..Qadın yataq kisəsini hara qoyacağına qərar
verə bilmirdi. Şəhərin mərkəzində, müasirliyin ortasında, bu qədər insan arasında meşəyə aid bir şeylə dayanan təkcə o idi. Dayanacaqdakıların gözlərini üstündə hiss edirdi. Yataq kisəsini dizi üstünə qoyub əllərini
üzərində birləşdirdi. Gün bitmək bilmirdi. Elə bir duyğuya qapılmışdı ki, sanki
biri içindən keçənləri oxuyurdu. Kütlə arasında dayanıb, ona aid hər şeyi
görürdü. Nə planladığını görürdü və bir azdan arxadakı meydana gedəcək, aksiya
edən heyvansevər qrupun əlindən səsucaldan mikrofonu alacaq və hamıya elan edəcəkdi:
„Ay camaat, bax o qadın, qarasaçlı olan, hə, hə o. Əlində yataq kisəsi olan. Hə,
bax o. Bu dəqiqə şəhərkənarında gizli plan qurur..“ Əllərinin içi tərləyirdi. Ağlından
bu fikirləri atmağa çalışdı, ətrafa narahat gözlərlə baxdı. Yanından ötən qızın
biləyi diqqətini çəkdi. Tatunu görüb üzünü büzüşdürdü. Sonra öz planlarını
xatırlayıb özünə hirsləndi, kimisə qınamağa haqqı olan axırıncı adam idi.
Qız yolu keçdi. Əliylə köynəyinin qolunu
aşağıya dartıb biləyindəki tatunu gizlətməyə çalışdı. Qarşı
dayanacaqdakı adam diqqətini çəkdi.
Kişi ayaqlarını geniş açıb əlindəki qəzeti oxuyurdu.
Boynunda qırmızı şərf, başında qəhvəyi beret vardı. Ayaqlarında klassik
ayaqqabı ilə bənövşəyi köynəyi və yaşıl-sarı zolaqlı paltosu heç uyuşmurdu. İşləyən
günlərindən tərgidə bilmədiyi tək xasiyyəti idi, hər səhər parıldayana qədər
yastıdaban klassik ayaqqabılarını təmizləyər, geyinməsə özünü yerdəki nəcisdən yayınmağa
çalışırmış kimi tullanan astronavt kimi hiss edirdi.
Qəzetdəki məqaləni bitirib başını qaldırdı.
Yolun digər tərəfindəki aksiyanı narazı baxışlarala süzdü. Qaşlarını çatıb
saatına baxdı. Saniyələri sayırdı. Tam vaxtında avtobus dayanacağa çatdı. Məmnunluqla
dilini damağına vurdu. Qəzeti qatlayıb döş cibinə qoydu, qalxdı və avtobusa
mindi. Tatulu qız çox düşünmədi, çiynini çəkib qapı bağlanmamış özünü içəri
atdı.
Əlində iş çantası olan keçəl kişi telefonunu
çıxarıb videogörüntülü zəngə cavab verdi. Cibində qulaqcığını xeyli axtarsa da,
tapmadı. Telefonu tez-tez qulağına tutub deyilənə qulaq asır, sonra təzədən üzbəüz
tutub cavab verirdi. Bəzən heç nə demədən sadəcə gülür və yenə qulağına
tuturdu. Arxa sırada pəncərə qırağındakı uzunsaç oğlan yuxulu gözlərini
ovuşdurub keçəl kişiyə kefsiz nəzər yetirdi. Gözlərinin altı yorğunlıq torbasıyla çökmüşdü. Saçını arxada
rezinlə yığmışdı, çəhrayi rəng idi. Üstündə parıldayan bir-iki muncuq var idi,
özününkü deyildi, səhər tələsik çıxanda qızınınkıları götürmüşdü. Başını avtobusun
pəncərəsinə söykədi, şüşənin souqluğundan narahat oldu, başını geri çəkib keçəl
kişinin qulağındakı ekranda adamın dediklərini eşitməyə qulaqlarını şəklədi.
Tatulu qız növbəti dayanacaqda endi.
Ətrafa göz atdı, yaxındakı eko-kafeyə tərəf getdi.
Girişdə ödəniş edib limitsiz çay aparatından plastik bardağa qaynar su süzdü.
Yasmin çayı paketindən birini götürüb zalın ortasında masa seçdi.
Kafenin bir divarı bütünlüklə şüşə idi.
Asiyalı orta yaşlı qadın kürəyi divara oturub önündəki kompüterə tərəf əyilmişdi.
Fincanındakı kofe çoxdan soyumuşdu. Dodaqları bir-birinə sıxılı, açdığı
vebsaytdakı məqaləni oxuyurdu. Ennio Morricano haqqında idi.
Qonşu masada iki kişi qızğın müzakirə edirdilər.
Yeni “start-up” layihələri
üçün plan yazırdılar. Masanın üstü çoxlu kağızlarla dolu idi. Bir o qədəri də əzilib-bükülüb
zibil qabına atılmışdı. Ofisiantdan zibil qapını masaları yaxınına qoymağı
xahiş etmişdilər. Oturaq həyatdan iriləşmiş qarnı stulla masa kənarı arasında çətinlik
yaradan, daha yaşlı olanın gözü telefonundaydı. Vibrasiya verirdi, ekrandakı
adı görüb bir neçə saniyə tərəddüd etdi. Bəlkə də bu qədər inad bəs edərdi. Bəlkə
də yox. Telefonu tərsinə çevirib önündəki vərəqə qeydlər aparmağa davam etdi.
Tatulu qız
qırmızı dəftərçəsini çıxarıb yazmağa başladı. Kənarları əzik idi, yazılmaqdan və
dəfələrlə oxunulmaqdan köhnəlmişdi, rəngi qırmızı ilə qəhvəyi arasındakı
anlaşılmaz tondaydı. Tatulu qız tez-tez başını qaldırıb ətrafa baxır, yazır və
yazırdı. Əynindəki paltara öyrəşə bilmirdi, bu dövrdə cins paltarlar dəbdə idi,
o da birini alıb əyninə keçirmişdi. Bir
ölçü kiçik almalıydı bəlkə də.
Arxa masaya
baxdı.
İki qadın
çaylarını qurtumlayıb söhbət edirdilər. Çəhrayı vərəqli dəftərə qeydlər aparan
qadın danışır, hərdən dəftərə baxıb kontekstdən kənara çıxıb-çıxmadığını
yoxlayırdı. Sarı saçları süni idi, qaşlarının rəngiylə uyuşmurdu. Əri sarışınlara
baxışlarını tutmuşdu, o da radikal qərar almışdı, saçının rəngini dəyişdirmişdi.
Qaş probleminə isə başqa həll tapmışdı: qara kənarlıqlı iri eynək taxırdı.
Digər qadın təbii
qırmızısaçlılardan idi. Saçını iri, düz alnını gizlədəcək tərzdə kəsdirmişdi.
Ağzının önündə yumruq edib saxladığı əlini tez-tez yuxarı aparır, sanki alnının
gizlicə Breksit elan edib-etmədiyini yoxlayırdı. Orta bamağına iri üzük vardı.
Üstündə iri bir dovşan başı var idi.
Kafenin
bayırında insanlar küçə boyunca sağa-sola gedir, bir-biriylə toqquşmamağa
çalışır, ünvanlarına tələsirdilər. Kafedəki müştərilər diqqətləri öz məşğuliyyətlərində,
offisiantlar bir gözü müştərilərdə, ağızları məzəli söhbətlərindəydi. Dünyada
tam normal gün idi.
Bütün olanlara
daxil olmayan təkcə tatulu qız idi.
Bütün masaları
bir də gözdən keçirdi. Son qeydini də dəftərçəsinə yazdı. Səhifədə yer
qalmamışdı, dəftərçəni çevirib iki vərəq arasındakı bitişik yerə qeydini aldı. Cibindəki
açarlar ətinə batırdı. Cibindən çıxardı. Dəftərçəni bağladı, açarları üstünə
atdı.
Açar topasına
taxılmış akssesuara toxundu. İri bir "B"
hərfi idi.
Çayının son
qurtumuyla dodaqlarını islatdı. Yasminin acı hissəsi bardağın dibinə çökmüşdü.
Ağzını büzdü, açarla dəftərçəni götürüb WC-ə getdi.
Qapıları
bir-bir yoxladı.
Boş idi.
Aksessuarı
tutub burdu, "B" ortadan əyilib
qəribə forma aldı, köynəyinin qolunu yuxarı qaldırdı, və açara çevrilən biləyindəki tatudan içəri saldı. Heroqlifə
oxşayan tatunun ilk baxışda xüsusi fərqliliyi nəzərə çarpmırdı. Amma bu, açar dəliyi
kimi görünən tatu deyildi, tatu formasında görünən açar dəliyi idi və uyğun
açar bir az əvvəl onu canlandırmışdı.
"Nə qədərini izlədin?"
"Nəticə
çıxaracaq qədər."
"Və?"
"Bu məişət dünyasıdı."
"Nə nəzərdə tutursan?"
"Sirləri var. Problemləri var. Rejimləri var. Hər şeyə aid qaydaları var.
Əvvəlcədən cızılmış yolları var."
"Parzivalizatorları var? Əgər elədisə.."
"Yox, taleylərini müəyyənləşdirmirlər, sadəcə yuxudan ayılma vaxtlarını, avtobusların hərəkətini, iş vaxtını, yemək rejimini təyin edirlər. Öz yollarını belə cızırlar. Asfalt deyilən şeydəbn yollar da çəkirlər. Maşınlar, velosipedlər, hətta telefonla danışanlar üçün ayrıca səkilər düzəldirlər."
"Deməli belə.. Səviyyə 11.. gözləntilərim aşağı idi, amma bu qədər yox."
"Dediyim kimi, bura məişətinə başı qarışanların dünyasıdı. Başlarının üstündən mavi səmalarını dartıb alsaq, ora qraffiti ilə şüarlar çəkəcəklər. Aksiyalara çıxıb bağıracaqlar."
"Yəni müqavimət göstərə bilərlər?"
"Səs-küy salmaqdan başqa heç nə. Səmaları olmasa, mağaralara da öyrəşərlər. Adaptasiya ən yaxşı bacardıqları şeydi."
"Bəlkə də bununla başlamalıyıq."
"Nə?"
"Səmaları ilə", cinsiyyəti bilinməyən səs cavab verdi. Nə kişi, nə də qadın səsi idi bu, ikisinin harmoniyası kimiydi.
"Səmalarını üstlərindən çəkib alacağıq. Kainatın həqiqi rəngiylə tanış olacaqlar, zülməti görəcəklər. Və hər şey başlamamışdan qabaqkı saniyə ağıllarındakı şeyin nə olduğunu bilmək üçün beyinlərini dadacam."
Tatulu qız gülümsündü.
"Cavabı təxmin etmək çətin deyil.
Qaranlığı
dadmamışdan əvvəl ağıllarındakı bildirişlər
olacaq. Telefonlarındakı bildirişlər."
Açarı dəliyindən
çıxardı. Tatusu qaşınırdı, açarlarla tatusunu eşməkçün özünü güclə saxlayırdı.
Güzgüdə özünə baxdı.
Bu bədəndəki
son günü idi. Səma yoxa çıxandan sonra zülmət olacaqdı və daha bədənini, əsl
olduğu halı gizlətməyə, bu çirkli tünd dəri ilə örtməyə ehtiyac qalmayacaqdı.
Sondan bir əvvəlki gün idi və çoxdan başlamışdı.
Sıradan, monoton, öz kiçik problemlerimizle dolu qısa heyatlarımızı yeniden sorğuladacaq gözel bir hekaye, ferqli bir baxış bucağıdır. Seninle fexr edirem, Hemid!❤
ReplyDelete