözəl yerlər var ki, hansından danışasan, seçə bilmir adam.
Çayxanada “Məcnun aqa, mənə bir çay” deyib arxa cibindən bükülmüş Kurt Vonnegut
kitabı çıxarıb oxuyub qəhqəhələr çəkən məhəllənin köhnə amatör futbolçusundan
mı, küçənin başındakı məscidin qübbəsin balina başına bənzətdiyi üçün adını
Moby Dick küçəsi deyə çağırmaqlarından mı, ya da ünvana çatmaqlarına
baxmayaraq, taksidən Orhan Gencebay mahnısını radioda bitirmədikcə düşməyən qəhrəmanların
açıqlamasını “Orhan abi oxuyanda yarı kəsilməz” deyə verməsindən mi.
Kitabı oxuduqca gözüm önündə
Jonathan Safran Foer durdu. Üslub, anlatış şəkli, hadisələri ələ alma biçimləri
çox oxşardı. Yazarı gözümdə daha da böyütdü, etiraf edim.
Məlumat üçün deyim ki, kitabın içində dəa dı keçən, məktəblilərin əzazil müəllimlərə qarşı savaş açmaq üçün qurduğu gizli birlik "Afili filintalar" unudulmaz serial "Leyla ilə Məcnun"nun(haqqındakı yazım burada) rejissoru Onur Ünlünün və Murat Menteşin özünün də arasında olduğu bir qrup yazar tərəfindən ədəbiyyat qoxulu bir bloqa çevrilib. O da buradan barmağınız altında olsun.
Bu cür gözəl və bir nəfəsdə
oxunaqlı kitabın əskik tərəfi nədir? Tipik bir türk nümunəsi olması. Türk yazarların
bir genetik pozuntuları var, çox romantikdirlər. Dilin özünün xromosomları zatənromantizm
qoxusundan keçiləsi deyil. Üstünə bir də hadisələri dramatikləşdirmə cəhdi gələndə
kitab adamın əlində(mənim vəziyyətimdə qulağında) günəş altında əriyib ovcuna
yayılan vanilli dondurma kimi qalır. Bütün personajların necəsə bir – biri ilə
bağlantılı çıxması kitabın harmoniyasını zədələyir.
Əlqərəz, yoldaykən, Bakının, ya
da hardasınızsa, orda tıxaclarda yerinizi istilakar xalalara verib ayaqüstə
dikilmisinizsə və əliniz tez – tez çantanıza gedib kitabın ordakı ağırlığıyla
rahatlıq tapıb oxuya bilməməkdən narahatlıq qazanırsınızsa, icazə verin
qulaqlarınız çarə olsun sizə.
P.S.
Əziz vicdan, daha bir günahkarlıq yükündən xilas olduq bu dəfə də. Başqa “Dirilmə" ayininə qədər. Musiqi sizlərə ömür. 🌝
Comments
Post a Comment