Skip to main content

Neil Gaiman - Yolun Sonundakı Okean

 Əziz Oxucu,


7 il əvvəl ən yaxın dostlarımdan biri mənə Neil Gaiman haqqında danışdı. Hekayə anlatımında, zəngin ədəbi mətnlərində və daim gizli bir mesajın ehtimal olunduğu kitablarında necə itdiyindən, heyranlığından dəm vurdu. 




Elə həvəsə düşdüm ki, bir kitabını pdf versiyada tapıb bu söhbətin getdiyi gün evə qayıdanda, 53 nömrəli avtobusun arxa oturacağında oxumağa başladım. O dönəmlər hələ də Erich Maria Remarque oxuyan vaxtlarım idi və müəllifin tərzi, danışdığı hekayəsi mənə yad idi. amma maraq təhlükəli şeydi. Elə həmin gün də kitabı Bakumozla sifariş vermişdim. Bu xatirələri çox aydınlığı ilə xatırlayıram. Yox, ona görə yox ki, o oxuyuşum  məndə möhkəm təsir buraxa bilmişdi, sadəcə kitabı Bakumozdan təslim almağa gedəndə Nizami Kinoteatrı önündəki keçidi istfadə etməyib yolu düzünə keçmişdim, polis əmilər də cərimələmişdi. Kitaba ödəməkçün yanımdakı pulu cərimə kimi ödəyəsi olmuşdum, acısı hələ də çıxmayıb canımdan. 


Əlqərəz, kitabı oxudum.. və bəyənmədim. Hər şey o qədər sirli, o qədər qarmaşıq idi ki, başımı işlətməkdən imtina etdim və yenə Remarque dünyasına qayıtdım. Növbəti görüşümüzdə dostumla kitabdan danışdıq. Cahil özgüvəniylə kitabı bəyənmədiyimi dedim və dostum ağzımın payını verdi. 😅 Kitabın xırdalıqları barədə bir də danışdıq, üfüqüm açıldı. Evə qayıdıb kitabı daha bir dəfə oxumağa başladım.

Bu kitab barədə geniş danışmağa başlamamışdan əvvəl bir faktı etiraf etməliyəm:

"Yolun Sonundakı Okean" ədəbiyyat anlayışımı, bazal səviyyədəki hər mihəng daşını təzələməyə məni məcbur edən kitabdır. Bu kitab sayəsində alışıla gəlmiş tərzdən sıyrılıb çıxmışam, bu kitab sayəsində bəlirgin özəlliyi olan sentimental ədəbiyyatdan sıyrılıb çıxmışam. Bu kitab sayəsində məni böyüdən, inkişaf etdirən kitabların ovuna çıxmaq istəyini içimdə kəşf etmişəm. Ədəbiyyatla bağlılığımı başladan kitab "Kapitan Qrantın uşaqları" idi, amma məni bu məhəbbətə düçar edən "Yolun Sonundakı Okean" oldu. 



Adı kitab boyunca çəkilməyən baş qəhrəmanımız gənclik illərində tərk etdiyi qəsəbəyə qayıdır. Ailədən dünyasını dəyişən birinin dəfni üçün geri qayıtdığı qəsəbədə gəzişməyə çıxır və uşaqlığına dair xatirələr geri qayıtmağa başlayır. Əvvəlcə yaşadığı ev, sonra yaddaşından silinən yol və yolun sonundakı başqa şeylər yenidən xatirələrində canlanır. Ələlxüsus, Hempstock ailəsi və Lettie. 


Daha sonra canlanan xatirələrlə birlikdə  7 yaşındaykən başına gələn, amma hər birini heç var olmamışcasına unutduğu hadisələr yadına düşür. Lettie və evlərinin arxasındakı kiçik göl, Lettie-nin diliylə desək, Okean. Lettie-nin Okeanı. 


Məsumanə bir uşaqlıq xatirəsi kimi başlayan hekayə bir dramaya, qorxu hekayəsinə, cəsarət və itkilərin hüznünüə çevrilir. Könlümdə böyük bir yer sahibi olan o ilk giriş cümləsi ilə başlayır bu hekayə:


"Yeddinci doğum günümə heç kim gəlmədi."


Bu kitabın bir neçə xüsusi tərəfi var: 


  • Personajlarını yaşlandırmaq bir yazıçının ən güclü tərəflərindəndir, hər kəs bunu bacarmır. yeniyetmə yaşlarındakı birini 60lı yaşlarında göstərmək çox çətindi, ona həmin ötən illərin təcrübəsini, zəhmini, müdrikliyini yükləmək. Amma bundan da çətini bir uşağın dilindən uşaq dilinə uyğun hekayə danışmaqdı. Bunu Gaiman mükəmməl bacarır. "The Graveyard Book - Məzarlıq Kitabı" əsərində 1 yaşı belə olmayan uşağın baxışından başlayır romana. Bunu elə mükəmməl bacarır ki, heyran olmamaq olmur. Eynilə bu kitabda da 7 yaşlı oğlanın gözündən yetişkinlərin dünyasına dair incəliklər, qorxunc hadisələrin təsviri, uşağın düşüncələri, mülahizələri. İncə ayrıntılardır, amma kitaba rəng qatmağı bacarır. Bunu "Balaca Şəhzadə"nin pafosu, ya da "Şəkər Portağalı"nın Zezesi kimi çoxbilmişliklə danışan uşağın dilindən etmir, bunu 7 yaşında olmasına öyrəşdiyimiz uşağın diliylə edir. 

  • Kitabın hər yaş qrupuna və hər intelektual səviyyəyə müraciət edə bilmə kimi bir yönü var. Uşaqlar üçün bir pəri nağılı, yeniyetmələr üçün yetişkinlik dərsi, böyüklər üçün bir travma ədəbiyyatı dadındadır. Dərin düşünmək istəməyən bir oxucu üçün axıcı bir sujetə və üsluba sahibdir, amma eşələməyi sevənlər üçün oralarda bir şeylər gizlidir və oxuyuşda insan yeni bir şey tapmağı bacarır, məsələn, ad günü krizisi ilə başlayan hadisələr, xalanın başına gələnlər, pişik hekayəsi, kirayəşinin sonu, qaranlıqla mücadilə, ata problemi və. s. şəklində getdikcə dərinləşən bir travmatizm konsepsiyası deyilmi?! Bu kitabdakıların nə qədəri xəyal məhsulu, nə qədəri reallıq, nə qədəri reallığın bükülməsidir?!

  • Kitab ədəbi olaraq çox zəngin ifadə çeşidliliyinə sahibdir. Mən kitabı 2 dəfə tam, bir neçə dəfə yarımçıq türkcə oxumuşam. Bu gün daha bir dəfə ingiliscə oxudum sona qədər 7 il sonra. Orijinalında o Gaiman üslubu, söz çeşidliliyi, bənzətmələr, fəlsəfi yanaşmalar, mühalizələr. Hər biri çox incə və şairanədir. 



Futbolla maraqlananların yaxından bildiyi bir məsələ var:
Bəzi oyunlarda qalib gələn tərəf çox aqressiv və güclü olur, hesab arasındakı fərqi kəskin açır. Qalibiyyətə gedən yoldakı üstünlüyünü, oyundakı yabanı gücün sərhədsizliyinin fərqinə varırsınız. 

Bəzi oyunlardasa hesab 1 - 1, ya 1 - 0 civarında olur, amma oynadıqları oyun elə gözəl və gözoxşayıcı olur ki, hesabın, qələbənin fərqində olmursunuz, hətta bu vecinizə də olmur. Bəzən uduzursunuz, amma komandanızın bir oyunçusunun cərimə zərbəsindən vurduğu möhtəşəm qol sizə qələbədən daha dadlı gəlir. 

Bax bu kitab həmin o ikinci qrupdan olan kitablardandı. Sujet xətti, personajlar bir Jan Valjan, Raskolnikov ya da Martin İden deyillər, hesabda kəskin fərq qoymurlar, amma özünəməxsusluqlarını qoruyurlar. 

Neil Gaiman xüsusi insandır. 2014-dən bəri mümkün olan bütün əsərlərini oxumuşam az qala. Yazmağı arzuladığım hər şeyi hər stildə yazmağı bacaran, stili, qabiliyyəti və ölümsüzlüyü olan bir yazıçıdır. Ömrünüzdən bir neçə saat ayırın və Gaiman imzalı bir şey oxuyun. 

Kitabına pul vermək istəmirsiniz? Təkcə bu bloqda azərbaycancaya tərəfimdən tərcümə edilmiş bir neçə hekayəsi var. 

Buna da həvəsiniz yoxdur? Youtube üzərindən çıxışları, özünün səsləndirdiyi kitablarını tapın, göz atın. 

Gaimanlanın. Hər birimiz Gaimanlanaq və o sirli dünyada yoxa çıxaq.

7 il sonra yenidən "ömürboyu ən yaxşı" siyahımdakı 5 kitabdan biri olan bu əsəri oxumaqdan, o həyəcanı, sevgini, ləzzəti, sonsuz məhəbbəti içdən duyduğuma, həm də stereotiplərimi qırıb onu orijinal dilində ingiliscə oxuduğuma görə çox xoşbəxtəm. və yenə oxuyacam. Yenə və yenə. 

Yenə. 


P.S Aşağıda Gaiman əminin 2012-ci ildə Philadelphia Universitetində həmin ilin məzunları üçün etdiyi çıxış var. İlhamverici və xüsusi çıxışlardandır. 



Comments

  1. Kitab çox diqqətimi çəkdi . Hansı kitabçılardan əldə edəbilərəm?

    ReplyDelete
    Replies
    1. Bakumoz kitab evi ilə sifariş verə bilərsiniz türkcəsini. Əldə satışda olmasına inanmıram açığı. Sifarişlə rahat gələr.

      Delete
  2. “Okeanımı sevirəm” dedi Lettie.
    “Okean olduğunu desən də o bir göldür” - dedim bunu deyəndə uşaqlığımın bir hissəsinin öldüyünü hiss edərək.

    ReplyDelete

Post a Comment