Skip to main content

qadağalar, uşaqlar və kitablar


            Əziz Oxucu,
        Keçən gün kitab oxumağa başlama yaşı və səbəbiylə bağlı bir sorğu gördüm. Yadıma düşən hekayələrdən sonra bir sevimli gülümsəmə gəldi üzümə. Endirimdən aldığım iri cildli kitabın çantamdakı ağırlığının xoş duyğusu da vardı üstümdə, çay qırağında oturub  beləcə axdım getdim o illərə.
"Uşaqların təhlükəli olmadığını düşünənlər ya heç uşaq olmamışlar, ya da uşaq olmağı unutmuşlar". #patrickrothfuss #thekingkillerchronicle
           
Hekayədən hekayə doğar. İlk kitab macəramı yadıma saldıqca ondan sonra olanlar, ta universitetə qəbul olana kimi keçən günlər yadıma düşdü. Paylaşmaq istədim, heç yazmayan, uydurduğu hekayələri danışmayan bir kəndin filosofundansa, heç olmasa uşaqlığından danışan bir kəndin filosofunu üstün tutarsan düşündümş
            V sinifdə oxuyanda bacım evə mavi rəngli üz qapağı olan bir kitab gətirdi. Üstündə dalğalarla mübarizə aparan bir gəmi şəkli vardı. Hamımızın uşaqlığının bir parçası olub, yəqin ki, Kapitan Qrantın uşaqları. Bacım kitabı xısın-xısın oxuyurdu. Mavi rəng o qədər cazib gəldi ki, götürdüm, oxudum. O çəkic balığının qarnının yarıldığı, 3 fərqli dildəki məktubun parçalarını yenicə birləşdirməyə başlamışdılar ki,
            Bacım içəri girdi. 
            Kitabı əlimdə gördü, hamınıza tanış olan o bacı-qardaş dava-dalaşından biri başladı. Kitabı alıb şifonerin ən üst köşəsinə qoydu. 
            Nəysə, saatlar ötdü, bütün bacılar televizor qabağında sırayla yerdə oturub TRTdə “Ay savaşçı”sının seyrinə duranda çəlimsiz ayaqlarımı sürüyə -sürüyə otağına süzüldümş Boyum 1 metri keçməzdi. Əldə etməyim mümkünsüz görünürdü. Stulun üstünə çıxıb kitabı götürdüm. Arxalarında divanda oturub ayaqlarımı qarnıma yığdım kitabı dizlərimlə sinəm arasına sığışdırıb oxudum. Bacım fərqinə vardı cizgi film bitəndə. Yenə aldı. Beləcə ilk dəfə kitabxananın yolunu tutdum. Başqa bir yazıda bəhs etdiyim Əlzahir əmi ilə tanış oldum. O kitab da daxil olmaqla onlarca kitab oxudum bitirdim. Tək başlamaq səbəbimsə bacımın məzmunsuz, uşaqcasına qoyduğu qadağa oldu.         
           VIII sinifdə oxuyanda Əlzahir əmi sirr verərmişcəsinə qucağıma “Ovod”u qoydu. Evə gəlib oxumağa başladım, qanımı qaynadırdı kitab. Anam güclü ədəbiyyatçı, ixtisasının bilicisidi, amma analıq sindromu tutdu, kitabı görən kimi aldı. Sənə uyğun deyil deyib kitabxanaya geri qaytardı, Əlzahirə də acıqlandı belə kitablar verməsin deyə. O kitabı oxudum. Gec oldu, universitetin III kursunda oldu. Amma oldu.
             Əlizahir əminin mənə təklif edə biləcəyi latın əlifbasıyla kitabı qalmamışdı. Həm də bir lüğət kitabı it-bat olmuşdu deyə kitabxanadan kitab götürməyimə icazə vermirdi. Beləcə kənd kitabxanasını kəşf elədim. Tanrıverdi dayı xəzinə kimi adam idi. Dəqiq xatırlamıram, deyəsən, dünyasını dəyişib.
            “Əsl İnsan dastanı” ilə orda tanış oldum. Bir SSRİ propaqandası idi, amma Maresyev ilə qanqrena olmuş ayaqlarla o kolluqlarda sürünürdüm, sanki. O duyğunu yəqin ki, sən də bilirsən, əziz oxucu. Xırdalığa gərək yoxdu.
            Bir gün o tozlu kənd kitabxanasında “Spartak” keçdi əlimə. Evə gətirib gizli – gizli oxudum. Amma anamın radarına düşdüm yenə. Geri qaytartdırdı. Amma onu iki il gözləməli oldum. X sinifdə rayonumuzda bir lisey açıldı, qəbul oldum, kitabxanasına girən kimi ilk götürüb ordaca oxuduğum  “Spartak” oldu. 
             Rus dili və ədəbiyyatçısı olan xalam bir gün yanımda “Dekameron”dan danışdı. Gözümün önündə canlandırdım, vəbadan qaçıb bir binaya sığışan 10 nəfərin bir – birinə qəribə hekayələr danışmasını. Çox təkid etdim kitabı versin deyə.
            Vermədi. Üstünə bir də kitabın uzun müddət SSRİ-də qadağa edildiyini öyrənəndə təkidlərim daha şiddətli oldu. Universitetə qəbul olandan sonra verəcəyini dedi. Bəlkə də unudaram düşünmüşdü. Amma universitet nəticəm çıxan kimi qapısında bitdim. Etiraza yer qoymadan kitabı aldım, oxudum.
            Sual bu idi: sizi oxumağa itələyən nə olub?
            Qadağa. Qadağalar bu gün məni olduğum yerə gətirib. Bəzən düşünürəm, qarşılaşdığım o qadağalar olmasaydı, nələr olardı? Jan Valjanı tanıyarmıydım? Tanısam belə, buna önəm verərdim mi? Hər vicdanımla hesablaşmalı olduğum hadisəylə üzləşəndə yerinə həbs olunan adamın ölümünə maneə olmaq qərarını aldığı gecədə özüylə dəlicəsinə etdiyi söhbəti xatırlayardım mı?
            Çox fəlsəfə yürütməyəcəm, sadəcə demək istədiyim odur ki, nəticəsini dəqiq hesablaya bilməyəcəyin qadağalar qoyma, əziz oxucu. Çünki hər ailənin dərdi yaşına uyğun olmayan kitablar oxuyan uşaq olmur. Bəzən o qadağaların təsiriylə bir Kəndin Filosofu yaranır.
Bəzənsə diblərə enən yolun qapısı. 

Comments