Skip to main content

nələr oxudum və ölüm niyə tətilə çıxdı

Əziz Oxucu,

zaman ötdükcə, qayğılarım, iş qrafikim, dağınıqlığım artdıqca hadisələri geridən izləməyə başlayıram. 

son 9 ildə adətən burada bloqun ildönümü, yeni il və öz doğum günüm səbəbiylə 3 fərqli yazı olardı. Birində gələcək planlarından, yazılardan, birində kitablardan, digərində də fərdi dəyişimimdən danışardım. 

Aydın şəkildə görünən də budu ki, illər çoxaldıqca bu ritualımı itirirəm. Tənbəllikdən, ya da pafos xatirinə deməli olsam, "illərin yorğunluğundan". 

Heç olmaya, tamamən ümidsiz bir məchula çevrilməmişdən əvvəl bu üç ritualı birləşdirib bir şeylər danışaq, danışmaq xatirinə də olsa. 


2020 haqqında şərh verməyə gərək yoxdur, hamımız bir yerdə yaşadıq. bir Zack Snyder filmi kimi idi. qaranlıq və boğucu. Amma mütaliə cəhətdən Hindistanın demoqrafik artımı kimi partlayışlı il oldu mənim üçün. 

87 əsər. 


İngiliscə mütailə edə bilmədiyim haqqındakı stereotipimi qırdım və 24 əsər bitirə bildim. 

Almanca mütaliə vərdişimi daha da dərinləşdirdim və 24 əsər də bu dildə oxudum. 

Azəraycanca 2 əsər, türkcə isə 37 əsər. 

Komikslərin, hekayə və hekayələr toplusunun, eləcə də roman və non-fiction nümunələrinin uçuşduğu bir il oldu. 

hamısı ilə daha geniş bu link vasitəsi ilə tanış ola bilərsiniz: 


2020-ci ildə məni dərindən təsirləndirən bir neçə əsər oldu, qısa bir danışım haqlarında:


1. Jose Saramago: Death with Interruptions

Yeni ilə girəndən bəri başladığım hardasa 10-a yaxın kitab var, hamsından da 40 - 50 səhifə oxuyub bir kənara qoymuşam. Heç cür fokuslana bilmirəm. Saramago'nun bu kitabını gecə növbəsində boş qaldığım yuxusuz vaxtlarda oxuyub bitirə bildim.


Ədəbiyyat sahəsində misilsiz mükafatları almış müəlliflər var. Bu adamları oxuyanda başqa 
kitablardakından fərqli nələrisə özlərində daşıdığını hiss etmək o qədər asandı ki. Üslublarıyla, seçdikləri mövzularıyla, personajlarıyla, süjetləriylə çox sürətlə özlərini biruzə verirlər.

Və Jose Saramago bir Nobel laureatı qazanmış müəllifdi.

Kitab əsas etibarıyla iki hissədən ibarətdi.

Yeni ilin ilk günündə adsız ölkənin vətəndaşları ölmürlər. Həmin gün ölkədə heç kim ölmür və beləcə də aylarla davam edir. Romanın ilk hissəsinin heç bir əsas qəhrəmanı yoxdu, kimsənin ölmədiyi ölkədə baş verənlər qələmə alınıb. Kilsələrin bu məsələyə reaksiyasından tutmuş, səhiyyə nazirliyinə, dəfnetmə işiylə məşğul olanların həkmarlar ittifaqından tutmuş sığorta şirkətlərinə qədər.

Ölüm ayağında olan hamı qapısı bağlı o biri dünyanın önündə ilişib qalırlar sanki. Xəstəxanalar ölümü gerçəkləşməli olan, amma ölməyən insanlarla, yaşlılar, yaralılar, maşın qəzalarından tikə-tikə olub çıxanlarla dolub daşır. Ölümü gözlənilən, amma ölməyən qocalar xəstəxanalardan evlərə geri göndərilir və ölməməkdə israrlı yarımölülərə insanlar baxmağa məcbur qalır.

Kilsələr yağış duasına çıxarcasına ölüm üçün dualar oxuyurlar, varlıqlarını davam etdirə bilmək üçün ölümü geri istəyirlər.

Geri də gəlir. Amma bu gəliş başqa gəlişdi.. oxumaq lazımdı. ;)

İkinci hissə isə ölümün(Ölümün yox, bu cür imla incəlikləri Saramago'nun kitabındakı ölüm'ün əsəbinə toxunan məsələlərdi) ölüm hökmü çoxdan yazılmış biri haqqında verdiyi ölüm qərarının geri qayıtmasından bəhs edir. 3 dəfə israrla ölüm hökmünü ünvanına çatdırmaq istəsə də, qərar qüvvəyə minmir. ölüm'ü bir qadın olaraq, amma Marcel Proust kimi yaşlı, kök qara geyimli qadın olaraq yox, qeyri-təbii, insan qiyafəsində görənlərin könlündə sıxıntı yaradan, insani yox, ilahi gözəlliyi olan ciddi bir obraz olaraq təsvir edir Saramago.

İkinci hissə birinci hissə kimi sosioloji bir teatral səhnələr daşımır. İkinci hissə ölüm'ü rədd edən bir adama və ölüm'ün bir varlıq olaraq təsvirinə fokuslanıb.

Amma ilk hissə tam bir şedevrdi. İdeya, işlənmə şəkli, sujet. Sıxılmağa başladığınız anda yeni sürət səviyyəsinə keçid.

İlk hissə mexankia sürət qutulu Mersedes kimidi, əlinizin altında matorun necə gücləndiyini hiss edə bilirsiniz :D

İkinci hissə isə avtomat sürət qutusudu, özüyçün axıb gedir, nə zaman sürət alıb kitabı sona çatdırdığınızın fərqinə varmırsınız.

Nəyi bəyənmədim?

İki şeyi və ,təəssüf ki, ikisi də Saramago imzasıdırlar.

Əvvəla, romanda heç bir dialoq işarəsi yoxdu. Dialoqlar var, amma böyük bir mətnin tərkibində davam cümlələri olaraq verilir. Bir az araşdırdım, Saramago öz mətnlərində nöqtə, vergül və abzaslar xaric başqa bir şey istifadə etmir. Onun fikrincə bu oxucunun diqqətini hekayəyə bağlı saxlayır. Eyni fikirdə deyiləm, amma nə deyək indi, Nobelini almış adamdı, dayaq nöqtəsi var, atıb - tutur. :D

İkincisi, kitabın anlatım üslubu Lovecraft'ın 'Dəliliyin dağlarında' və Albert Camus'nun 'Taun' əsərindəkinin bir başqa versiyasıdı, raport tiplidi. Bədiilikdən uzaqdı. Saramago'da və bu əsərdə eelə bir hava var ki, durub üzünə üslubun bədiilikdən uzaq olduğunu desək, "ölüm bədiilik güdmür, ciddiyyət tələb edən qatı mövzudu" cavabını verər, yəqin. :D

Oxuyun, bu kitabı mütləq oxuyun. ölüm əflatun rəngli bir məktubla qapınızı dırmıqlamamış, oxuyun. :)

"Ertəsi gün heç kim ölmədi. Bu hadisə həyatın əsas qaydasına daban-dabana zidd olduğundan insanların ruhlarında böyük bir dəyişikliyə səbəb olmuş, hər tərəfli təsirləndirmişdi. Çünki dünya tarixinin qırx cildlik külliyyatında da tamaşa xatirinə də olsa, belə bir şeyə rast gəlinməmişdi.

Ertəsi gün heç kim ölmədi."


2. Colson Whitehead: Nickel Boys

"Bəzən özünü özü də anlamırdı, amma axtardığı cavabı Martin Luther King'in valdakı danışıqlarında tapdı. "Önəmli biri olduğumuza, diqqətədəyər biri olduğumuza tüm qəlbimizlə inanmalı, bu sayğınlıq və dəyər hissini gündəlik həyatımızda getdiyimiz hər yerdə özümüzlə daşımalıyıq."


Val müzakirəyəaçıq olmayan bir dayaq nöqtəsi kimi dönüb dolaşır, Dr.King'in sözləri dar koridorlu 
kiçik evin divarlarına hopurdu. Alwood bir qanunla yaşayırdı və Dr. King o qanuna biçim, ifadə və anlam verirdi. Qaradərililəri idarə altında saxlamaq istəyən Jim Crow kimi böyük güclər və sizi əzmək istəyən digər kiçik güclər vardı və hamsı önündə, həm kiçiklər, həm böyüklər qarşısında dimdik durub şəxsiyyətinizi müdafiə etməyiniz gərəkirdi. Ensiklopediyalar boş idi, sizi aldadan, gülümsəyərək boşluğa əlini uzadan insanlar, özünüzə hörməti yox edən insanlar var idi. Kim olduğunuzu unutmamağınız mütləqdi, bu heysiyyət hissi, Dr. King'in çatırtılar müşayətindəki deyişiylə vazkeçilməz bir güc idi. Nəticələri evinizə gedən yolda qaranlıqda pusquda durub sizi gözləsə də. Onu döymüş, paltarlarını cırıb dağıtmış, 'Ağ Adam'ı qorumaq istəyinə anlam verə bilməmişdilər. Mr. Marconi'ə qarşı hədlərini aşanda məsələ konfet, ya da bir komiks olsa da, əslində Alwood'u təhqir etdiklərini onlara necə izah edərdi ki? Kilsədə deyildiyi kimi qardaşına hücum edən ona hücum etmiş sayılacağından yox, heç bir şey etməmək öz heysiyyətini baltalamaq anlamına gələcəyi üçün. Mr. Marconi'in bu oğurluqlara vec qoymaması, ya da vaxtiylə Alwood'un yanında dostlarının bu cür oğurluq etməsi bir şeyləri dəyişdirmirdi. Alwood beləydi: hər kəs qədər yaxşı biri."

Bəzi romanların sizə hekayə anlatmaq, effektli sujet xətti qurmaq, həyəcanda saxlamaq dərdi yoxdu. Bəzi yazıçıların türklər demiş, öz 'dava'ları var və bunun uğruna yazırlar. Colson Whitehead həmin yazıçıdı, ədəbiyyat karyerasını qaradərililərə olan rasizmə həsr edib. Daha əvvəl "Yeraltı Dəmiryolu" romanını oxumuşdum, kitab Pulitzer mükafatlı, çox soyuq bir sujeti olan, amma mesajı, mənası çox yaxşı olan roman idi, amma 'Nikel oğlanları'ndan sonra düşünürəm ki, qərar verməyə tələsiblər. Daha 3 il gözləsəydilər, bu kitaba verərdilər rahatca.

Rasizmin sərt Amerikasınsa doğulan Alwood adlı qaradərili oğlanın Nikel adlı uşaq islahxanasına düşməsinə və başına gələn ağır həyata həsr olunmuş müthiş bir romandı, hazırda adını çəkdiyim hər iki kitab #storytel proqramında səsli kitab olaraq əlçatandı. :)


3. Paul Kalanithi: When Breath Become Air

Bu kitab haqqında uzun-uzun danışdığımı linkdən oxuya bilərsiniz. 


4. Jonathan Safran Foer: Eating Animal

Bir məsələni əvvəldən aydınlaşdıraq: mən ət yeməkdən böyük zövq alıram.


Steak, ya da bizim süfrə mədəniyyətində kabab bişirib tək yeyəcəyiniz qida deyil, dostlarla birgə 
edilən, ocaqbaşında yelpik yelləyib deyib-güldüyümüz, bir yerə yığışdığımız anın daşıyıcısıdı, açığı bunu eyni manqalda kartof, ya da pomidor şişə çəkərək edəcəyimizə də inanmağım üçün çox ciddi müddətə ehtiyacım var. Əvvəlcədən etiraf eləmək yaxşısıdı. :D

Mən bədii ədəbiyyat sevdalısıyam, "non-fiction", yəni bədii qurğu tərkibli olmayan kitablardan zövq almıram. Amma bir "non-fiction" nümunəni Jonathan Safran Foer yazanda oxumamaq olmur. Müəllifimiz əsl bədii ədəbiyyatçılardandı, üslubu gözəl, dili sərt, fikri aydın modern ədəbiyyatçıların başını çəkir siyahılarda.

Storytel proqramında dinləməyə kitab axtaranda bu kitabı gördüm, adıyla məni ürəyimdən nişan aldı Kələntər dayı, "Heyvan yemək". Baxın, "Ət yemək" yox, "Heyvan yemək".

Müəllif deyir ki, bu kitab vegetarianlığı təbliğ edən bir kitab deyil. Bu kitabda vegetarianlıq, xeyirləri, formaları haqqında demək olar ki, kəlmə də yoxdu. Bu kitab ətə, daha dəqiq desək heyvana aiddi.

Bilirəm, milyon dərdiniz var hamınızın. Bu dəqiqə broyler toyuğu haqqında düşünmək ağlınıza gələcək son şey də deyil, bəlkə də təzəcə qurbanlıq qoyun kəsmisiniz, paylamısınız. Oxuduğum bu qədər kitabdan haqqında bir kitab olaraq yox, aktual mövzu olaraq danışmağa layiq bildiyim az kitab var, bu onlardan biridi, bura qədər davam etmisinizsə, icazə verin, davam edək, hə? :)

Mən hər gün yediyim toyuq, ya da mal əti barədə nə bilirəm? Çox şey bilmirəm. Necə kəsildikləri, yetişdirildikləri barədə demək olar ki, heç nə bilmirəm.

Amma bəzi şeylərin fərqindəyəm, məsələn, kənd uşağı olaraq uzun müddət otlayıb,dənləyib gözüm önündə böyüyən toyuqla 6 həftəyə inkubatorda böyüdülən broylerin fərqli olduğunu hiss edə bilirəm, bir yanlışlıq olduğunun fərqindəyəm. Adını "halal" qoyduğumuz ev üsulu kəsimlə, sənayeləşmiş kəsim arasında hansısa fərqin olduğunun fərqindəyəm, həm də ki.. o saqqız kimi toyuq ətində bir yanlışlığın olduğunu anlamaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdu.

Sənayeləşmiş şirkətlərin ehtiyacımız olandan daha çox əti bizə vazkeçilməz qida kimi sırımağının altında nə yatır? O böyük şirkətlərdə yediyimiz heyvanlarla nə baş verir? Ət yemədən də həyata davam eləmək mümkündü? Əgər yeyəcəyiksə, diqqətdə saxlayası nələr var?

Bunlar hər kəsin öz-özüylə təkbaşına oturub, üzərinə düşünüb, qərar çıxartmalı olduğu vacib məsələlərdi.

Şirin pişik şəkillərinə, itlərə, tutuquşulara baxıb onları yemək kimi düşüncədən iyrənirik. Amma yağlı qoyun ətinin kababından vaz keçmirik. Ortada bir yanlışlığın olduğunun fərqindəyik, amma bunu danışmaq istəmirik. Bəlkə danışaq? Hamımızın qaçmağa çalışdığı bu mövzunu dilə gətirək?

Kitab "tamamilə ətdən vaz keç"mi deyir? Yox, demir. Amma sənaye məhsullarıyla bağlı vicdani olaraq cavablandırılmalı suallar olduğunda həmfikirdi. Bir düşünün.

Dediyim kimi, mən ət yeməkdən - steak hazırlamaqdan, qaraciyər qovurması edib dostlarımı qonaq çağırmaqdan, toyuqətli salat düzəltməkdən, mal ətiylə buğlama bişirməkdən böyük zövq alıram. Amma dünən kitabı bitirdim və uzun-uzun düşündüm. Ətsiz bir həyat təsəvvür edə bilirəm mi?

Çətindi.

Amma sənaye məhsullarına pul axıtmağa göz yumacaq qədər təsəvvürümə sığışmır bu fikir?

Yox, o qədər çarəsiz vəziyyətdə deyiləm. Onda?

Dünən veqan əti aldım, içində ət yoxdu, görünüşü ətə oxşayır, bitki mənşəli zülallardan hazırlanıb. Eyni steak kimi qızartdım sobada, salat düzəltdim, masa başına oturdum.

Sirr verim?

Dadı çox xoşuma gəldi. Bu cür yoxlamağa davam edə bilərəm. Mövzu ət yeməyin etik olaraq yanlışlığından getmir, o cür radikal bir düşüncədə deyiləm, amma qabağıma gələn ətdən cavabdeh ola bilmədikcə onu yemək düşüncəsi vicdani olaraq narahat etməyə başlayıb məni. Kitabın istədiyi bu idi, istəyinə də mənimlə çatdı. Yediyimiz ət düşündüyümüzdən daha çox hörmət tələb edir. Biz uşaqkən öz bağımızda yetişdirdiyimiz toyuğa, böyütdüyümüz quzuya həmin hörməti göstərirdik, süfrəmizi dadlandırandasa buna görə şükür duyğusu duyurduq, bunu xatırlayıram. Siz də o duyğunu bilirsiniz, yəqin ki. Amma aldığınız sənaye məhsulları ilə eyni vicdani rahatlığı duyursunuz mu?

Sual budu.

Həyatımıza təsir etməyən, bizi irəliyə aparmayan kitabları oxumağın tərəfdarı deyiləm, bu kitab bəlkə də sizi ət yeməkdən vaz keçirməyəcək, cəfəngiyyat hesab edib kənara qoyacaqsınız və xaş üçün qazan asacaqsınlz sabah səhərə, amma oxumaqdan ziyan gəlməz. Növbəti dəfə əliniz ət tutanda içinizdə cavabladığınız və artıq aktuallğı olmayan bir sual yaranmayacaq.

Bir göz atın.

Nuş olsun. :)

"Yatmış bir adamı oyandırmaq həmişə mümkündü, amma özünü yuxudaymış kimi aparan adamı heç bir səs oyada bilməz."


5. George Saunders: Fox 8

"Əziz oxucu,

Ən birinci, deyimki, səf yazdğım hər sözçün üzür istiyirəm. Çünkü mən bir tülküyəm! Yəni düz yaza və oxuya bilmirəm. Amma bacardğım qədər yazıboxumağı necə öyəndyimin hekayəsi burdadı."

Hekayə belə başlayır.


Qaş qəhrəmanımız olan Tülkü 8 meşə yaxınlığındakı evin pəncərəsindən səs eşidir. İnsan danışığı!

Elə valeh olur ki, hər gecə ora gəlir, ananın övladlarına danışdığı hekayələrə qulaq asır, başa düşməyə çalışır və insan dilini öyrənir. Nə qədər öyrənir, onu da yuxarıda görürsünüz. :D

George Saunders yaşayan həkayətçilər arasında 3-5 ən yaxşılardan biridi, bəlkə də birincisidi.

Kitab boyunca tülkünün dilindən bu tipli şirin tələffüz ingiliscəsiylə nəql edilən hekayə elə maraqlı, elə axıcıdı ki, bir də görxüm bitirmişəm. Cəsarətimi topladım, ingiliscə oxudum(95 faizini rahat oxuya bildiyimə görə nətər xoşbəxtəm nətəəər Щ) Çox istərdim ki, bu hekayə öz dilimizə də tərcümə edilsin. Artıq "Linkoln bardoda" romanı və "10 dekabr" adlı hekayə toplusu öz dilimizdə var. Oxumağı məsləhət bilirəm, Saunders alışıq olmadığınız bir hekayətçidi.

Bəs nədir "Fox 8"in hekayəsi?

İnsan dilini öyrəndiyini bilən "Greet Leader" qəhrəmanımızdan insanlara aid bir afişanı oxumağını istəyir. Tezliklə yaxınlıqda tikiləcək alış-veriş mərkəzinin afişasını. Nəticə bəllidi, heyvan ortamı məhv edilir, tülkülər aclıqdan ölümə tərk edilir. Burda da ağrılı hekayəmiz əsl başlanğıcını göstərir.

“If you want your Storys to end happy, try being niser.”

"The Guardian" kitab haqqında çox əla bir məqalə paylaşıb, linkini qoyum, istəyən oxuyar.


6. Amor Fowles: A Gentleman in Moskau

Vay.. vayy.. vaaaayyyy..

Mənim ananasa allergiyam var. Nə vaxt yesəm, dilim qanamağa, iti ülgüclə kəsilmiş kimi paralanmağa başlayır. Bir həddən sonra ağzımda qanın acılığını hiss edirəm, dilimdəki ağrı şiddətlənir. Və mən yeməyə davam edirəm.


Çünki ananasdan daha dadlı ikinci bir təam dadmamışam. Dilimə bu qədər böyük ləzzət və əzab 
verən ikinci bir qida dadmamışam.

"Moskvadakı cənab" mənim "ananas" kateqoriyama aid olan kitablardan oldu. Aldığım zövq təsviredilməz dərəcədə böyük, üst səviyyədəki hekayəsi isə qəlbincidəcək qədər kəskin idi.

Yer-yer qəhqəhəylə güldürən, bəzənsə kədərləndirən.

Uzun müddət idi ki, kitabın ovundaydım. Almanca almaq üçün uyğun endirimə düşməsini güdürdüm, hər 3-4 gündən bir "amazon"da axtarışa verib qiymətini yoxlayırdım. Hətta bir ara ürək edib ingiliscə almaq da ağlımdan keçdi.

Bir gecə yerimdə uzanıb "storytel"ə girdim. Demək olar ki, hər gün yeni yüklənən kitablara baxıram. Yeni bir şey tapmaq ehtimalım əslində yox idi, çünki bir neçə saat əvvəl də baxmışdım.

Amma niyəsə barmaqlarım ekranda israrla siyahnını yuxarıya doğru sürüşdürür, köhnə kitablara baxdırırdı. 5 dəqiqə israrla davam elədim. İçdən-içə nəyinsə orda olduğuna elə əmin idim ki.. və ordaydı. İyrənc üz qabığı, Cemil Büyükdöğerlinin əfsanə səsiylə audio versiyası orada idi.

Çar Rusiyasının əsilzadələrindən Cənab Kont Aleksandr İleiç Rostov 1922-ci ilin 21 Aprel tarixində yazdığı bir şeir səbəbiylə bolşevik məhkəməsinə çıxarılır və ömrüboyunca "Metropol" otelində ev həbsinə məhkum edilir.

Hekayə bununla başlayır və Kontun SSRİ-nin yaradılışından bəri oteldə keçən həyatından, dostluqlarından, Rusiyanın yüksəlişi və çöküşündən bəhs edir.

Kitab.. məni ürəyimdən vurdu. Mükəmməl türkcə tərcüməsi, sadə dili və yorucu olmayan gedişatı. Sadəliyi ilə ədəbi mükəmməlliyə sahib idi.

Amor Towles kitabı yazarkən hər müəllifin asan-asan bacarmayacağı bir işin çox ustalıqla öhdəsindən gəlib: Kont Rostovu ömürlük həbsi müddətində yaşlandırmağı bacarıb. Cavan bir əsilzadə kimi girdiyi oteldə 60-lı yaşlarına çatanda o dəliqanlı ilə arasındakı fərqi ortaya çıxarıb.

Və ikinci ürəkdən olan şeysə kitabın sonluğudur. Yaxşı sonluq yazmaq bu günlərdə çətin tapılan şeylərdəndir və Amor əmi bunu bacarıb.

Kontun qazandığı dostluqlar, itirdikləri, kədəri, sevinci, bir otel binasında bir dünyalıq ömür sığışdırması.. Mən kitaba heyran oldum. Açdım "goodreads"ı, bu əsərə qədər 54 kitab və komiks oxumuşdum. Müqayisə etmək istədim. Məni mənəvən bu qədər tətmin edə bilən və təəccübləndirə bilən iki kitab olub: Ken Grimmwood'dan "Replay(Yenidən)" və Colson Whitehead'dən "Nickel boys(Nikel oğlanları)". Hər ikisi özlərinə layiq mükafatı alıb tarixə keçmiş kitablar oldu(biri "World Fantasy", digəri "Pulitzer"), amma "Moskvadakı Cənab" deyəsən, qəlbimi daha çox qazanmağı bacardı.

Müasir ədəbiyyatda klassik ədəbiyyat üslubuyla yazılan və yeniyetməliyimin əfsanə müəllifi Erich Maria Remarque'ı mənə yenidən xatırladan Amor Towles, əmin ol ki, bu kitabı ilk imkanda sərt üz qabığıyla alıb kitabxanamın baş köşəsinə qoyacam, daha bir dəfə oxuyacam və gələcək övladlarımçün qoruyacam. Onların tanımalı olduğu nadir kitablardan birini yazmısan.


7. Ted Chiang: Exhalation

Deməli, keçmiş Amerika Prezidenti Barack Obama hər il oxuduqlarından 10 kitablıq siyahı paylaşır. 2019-cu ildə paylaşdığı siyahıda iki maraqlı kitab diqqətimi çəkmişdi:

Colson Whitehead - Nickel oğlanları və şəkildəki bu kitab.

Colson dayının kitabı haqqında danışmışdıq, tərifdən yerə göyə sığdıra bilməmişdim, zatən bir neçə ay sonra 2019-cu ilin Pulitzer mükafatını qazandı.

Gələk Ted Chiang məsələsinə.. Çoxunuz onu qrupun nəşr etdirdiyi "Sənin Hekayən" kitabıyla tanıyır. Mən də kitabın heç bəyənmədiyim "Arrival" filmiylə. Amma bu hekayələr..

Kitab 10 hekayədən ibarətdir. Hamsı elmi-fantastik hekayələrdi və istər sujet, istər üslub baxımından bir-birindən çox fərqlidirlər.

Mənə görə kitablar adətən iki qrupa bölünür:

1. "Bax nələr baş verib" fikrinə sadiq xatirə ədəbiyyatları. Güclü personajları və mənalı sujetiylə adətən insan üçün keçmişə dair dramadırlar.

2. "Bax nələr baş verə bilər" fikrinə sadiq kitablar.. Çox vaxt elmi fantastikalardı. Bir hissəsi ancaq texnologiya çılğınlığıdır, digər hissəsi isə daha çox cəmiyyətdğki dəyişikliklərə fokuslanır. Ted əmi ikisini də mükəmməl edib bu hekayələrdə.

Hekayələrin çoxu bir-birindən fərqli irəli cəmiyyətlərdə olan sosyopsixoloji dəyişikliklərdən danışır. Mən hekayələrə.. VURUL.. wait for it.. DUM! Möhtəşəm idilər. Hər hekayədən sonra kitabı dayandırdım, uzun-uzun düşündüm, narahat oldum, duyğulandım. Məni haldan hala saldı kitab.

Birində paralel dünyalardakı özümüzlə əlaqə saxlaya bildiyimiz "Prizma" adlı alətlə öz gələcək iş planlarını, ailə həyatlarını düzənləyən insanlar var idi.

Digərində bütün gördüklərini qeydə alan aparatla keçmişdə qalan xatieələrini açıb baxan, bütün mübahisələri bununla həll etməyə çalışan insanlar var idi.

Digərində başqa planetdəki canlıların səsini eşidə bilsinlər deyə kəşf etdikləri "Böyük Qulaq" vasitəsilə insanlığa səsini çatdırmağa çalışan.. tutuquşu var idi.

İstədiyimiz mövzunu öyrədə bildiyimiz süni zəka sistemi, lazım olsa, onu robota yükləyib canlı real aləmdə də yanımızda gəzdirdiyimiz texnologiya dövrü var idi.

Var idi də var idi.. Hər hekayədə cəmiyyətə dair çox kəskin mülahizələr, dərinlik, məna.. Yoldaşlar, mən son illərdə hansısa kitabdan bu csr vəhşicəsinə ləzzət almamışdım. Hər hekayə təsvir etdiyi elmi fantastik dünyada öz mesajını ustacasına yayıb. Hekayələrdəki personajlar, dialoqlar.. Hər cümləsi mükəmməllik dolu.

Bir cümləylə kitabın məndə oyatdığı təəssüratı tamamlayəm: ikinci dəfə oxumaq üçün səbrsizlənirəm!


8. Ken Grimmwood: Replay

Bu kitabı oxumağı hardasa 7 il gecikdirmişəm. Səbəbi də çox sadə: dəhşət məşhur idi türk bazarında. Yadınıza gələr, 2013-2014 ərəfələrində mağazalarda ümumən "Koridor" nəşriyyatının ağ-qara motivli üz qabığı olan kitablarından tərpənməli deyildi və bu kitab John Verdon romanları ilə birgə hər yerdə var idi.

Sonra vaxt zaman keçdi, 2014-də bir #challenge başladılmışdı - ən çox sevdiyiniz 10 roman. Mənim hələ Remarque romanlarıyla yatıb durduğum vaxtlar idi, Farid Huseynli bu kitabı sonuncu sırada xüsusi qeyd eləmişdi ki, 4 dəfə oxuyub. "Əhəhəhəh" eləyib keçmişdim üstündən. :D həm çox marağımı çəkmişdi, həm də bu məşhurluğu kitabdan məni tiskindirirdi.

Kitabın motivinin əzilmiş versiyası kimi oldu oxumaq hekayəm: uzun illər öz vətənimdə oxumaq şansım oldu, kitab çox ucuz qiymətlərə önümə çıxdı, Bakumoz Kitab Evi mənə endirim etmək istədi, imtina etdim. Neçə-neçə şansı geri çevirdim.

Və gəlib Almaniyada, 7 il sonra, amazon vasitəsiylə ikinci əl ucuza aldım. :D

Kitabın sonunda ağladım, aqa. Əvvəl bunu deyim. Çox uzun müddət idi ki belə bir sürətlə kitab oxuyub bitirmirdim. Yaşatdıqları, hiss etdirdikləri.. möhtəşəm idi.

Jeff Winston 1988 ilində infarkt keçirib ölür və 1963 ilində, 18 yaşında oyanır. Önündə necə davam edəcəyini əvvəlcədən bildiyi 25 il var və onu istədiyi kimi yaşaya bilər. Yaşayır da. Amma 1988 ilinə çatanda yenə ölür və yenə dirilir. Bu dünyada bu fenomeni yaşayan tək insan olduğunu düşünür. Ta ki.. Star Wars çəkməli olan George Lucas'ın və Jaws filmiylə tanınmalı olan Stephen Spielberg'in bu işləri etməyib, bu iki dəfə yaşadığı 25 ildə heç eşitmədiyi "Starsea" adlı filmi çəkdiklərini.. və bu filmin produserinin film sənayesində adını heç eşitmədiyi yad bir Pamela Phillips deyə biri olduğunu görənə qədər.

Kitabın tempi, sizi hər səhifədə çaşdırması, emosiya yükü.. Mənə ən çox ləzzət edən bilirsiniz nədi? Ölüb-ölüb geri qayıdan personajın yaşanmışlıqlarınl bizə hiss etdirə bilməsi. 43 yaşında ölüb, 3 dəfə 18 yaşından başlayıb 25 il yaşayan personajın 121 illik həyat təcrübəsi, yorğunluğu..

Mükəmməl idi.

Kitab 1988-ci ildə World Fantasy mükafatını qazanıb. Ürək infarktından ölüb zamanda geri qayıdıb həyatı, zamanı, ümidi, itirilmiş şansları sorğulayan bu hekayəni 2003-cü ilfə müəllif kinoya çevirmək istəyirdi. Təxmin edin nə oldu..

Ürək infarktından dünyasını dəyişdi. :)

Bəlkə də zamanda geri qayıdıb. Bu dəfə 15 il itirmədən o filmi çəkməyi, hamımıza həyata dair dərs verməyi planlayır indi haralardasa. Bilmirəm. Amma bilirəm ki, zamana və bilinməxlik içindəki gələcəyə dair mənə xüsusi bir ümid bəxş elədi.

Mütləq oxuyun.







Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...